Yazar
Kimdi Şəms Təbrizi?..
Həmid Herisçi
Məzarı indi Güney Azərbaycanın Xoy şəhərindədir. Bir də milyonların ürəyində.
Məzarı indi Güney Azərbaycanın Xoy şəhərindədir. Bir də milyonların ürəyində.
O, Cəlaləddin Rumini görüncə "Məni, tap!" deyərək qeybə çəkilmişdi. Rumi də dəfələrlə onu həm tapdı, həm də itirdi.
Formalizmi, bütün şərtilikləri inkar etdiyi səbəbdən şeirlərini yazmır, Rumi kimilərə hədiyyə edirdi.
Böyük sufi Nəcməddin Kübranın tələbəsi Baba Cundadan dərs almışdı. Bu məktəb isə çiləxana təcrübəsi istəyir. Yəni, görünür o, dəfələrlə çilləxanaya girmiş, aylarla orda tək-tənha, Allahla təkbətək qalmışdı.
Şəmsdə "KSENOQLOSSİYA" fenomeni vardı. Yəni, öz-özünə, qəfil yad dillərdə sərbəst danışmağı bacarırdı. Ancaq özü də bu qəribəliyə heyrandı...bunu, möcüzə sayardı. Ksenoqlossiya, İsa peyğəmbər apostollarında, xavərlərində də müşahidə edilib. İsanın qeybə çəkilməsinin 50-ci günündə bu xavərlər qəfil, bilmədikləri dillərdə danışmağa başladılar. Müasir Xristian Apostol kilsələri bu fenomendən yaranıb, biləsiz.
Şəmsin, işrakilərlə, yəni İlahi nuru axtaranlarla güclü əlaqə telləri mövcudmuş.
İşrakilər, pirlərin, minarələrin qübbəsinə güzgü yerləşdirir, ilk günəş şüalarını bu yolla, təbiətin özündən əvvəlcə, müxtəlif istaqəmətlərə yönləndirərdilər. Xəbər-filanları da beləcənə, uzun məsafələrə yayardılar. Belə güzgülərdən biri haqda mən, Beyləqandakı "Cərcüs peyğəmbər" pirində xeyli söhbətlər eşitmişəm.
Şəms, bu poçt, xəbər yollarından geniş istifadə edərdi. Rumi ilə əlaqəsi də bu yollardan, ünvanlardan keçirdi.
O, qədim Azərbaycanın "KUDƏKİYYƏ" məktəbi məzunuydu. "Kudəkiyyə, indiki dillə desək, vunderkind, istedadlı uşaq deməkdi.
Belələrini işrakiyyə dərvişləri bütün ölkədə axtarır, tapınca, bir çox gizli mətləblərin cavabını məhz bu uşaqlardan soruşardılar.
Bu, qədim Tibetdəki "Balaca budda, balaca muğ" misteriyasının bir növ bir başqa versiyasıydı məncə.
Qayıdaq Nəcməddin Kübra məktəbinə. Nəcməddin Kübra öz müəllimi Əmmar Bitlisi ilə təkcə eyni realığı deyil, həm də eyni yuxuları bölüşərmiş. Şəms də o cümlədən, belə yuxuları Cəlaləddin Rumi ilə bölüşüb. Hə..bir var eyni reallığı görmək, bir də var eyni yuxuları görmək. Şəms, gördüyümüz kimi, hər iki aləmə girməyi bacarırmış. Elmdə bu cür eyni yuxulara "qipogen yuxular" deyilir. Bu fenomeni son dəfə öyrənən şəxs ABŞ parapsixoloqu Devid Uilkokdu.
Şəms, ölməyib. Məzarı, məncə şərtidi.
Ürəklərdədir indi də Şəms Təbrizi.
Həəə...lap unudacaqdım az qala. O məzarları yox...könülləri ziyarət etmək tərəfdarı idi, biləsiz.
Məzarına o qədər də inamayın.
Şəms, hər an gəlib diri-diri sizlə söhbətləşə bilər axı.
Hə...bunu da unudacaqdım az qala. O, quş dilində yazıb yaradıb. Danışıb hətta.
Bəli, məhz ilahi quş dilində.