Dünya

Paşinyan dünya liderlərinə eyni xahişlə müraciət edib

Paşinyan dünya liderlərinə eyni xahişlə müraciət edib
9Sentyabr 202316:21

Baş nazir Nikol Paşinyan Qarabağ münaqişəsi zonasında gərginliyin qarşısını almaq üçün Azərbaycan prezidenti İlham Əliyevə “təcili” danışıqlar aparmağı təklif edib.

Paşinyan bu təklifi Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şols, İran prezidenti İbrahim Rəisi və ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı səsləndirib. O, Ermənistan-Azərbaycan sərhədində və Qarabağdakı “təmas xəttində” gərginliyin artması fonunda adıçəkilən liderlərə zəng edib.

Bu barədə “Azadlıq” radiosunun erməni bölümünün ingilisdilli saytı xəbər yayıb. Ermənistan hökuməti bildirir ki, Azərbaycan növbəti irimiqyaslı hərbi hücuma hazırlıq məqsədilə oraya qoşun yığır. Pashinyan cümə axşamı günü beynəlxalq ictimaiyyəti Bakının iddia edilən planlarının qarşısını almaq üçün “çox ciddi tədbirlər” görməyə çağırıb.

“Baş nazir Paşinyan Azərbaycan prezidenti ilə gərginliyin azaldılması istiqamətində təcili müzakirələr aparmağa hazır olduğunu bildirib”, – hökumətin Makronla danışığa dair açıqlamasında deyilir.

Paşinyan həmçinin Makronun iştirakı ilə Əliyevlə 2022-ci ilin oktyabr və 2023-cü ilin may aylarında keçirdiyi görüşlərdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha təsdiqləyib.

Paşinyanın ofisi onun Şols, Rəisi və Blinkenlə ayrı-ayrılıqda söhbətinin mətnini də yayıb. Hər 3 mətn son dərəcə oxşardır. Liderlər Paşinyana “bölgədə sülh və sabitliyin bərqərar edilməsi üçün səylərini” davam etdirəcəklərinə söz veriblər.

Paşinyanın istədiyi kimi, Əliyevlə yeni təmas qurmağa cəhd edib-etməyəcəyi bəlli deyil. Cümə günü Azərbaycanın üç yüksək rütbəli rəsmisi Bakıda yerləşən xarici diplomatlarla görüşərək Ermənistanı “hərbi təxribatları” gücləndirməkdə, sülh danışıqlarını “imitasiya etməkdə” və Qarabağda “separatizmi” qızışdırmaqda ittiham ediblər. Ermənistan Xarici İşlər Nazirliyi bu ittihamları “tamamilə yalan” olduğunu bildirib.

Elbəyi Həsənli, Sürix