Qucaqdan düşməyən müğənnilər...
Əvvəllər atalar valideynlərinin yanında azyaşlı övladlarını qucaqlarına almazdılar ki, camaat nə deyər?!
Camaat dedikləri el-oba, kənd-kəsək idi. Böyüyə hörmət, kiçiyə məhəbbət vardı. Heç kim böyüklərin yanında əndazəni aşmaq istəmirdi...
Bibim qızı Kamilə xanım danışır: “Mən ana olanda həyat yoldaşım Kuybışevdə işləyirdi. Ona oğlumuzun üzünü görmək bir neçə ay sonra qismət oldu. Mən o vaxt kənddə idim, qayınatamla, qayınanamla birlikdə yaşayırdım. Yoldaşım Kuybışevdən gələndə hamı evdə idi. O, ata-anasına hörmət əlaməti olaraq, uşağı məndən almadı. Nəinki üzündən öpməyə, hətta qucağına almağa da utandı. Körpənin saçına sığal çəkməklə atalıq borcunu yerinə yetirmiş oldu".
Kamilə xanım çoxdan oğul evləndirib, qız köçürüb. İndi nəvələrinin sevimli nənəsidir. 40 il əvvəl kəndi necə tərk edibsə, yenə eləcə təmiz, səmimi, saf qalıb. Bir dəfə dedi ki, ay Seymur, uşaqla bağlı bu hadisəni danışanda indiki cavanlar mənə gülürlər, hətta öz aralarında pıçıldaşırlar ki, bunlar nə avam olublar...
Mən kifayət qədər oxumuş, müasir adamam. “Gəlin evin süpürgəsidir” təfəkküründən çox-çox uzağam. Hesab edirəm ki, hər bir insan, xüsusilə müasir gənc müstəqil qərar vermək hüququna malik olmalıdır. Amma bir şərtlə ki, müasirliyi abırsızlıqla dəyişik salmasınlar.
Gənclərdən yazmağıma baxmayın, sözüm qocalaradır. Bəli, o, həqiqətən qocadır. Nə az, nə çox düz 60 yaşı var. Bu yaşda insanlar gənclərə nümunə olmalı, yol göstərməlidirlər. Bəs bizim Musa müəllim nə edir? Yəqin çoxunuz görmüsünüz. Görməyənlər üçün yazıram: Canlı efirdə həyat yoldaşı Təranə Qumralı qucağına alır.
Biz onsuz da televiziyalardan əlimizi üzmüşük. Tutaq ki, sənə hər cür şərait yaradıblar, hətta dombalaq aşmağa belə icazə verirlər. İndi sən dingişlik etməlisən?!
Əməkdar artist Mətanət İsgəndərlinin mənim yaşım qədər səhnə təcrübəsi var. İnsafən pis müğənni deyil, bəzən “sarı sim”ə toxuna bilir. Amma son vaxtlar ancaq şəxsi həyatı, ailəsindəki qalmaqallarla gündəmə gəlir. Bu gün isə hansısa verilişdəki hərəkəti ilə gündəmi zəbt edib. Yazının əvvəlində təqdim etdiyimiz şəkildən görünür ki, Mətanət xanım hansısa aparıcının qucağındadır...
Əvvəllər müğənnilər səhnədən düşmürdülər, indi isə qucaqdan düşmürlər. Əlbəttə, kim hara istəsə çıxa, düşə bilər. Amma elə hərəkətlər var ki, onu gizlin etmək lazımdır. Yoxsa övladın, hətta nəvən yaşında olan gənclərin qınağına tuş gələcəksən. Üzünüzə deməsələr də, arxanızca belə deyəcəklər: “İndiki qocalarda abır-həya qalmayıb”.
Seymur VERDİZADƏ