Toplum

Azərbaycanın QADIN SƏFİRLƏRİ

Azərbaycanın QADIN SƏFİRLƏRİ
17Oktyabr 202223:31

Prezident İlham Əliyevin oktyabrın 17-də imzaladığı sərəncamla Leyla Yaşar qızı Abdullayeva Azərbaycan Respublikasının Fransa Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
 
Bu təyinatla Azərbaycan Respublikasının xaricdəki qadın səfrilərinin sayı bir nəfər də artıb.

Bəs müstəqil Azərbaycan Respublikasının beynəlxalq arenada apardığı xarici siyasətin həyata keçirilməsinə töhfə verən qadın səfirlər kimlərdi?

Azlist.az saytı diplomatik korpuslara rəhbərlik edən xanımları təqdim edir:

Hazırda Azərbaycanı diplomatiya sahəsində təmsil edən xanım səfirlərdən biri Polşada fəaliyyət göstərir.

Azərbaycan Respublikasının Polşa Respublikasındakı sövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova bu vəzifəyə təyinat alanadək müxtəlif missiyalar həyata keçirib. 


Səfir N.Qurbanova, Vyana Universitetində (Avstriya) Siyasi Elmlər üzrə doktorluq dərəcəsi alıb. Akademik təcrübəsinə, həmçinin Bakı Dövlət Universitetində (Azərbaycan) Beynəlxalq Münasibətlər üzrə magistr dərəcəsi, Qərb Universitetində (Azərbaycan) Beynəlxalq Menecment üzrə magistr dərəcəsi daxildir. Jönköping Beynəlxalq Ticarət Məktəbində (İsveç) beynəlxalq biznes və Nitsa (Fransa) Universitetində beynəlxalq hüquq təhsili alıb.

2004-2007-ci illər arasında N.Qurbanova Azərbaycan Respublikasının Avstriya Respublikasındakı səfirliyində üçüncü katib, daha sonra ikinci katib vəzifələrində çalışıb. 

2010-2013-cü illərdə N.Qurbanova Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı Səfirliyinə təyin edilib, burada müşavir, müvəqqəti işlər vəkili və daha sonra səfir müavini vəzifələrində işləyib. 

2014-2016-cı illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq və İnkişaf Departamentinin direktoru vəzifəsində çalışıb.

2016-cı ildən 2020-ci ilədək Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı sövqəladə və səlahiyyətli səfiri vəzifəsini tutub.

Dr. Nərgiz Qurbanova Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən, 8 yanvar 2021-ci ildə Azərbaycan Respublikasının Polşa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Səfir Azərbaycan Respublikasının Diplomatik Xidmətinin Yüzilliyi (1919-2019) medalı ilə yanaşı, Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ikitərəfli münasibətlərin möhkəmlənməsinə və inkişafına verdiyi töhfəyə görə Bolqarıstan Respublikasının Madara Horseman (Birinci dərəcəli) ordeni ilə təltif edilib.

Dr. N.Qurbanova evlidir, bir övladı var.

***

Azərbaycanın Ukraynadakı səfiri də qadın diplomatdır - Elmira Axundova.

Elmira Hüseyn qızı Axundova 1953 il may ayının 26-da Moskva vilayətinin Ramenskoye qəsəbəsində anadan olub. 

1976-cı ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 

1977-1980-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio verilişləri Komitəsinin rus redaksiyasının müxbiri işləyib. 

1980-1988-ci illərdə Azərbaycan Yazıçılar Birliyində referent, daha sonra məsləhətçi vəzifəsində çalışıb, 1983-cü ildə SSRİ Yazıçılar İttifaqına üzv qəbul edilib. 1988-1990-cı illərdə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı üzrə Şöbəsinin böyük elmi işçisi olub. 


1991-ci ildə yazıçıların qurultayında Azərbaycan Yazıçılar Birliyinin katibi seçilib. Hal-hazırda Azərbaycan Yazıçılar Birliyinin Rəyasət heyətinin və Ağsaqqallar Şurasının üzvüdür. 

Keçən əsrin 80-90-cı illərində Elmira Axundova aktiv şəkildə bədii tərcümə ilə məşğul olmuşdur. Bakı, Moskva, Kiyev, Leninqradda Elmira Axundovanın tərcüməsində Azərbaycan yazıçılarının xeyli sayda kitab və nəsr topluları işıq üzü görüb.

E.Axundova filologiya üzrə fəlsəfə doktorudur (1984).

Elmira Axundova 1990-cı ildən 1998-ci ilədək “Literaturnaya qazeta”nın (Rusiya) Azərbaycan üzrə müxbiri olub, daha sonra respublikanı digər xarici kütləvi informasiya vasitələrində - “Delovoy mir”, “Obşaya qazeta”, “Vek”, “İzvestiya” - təmsil edib. Təqribən 10 il müddətində (1993-2002) “Svoboda” (“Azadllıq”) radiosunun rus xidmətinin müxbiri işləyib.

Elmira Axundova bədii publisistika janrında məhsuldar fəaliyyət göstərir, “Fərmanla əfv olunub...”, “Naşirin qətli”, “Həqiqət anları”, “Əlövsət Quliyev: o, tarix yazırdı”, “Bu bizik”, “Yaşamaq vaxtıdır”, “Şüşə Saray”, “Anar Məmmədxanov. Kapitanın taleyi”, “Prezidentin portreti dəyişikliklər fonunda” kimi kitabların müəllifidir.
 Elmira Axundova “Heydər Əliyev. Şəxsiyyət və Zaman” adlı çoxcildlik roman-tədqiqatın da müəllifidir. 2014–cü ildə bu əsərə görə E.Axundova Dövlət mükafatı adına layiq görülüb.

Onun iki kitabı – “Naşirin qətli” və “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” ukrayna dilinə tərcümə olunub. 

Elmira Axundovanın ssenarisi üzrə respublikada bədii tele- və kinofilmlər çəkilib. 

Elmira Axundova Jurnalistlər Birliyinin “Həsən bəy Zərdabi”, Respublika Yazıçılar Birliyinin “Nəcəf Nəcəfov” və Beynəlxalq Ədəbiyyat Fondunun “Rəsul Rza” mükafatlarına layiq görülüb. 2003-cü ildə Elmira Axundova Azərbaycan publisistikasının inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib, 2005-ci ildə isə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb. 2013-сi ildə Elmira Axundova Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilib.

2018-ci ilin may ayında ona “Xalq yazıçışı” fəxri adı verilib.

Elmira Axundova III, IV və V çağırış (2005-2020-ci illər) Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 2 övladı və üç nəvəsi var.

***

Bu gün Fransaya təyinat alan Leyla Abdullayevanı da yaxından tanıyaq.


Leyla Yaşar qızı Abdullayev
a 1981-ci ildə Bakıda anadan olub.

Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münsibətlər fakültəsində beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr və magistr pillələrində təhsil alıb.   

2002-ci ildən etibarən Xarici İşlər Nazirliyində çalışır. Nazirlikdə çalışdığı müddətdə regional təhlükəsizlik, ölkəmizin regional təşkilatlarda iştirakı, xüsusilə də bu təşkilatlarla siyasi və təhlükəsizlik sahəsində əməkdaşlıq münasibətlərinə məsul olub.  

Azərbaycan Respublikasının NATO yanındakı nümayəndəliyində və Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyində diplomatik fəaliyyət göstərib.  

Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyində (AİDA) direktor müavini  vəzifəsində çalışıb.   

2008-ci ilin oktyabrında Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəisi təyin olunmuşdu.  

Ailəlidir, iki övladı var. Qeyd edək ki, Leyla Abdullayevanın həyat yoldaşı da diplomatdır. O, Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Cəlal oğlu Hüseynovdur.

A.Qorxmaz