Əhalimizin sayı: doğulanlar, ölənlər, boşananlar, nikahlar...
Bu il sentyabr ayının 1-i vəziyyətinə hesablanmış əhalinin sayı 10 163 176 nəfər təşkil edib.
Azlist.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Əhalinin ümumi sayında şəhər əhalisinin xüsusi çəkisi 54,6 faiz, kənd əhalisinin xüsusi çəkisi 45,4 faiz, kişilərin xüsusi çəkisi 49,8 faiz, qadınların xüsusi çəkisi isə 50,2 faiz olub.
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bu ilin yanvar-avqust aylarında 33836 nikah və 14544 boşanma halları qeydə alınıb.
Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 6,0-dan 5,0-a düşüb, boşanmaların sayı isə 1,5-dən 2,2-yə qədər artıb.
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin 8 ayı ərzində ölkə üzrə 75623 doğulan körpə qeydə alınıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 12,3-dən 11,2-yə düşüb. Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,3 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,7 faiz olub.
Doğulan körpələrdən 2288-i əkiz, 99-u üçəm, 4-ü isə dördəm olub.
2023-cü ilin yanvar-avqust ayları ərzində ölkədə 40472 ölüm halı qeydə alınıb.
2022-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 6,2-dən 6-ya düşüb.