Hacı Şahinin “NİDA”SI
Həmid Herisçi
Mehriban, gülərüz Hacı Şahinlə biz yanvar ayının lap soyuq vaxtları, ofisinin önündə, qışın oğlan çağında görüşdük.
Şaxta ikimizi də qılınc kimi kəsirdi, yadımdadı.
Hacı soyuqdan üşüsə də, salamlaşdığımız an ovcunun istiliyini hiss edib, qeyri-ixtiyari, düşündüm: “Görəsən söhbətimizin canında da bu istiliyi, qorumağı bacaracaqmı?”
Tərslikdən, ofisi də çox soyuq idi.
Həmsöhbətimi diqqətlə nəzərdən keçirirəm.
Saqqallı deyil, belə deyək, üzü tüklüdür.
Dindar cameənin hərəkətlərində, sifətlərində, söhbətlərində rast gəldiyimiz yeknəsənglik Hacıya yaddır. Təhsilini mədrəsələrdə deyil, ev şaraitində alması ilə bağlıdır məncə bu özəlliyi...
Seyid Mələk
- Nənəm Seyid Mələk kimi tanınırdı. Aşura günləri qolumdan yapışıb məni məscidə aparmağı yaddaşıma əbədi həkk olunub. Barmaqlarının istisini, izini hələ də... hələ dəəllərimdə hiss etməkdəyəm. Göyçayın Alpaud kəndində dini mərasimlər sovet vaxtlarında belə xüsusi təntənə, izdihamla müşayiət olunardı. Bu izdihamlı kütlənin ən kiçik zərrəsi o vaxt görünür bir məndim, bir də mehriban, inanclı, ağzıdualı nənəm. Alpaud məscidində baş yarıb qanına qəltan olan ağ kəfənli mərasim iştirakçılarını ilk dəfə görərkən yadımdadı, nənəmin əl dırnaqları bədənimə azca sancılıb orda öz əbədi izini qoydu. İndi də ən çətin vaxtlarımda elə bilərəm ki, nənəm yanımdadı, əlimi sıxır, dırnaqları ətimə sancılır. Bax bu lap möcüzədir - hərdən bu dırnaqların izi əllərimdə lap aydın peyda olur elə bil. Anidən baş verir bu... qəfildən. Nə bilim, bəlkə çox aldadıcı bir hissdir bu...
Şahinin bu uşaqlıq xatirələrinə kinorejissor gözüylə baxmağa çalışıram.
Təsəvvür edin - sovet dövrü... kənd məscidi... Aşura mərasimi. Yumru papaqlı milislər mərasim iştirakçılarını üzük kimi mühasirəyə alıblar. Hər dəfə qılınc-qəmələr saf, ağ-appaq alınları tən ortadan yaranda, Seyid Mələyin dırnaqları balaca Şahinin totuş əlinə sancılır. Sinxron baş verir hər dəfə bu. Dəfələrlə təkrarlanır.
Qəmələr alınlara sancılır, nənələrin iti dırnaqları nəvələrinin əllərinə...
Uşaqlar diksinib, uşaqlıqdan ayılırlar.
Böyüklərin ağrısını az da olsa, ilk dəfə öz bədənlərində hiss edirlər...
Mükəmməl kinokadrlardır.
Qəşəng bir adsız filmin ilk kadrları kimi görürəm indi mən bu təsirli səhnəni.
- Gəlin bunu Seyid Mələk xanımın kəraməti bilək. Ruhu tənha buraxmır daaa, sizi. Əlamətlərini, rəmzlərini göndərir sizə - deyib, Hacının cavabını gözləyirəm. Deyəsən istədiyimə çatmışam.
Hacı Şahin həyatda üzləşdiyi ilk “müəmma” barədə öz canlı, təsirli söhbətini danışır indi bizə, şükür.
O, tez-tez sükuta qapanıb, öz daxili aləminə çəkilənlərdəndi.
Söhbətimizin bax bu incə məqamında, nöqtəsində, həə… həmin “özünə qapanma”yla ilk dəfə tanış olmaq imkanı qazanıram.
O, özü də bilmədən bir neçə dəfə oxşar “sükut fasilələri” yaşayıb, mənə onu kənardan müşahidə etmək şəraiti yaradacaq.
Buyurun baxın, bu da Hacı Şahin portretinin ilk ştrixləri - gözlərinin zilləndiyi səmtdən elə biləsən ki, qeyb aləmi başlayır.
Qaçılmazdı bu.
Deyərdim ki, labüddü.
Hadisə həyatının əsgərlik günlərində, düşmənlə təmas xəttində, səngərdəykən, baş verib.
Silahlı kölgə
- Əsgərliyimi Tərtərdə, ön cəbhə xəttində keçirdiyim adi günlərdən biriydi. Yorulmuşdum azca. Hava çox bürküydü-nədi bilmirəm, ancaq qəfildən əlimdə sıxdığım silahıma söykəndim. Göz qapaqlarım başladı titrəməyə. Bir dəfə dəf etdim bunu, iki dəfə... Düşmən tərəf bizə lap yaxın idi, aramızdakı qısa məsafə iki yüz addım ola-olmaya... Alaqaranlıq gözlərimi qamaşdırırdı. Qarşımda bir əşya, bir mənzərə, ot, ağac da yox idi ki, onlara baxıb gerçəklik hissini itirməyim. Qürub vaxtıydı. Günəşin son şüaları, silahlı kölgəmi düşmən səngərlərinə qədər uzatdı qəfil. Bu kölgəm təkcə mənim öz hərəkətlərimi təkrarlamırdı elə bil. Özbaşına da bəzən hərəkətlər edirdi...
- Nə oldu sonra? - Şahini tələsdirməyə çalışıram.
O da bunu hiss edərək nitqinin surətini artırır.
- Bu vaxt mənim üzümə elə bil lal, sözsüz bir qəti hökm oxundu. Qeybdən gəldi həmin hökm. Telepatik mesaj idi sanki. Eşitdim ki, gələn il bu vaxt Məkkədə, müqəddəs hərəmin ərazisində olacam.
- Sonra? – mövzu məni tutub. Sualımı qısa edirəm ki, Hacıya mane olmayam.
- Sonra heç nə... qəflədən bərk xəstələndim. Xəstəliyimə görə ordudan tərxis olundum. O telepatik mesajı, silahlı kölgəmi, artıq unutmuşdum tamam. Məişət qayğılarından başımı lap itirmişdim. Bir də eşitdim ki, kimsə məni Həcc səfərinə göndərir. 1997-ci il idi. O vaxtlar Həcc səfərlərinə gedənlərin siyahısı çox məhduddu. Nəysə... Əvvəlcə Kərbəlanı ziyarət etdim. Gəldik Məkkəyə. Müqəddəs Hərəmin ərazisinə elə təzəcə qədəmlərimi qorxa-qorxa basırdım ki, qəfil səksənib diksindim. O mesajı ikinci dəfə öz daxilimdən eşidib şaşırdım. Ətrafımda o silahlı kölgəmi axtardım bir an. Gözlərim yaşardı, yadımdadı. Xeyli ağladım.
- İslamda Allahdan bəndəyə “bəyanat, nida, vəhy, ilham” kimi halların gəlməsi, şərtdi. Sizcə bu nəydi? - astaca öz sualımı pıçıldayıram.
Hacı tələffüzümü göydə tutur.
Eyni ahənglə cavab qaytarır mənə:
- Bu... bu... bu, bilirəm nəydi. Bu, nidaydı...
- Nədir özəlliyi nidanın? - təmkinimi pozmadan mövzunun ardını, davamını tələsdirirəm.
- Nida qəfil gəlir. Qəti hökm kimi. Eşidib unudursan. Hökm həyata keçdiyi an, qəfil o nida yenidən, sonuncu dəfə daxilində səslənir.
- O vaxt suallarınızı siz, qeyb aləminə yad səslə ünvanlayıb, aldığınız cavabları öz səsinizin ifasında dinləyirdiz, eləmi?
- Təxminən. Bunu hardan bildiz? - Hacı cürətlənib səsinin qalınlığını artırır.
- Bu sahədə təcrübəm var. Oxşar lal nidaları mən də eşitmişəm.
- Belə de... - Hacının susqun, ifadəsiz tüklü sifəti sanki bu an dirilib nurlanır. – Görünür, təsadüfən görüşməmişik bu gün biz.
- Cürət edib, ətrafımıza yaxşı baxsaq, o silahlı kölgənin zəif əksini də bəlkə divarlarda görərik –söhbətimizin sirli ovqatını sanki artırmaq istəyirəm.
Hacı Şahin:
- O heç vaxt bizdən uzaqda gəzmir ki – deyib, azca gülümsəyir. Amma təmkinini itirmir.
Elə, ciddiliyini də…