Yaş 70-ə çatan kimi deyirlər, niyə ölmürsən...
Seymur Verdizadə
Co Bayden 86 yaşına kimi ABŞ prezidenti olmaq istəyir.
Bilirsiniz, bu nə deməkdir?
81 yaşlı Bayden əmi gələn ilin noyabrında birinci prezidentlik müddətini başa vurub ikinci dəfə Ağ Evin "sükanı" arxasına keçmək istəyir.
Ömrünün doqquzuncu onilliyini xırdalamağına baxmayın, canı hələ suludir. Əmin olun ki, amerikalılar etimad göstərsə, ən azı 2028-ci ilə kimi dünyanı barmağına sarıyacaq. Bu, amerikalıların köhnə peşədir...
Təxminən 15 il əvvəl cəmi 15 gün ABŞ-da səfərdə olan həmkarım düz 25 gün təəssüratlarını bizimlə bölüşdü. Onu ən çox heyrətləndirən 83 yaşlı nənənin gecə 12-də gözünü qırpmadan maşın idarə etməsi idi. Hər dəfə qarşılaşanda eyni sözləri deyirdi: "Zalımın qızı 15 gündə bir dəfə eynək taxmadı. Sanki onun 43, mənim 83 yaşım vardı".
Arvadda həvəsə bax, ha! Bakıda avtobusa minməyə pul tapmayan azərbaycanlı jurnalisti düz 15 gün Nyu Yorkun izdihamlı küçələrində sağdan sola, soldan sağa gəzdirib...
O vaxt soruşanda ki, axı bu nənənin marağı nə idi səni - hətta Əhəd Abıyevin də adam yerinə qoyub müsahibə vermədiyi bir jurnalisti hər gün maşınında gəzdirir - həmkarımın cavabı belə olmuşdu: "Nənə dediyin həmin qadın könüllü qrupların birində təmsil olunurdu. ABŞ-da könüllülərin heç bir marağı olmur. Onlar bu işdən zövq alırlar".
Azərbaycanda 83 yaşlı insanlar niyə könüllülük fəaliyyətilə məşğul olmurlar?
Bilirəm, çox zilə qalxdım...
Əvvəla, Azərbaycanda 83 il yaşamaq hamıya nəsib olmur. Ehtiyac və stress üzündən bizim ölkədə 60-ı keçən kimi insanların qəddi əyilir, əlləri əsir, gözləri tor görməyə başlayır. Onun özünün könüllülərin qayğısına ehtiyacı olur.
Yetmişi keçənləri isə az qala borclu çıxarırlar ki, niyə ölmürsən?
Tələbə yoldaşlarımızdan birinin babasının 80 yaşı vardı. Hər dəfə görüşəndə uşaqlar deyirdilər ki, 10 ildir o biri dünyada babana "qayıb" qoyurlar.
Çox yaşamaq üçün ilk növbədə yaxşı yaşamaq lazımdır. Stress, sıxıntı, məişət qayğıları azərbaycanlıların ömrünü için-için yeyir. Yəqin ki, ölən adam haqqında bu cür sözləri çox eşitmisiniz: "Çinar boyda adam idi. Birdən-birə yıxılıb öldü".
Amma heç kim bilmir ki ehtiyac bu "çinar"ı çoxdan için-için yeyib qurtarıb...
P.S. Biz çinli, ya da hindistanlı deyilik ki, dünyanın yarısını tutaq. Sayı indi 10 milyona çatan xalqımıza bu ucsuz-bucaqsız dünyada yaşamaq üçün həmişə yer var. Yetər ki, yaşamaq üçün stimul olsun.
P.P.S. Stimul olsa, bəlkə bir gün də gecə 12-də gözünü qırpmadan maşın sürən 83 yaşlı könüllülərimiz də olar...