Cəbrayılın siması belə olacaq - FOTO
Bu gün Azərbaycanda ilk dəfədir ki, Cəbrayıl Şəhəri Günü qeyd olunur.
Azlist.az-ın məlumatına görə, Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 4-də Cəbrayıl Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək.
Bu əlamətdar günün təsis olunması Cəbrayıl şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Belə ki, bu gün - oktyabrın 4-də şəhərin erməni işğalçılarından təmizlənməsindən 3 il ötür.
Azərbaycan Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarındakı Xüsusi Nümayəndəliyindən verilən məlumata görə, hazırda Cəbrayıl şəhərinin simasının dəyişdirləmis istiqamətində ciddi işlər görülür.
“Təsdiq edilmiş Baş Planına uyğun olaraq Cəbrayıl şəhəri, onun kənd və qəsəbələri tezliklə bütün rahatlıqları özündə ehtiva edən müasir yaşayış məkanına çevriləcəkdir.
Yaxın bir neçə il ərzində isə cəbrayıllılar öz doğma yurdlarına qayıdıb, həyatlarını orada davam etdirəcəklər”, - Xüsusi Nümayəndəliyin açıqlamasında deyilir.
Qeyd edək ki, hazırda Cəbrayıl şəhərinin mərkəzində ilk Yaşayış Kompleksi tikilir.
Mənzil İnşaatı Dövlət Agentliyinin tikdiyi kompleks 7,9 hektarda yerləşəcək 33 binadan ibarətdir.
Dördmərtəbəli və beşmərtəbəli binalarda ümumilikdə 718 mənzil olacaq. Onların 8-nin birotaqlı, 136-sının ikiotaqlı, 8-nin ikiotaqlı studio tipli, 392-nin üçotaqlı, 168-nin isə dördotaqlı olması nəzərdə tutulur. Birotaqlı mənzillərin sahəsi 40-50 kvadratmetr, ikiotaqlı mənzillərin sahəsi 55-90 kvadratmetr, ikiotaqlı studio tipli mənzillərin sahəsi 98-100 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi 90-108 kvadratmetr, dördotaqlı mənzillərin sahəsi isə 110-120 kvadratmetr təşkil edəcək.
Altı kvartaldan ibarət kompleksin inşası sürətlə və keyfiyyətlə həyata keçirilir. Bütün mənzillər tam təmirli olacaq, mətbəx mebeli və qaz plitəsi, su, qaz və elektrik sayğacları ilə təchiz ediləcək. Binalar liftlə və mərkəzləşdirilmiş qazanxana vasitəsilə istiliklə təmin olunacaq.
Yaşayış binaları ilə yanaşı, ərazidə park, sosial-məişət obyektləri, yeraltı və yerüstü avtodayanacaqlar, istirahət guşələri, uşaq oyun və idman meydançaları da istifadəyə veriləcək.
Növbəti mərhələdə Cəbrayılın kəndlərinin bərpası nəzərdə tutulur. Bu il mayın 4-də Cəbrayıl rayonunun Şükürbəyli və Horovlu kəndlərinin, Xudafərin qəsəbəsinin də təməli qoyulub.
Cəbrayıl rayonu 8 avqust 1930-cu ildə təşkil edilib. Cəbrayıl Kiçik Qafqaz dağlarının cənub-şərqində, Gəyən düzü və Qarabağ silsiləsində yerləşir. Rayon cənubdan Araz çayı boyu İran İslam Respublikası ilə həmsərhəddir. Sahəsi 1050 kvadrat kilometrdir.