Azərbaycan əhalisinin sayı – nikahlar və boşanmalar…
Azərbaycan əhalisinin sayı açıqlanıb.
Azlist.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Rəsmi məlumatda bildirilib ki, 2023-cü il iyul ayının 1-i vəziyyətinə hesablanmış əhalinin sayı 10 151 517 nəfər təşkil edib.
Əhalinin ümumi sayının 54,6 faizini şəhər, 45,4 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
2023-cü ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 24146 nikah və 10631 boşanma halları qeydə alınıb.
Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,8-dən 4,8-ə düşüb, boşanmaların sayı isə 1,5-dən 2,1-ə qədər artıb.
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-iyun aylarında ölkə üzrə 53918 doğulan körpə qeydə alınıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 12,2-dən 10,7-yə düşüb.
Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olub. Doğulan körpələrdən 1580-i əkiz, 75-i üçəm, 4-ü isə dördəm olub.