Dünya

Sülh üzrə Nobel mükafatı Güney Azərbaycanlı fəala verildi

Sülh üzrə Nobel mükafatı Güney Azərbaycanlı fəala verildi
6Oktyabr 202314:00

Sülh nominasiyası üzrə Nobel mükafatı Güney Azərbaycandan olan hüquq müdafiəçisi Nərgiz Mühəmmədiyə verilib.

Azlist.az xəbər verir ki, bu barədə Nobel Komitəsinin rəsmi saytında məlumat verilib. 

Bildirilir ki, Norveç Parlament Komitəsi tərəfindən təqdim olunan mükafatın qalibi bu gün açıqlanıb.

Nərgiz Mühəmmədi əslən Güney Azərbaycanın Zəncan bölgəsindəndir.

1972-ci ildə anadan olub. Məşhur hüquq müdafiəçisi Şirin İbadinin rəhbərlik etdiyi İnsan Haqları Müdafiəçiləri Mərkəzinin (DHRC) vitse-prezidentidir. İlk dəfə 1998-ci ildə həbsə düşən Məhəmmədi sonradan dəfələrlə həbs həyatı yaşamalı olub.  2016-cı ilin may ayında Mühəmmədi Tehranda “ölüm cəzasının ləğvi üçün kampaniya aparan insan haqları hərəkatı” yaratdığına və ona rəhbərlik etdiyinə görə 16 il həbs cəzasına məhkum edilib. 

Nobel Mükafatını da həbsdə olarkən alıb. Mükafat ona "İranda qadınlara zülmə qarşı mübarizəsinə və hamı üçün insan hüquqlarını və azadlığını təşviq etmək üçün apardığı mübarizəyə görə" verilib. Fizika sahəsi üzrə ali təhsil alıb və peşəkar mühəndis olub. O, tələbə qəzetində qadın hüquqlarını dəstəkləyən məqalələr yazıb və yaradılan “Maarifçi Tələbə Qrupu”nun iclasında həbs edilib. 

O, həmçinin dağadırmanma idman növündə fəal olub. Məhəmmədi bir neçə islahatçı qəzetdə jurnalist kimi işləyib. “İslahatlar, Strategiya və Taktika” adlı siyasi esselər kitabını nəşr edib. 1999-cu ildə o, islahat tərəfdarı olan jurnalist Tağı Rəhmani ilə ailə həyatı qurub. Əkiz uşaqları dünyaya gəlib. Çox keçmədən Rəhmani həbs olunub və 14 il həbs cəzası çəkdikdən sonra 2012-ci ildə Fransaya köçüb.  

Nərgiz Məhəmmədi insan hüquqları sahəsində fəaliyyətini davam etdirib. Onun həyat yoldaşı onun Nobel Mükafatı almasını yüksək qiymətləndirib və deyib: "Bu Nobel Mükafatı Nərgizin insan haqları uğrunda mübarizəsini gücləndirəcək. Lakin daha önəmlisi, bu, əslində "qadınlar, həyat və azadlıq" hərəkatı üçün bir mükafatdır". 

“New York Times” nəşri hüquq müdafiəçisinin həbsdən göndərdiyi öz bəyanatını da dərc edib. Məhəmmədi demokratiya uğrunda mübarizəsini heç vaxt dayandırmayacağını bildirib. O qeyd edib ki, aldığı mükafat onu daha möhkəm və qətiyyətli edəcək.