Bu gün qəlyan çəkən sabah nəşə çəkər...
Seymur Verdizadə
Məşhur lətifəni eşitmisiniz?
Eşitməyənlər üçün yazıram: Qısqanc ər həyat yoldaşını döymək üçün hər gün müxtəlif bəhanələr uydurur.
Döyülməkdən bir dəri, bir sümük qalan zavallı qadın ərinin bəhanələrini aradan qaldırmaq üçün gecə-gündüz çalışır. O, yekəqarın və yekəbaş ərinə etdiyi jestlərlə ideal arvada çevrilir. Özü kimi sözü də mənasız olan kişi ömür-gün yoldaşını döymək, söymək üçün ağlasığmaz üsullara əl atır.
Bir gün işdən gələndə həyat yoldaşından otağın işığını niyə yandırmadığını soruşur. Xanımı havanın hələ işıqlı olduğunu, əlavə elektrik enerjisi sərf etməyə lüzum olmadığını deyir.
Kişi boğazının qalın yerinə salıb qışqırır: "İşığı yandır!”.
Zavallı qadın dərhal davakar ərinin əmrini yerinə yetirir.
Amma dialoq bununla yekunlaşmır. Qısqanc ər bu dəfə tamam fərqli əmr verir: “İşığı söndür".
Beləcə, "söndür", "yandır" əmri ard-arda altı dəfə təkrarlanır.
Qısqanclığı xəstəlik həddində olan, intellekti toyuğun intellektindən fərqlənməyən kişi söhbətə belə nöqtə qoyur: "Sən dayanmadan işığı yandırıb söndürməklə kimə işarə verirsən?".
Yəqin ki, bivec kişilərin xarakterinə bələd olanlar bu söhbətin sonunu təsəvvür etməyə çətinlik çəkmədilər. Çətinlik çəkənlər üçün yazıram: Bir şillə, iki təpik...
Biz bu lətifə qəhərəmanının müasirləriiyik. Döyməsək də, söymək üçün həmişə bəhanə axtarırıq...
Deputat Razi Nurullayevi tanıyırsınız?
Tanımayanlar üçün yazıram: Deputat olmazdan əvvəl prezidentliyə namizəd olub.
Ondan əvvəl də müxalifətçi olub.
Cəmiyyətin rəğbətini qazanmaq üçün Siyavuş Novruzovdan xalqa bir köynək yaxın olub.
Razi müəllim səmimi adamdır. Məsələn, bir müddət əvvəl mənim uşaqlıq və yeniyetməlik dövrümü yaşadığım doğma Cəbrayıl rayonuna səfər etmişdi. Bakıdan özü ilə apardığı kömürlə samovar qaynadıb çay içmişdi...
Bu yaxınlarda isə çiçək tarlasında şəkil çəkdirib, "mən Qazan oğlu Tural deyiləm" yazmışdı. Beyrəyi namərdcəsinə arxadan vuran Yalıncıq olmaqdansa, sevgilisinə çiçək dərən Tural olmaq yaxşıdır...
Amma nədənsə, onun bu mesajı doğru anlaşılmamış, yanlış yozulmuşdu...
Dünən Günəş dağların arxasından boylanmağa fürsət tapmamış fürsətçilər Razi müəllimi yıxıb-sürüməyə bəhanə tapdılar. Deputatın qəlyan çəkərkən çəkdirdiyi şəkil çoxlarını qıcıqlandırıb. Sosial şəbəkələrdə o qədər şərh var ki... Biri eynən belə idi: "Bu gün qəlyan çəkən sabah nəşə çəkər".
Bahalı kostyum geyinib qırmızı qalstuk taxan yekəxana deputatların at oynatdığı ölkədə qəlyan çəkib şəkil çəkdirmək çoxmu böyük qəbahətdir?
Qəlyan çəkmək, pis vərdişləri təbliğ etmək qəbahətdir.
Amma bu yalan danışmaqdan, seçicini aldatmaqdan daha böyük qəbahət deyil...
Kaş, deputatlarımızın tək suçu qəlyan çəkmək olaydı...