Yazar

Azərbaycan əkskəşfiyyatının ilk əməliyyatları

Azərbaycan əkskəşfiyyatının ilk əməliyyatları
8Noyabr 202223:46

Həmid Herisçi

Yelezaveta Smıslova, Azərbaycan əks-kəşfiyyatı tərəfindən ölkəmizdə həbs edilmiş ilk casusdu.

Hollivud filmlərinə layiq bu dedektiv süjet hələ uzaq 1919-cu ilin 29 mart tarixində Gəncədə baş verib.

O vaxt Novruz bayramı ərəfəsində Gəncədəki hotellərə həmişəki kimi Rusiyadan xeyli qonaq gəlir. Penza şəhəri sakini, sarışın fotomodel Yelizaveta İvanovna Smıslova belələrindən yalnız biriydidi.

1919-cu ilin Novruz şənliklərindən sonra 27 yaşlı yasavul Səməd bəy Yusufov öz adını bu qadının şifrəli dəftərçəsində görüb qəfil diksinir. Sevgilisi barədə axır bir acı qənaətə gəlir ki, sən demə, bu qadın casusdur və Azərbaycan ordusu haqda dəftərçəsinə topladığı şifrəli məlumatları vaxtaşırı rus kəşfiyyatına ötürür.

Özündə qəfil əks-kəşfiyyatçı istedadı aşkarlayan yasavul Səməd bəy elə həmin gün Azərbaycan ordusunun Baş Qərargah rəisi general-leytenant S.A. Sulkeviçə yazılı müraciət edir. Tezliklə cavab alır: “Fotomodeli izləyin. Hər növbəti addımı barədə bizi xəbərdar edin”.

Yasavul Səməd bəy Yusufovun öz sevgilisi Smıslova ilə münasibətlərində özünü elə ilk dəqiqələrdən həqiqi, anadangəlmə kəşfiyyatçı kimi aparması, bəli, o vaxt aidiyyəti qurumları xeyli təəccübləndirir. General-leytenant Sulkeviç qərara gəlir ki, Azərbaycan ordusunda, Daxili İşlər Nazirliyində Əks-kəşfiyyat şöbəsi yaradıb rəhbərliyini tapşırmaq lazımdı yasavul Səməd bəy Yusufova. 31 mart 1919-cu ildə o, daxili işlər nazirinə bu barədə geniş məzmunlu bir məktub ünvanlayır: “General S. B. Mehmandarov məndən nə vaxtdır xahiş edir ki, öz idarəmdə Əks-kəşfiyyat şöbəsi yaradım. Bu məqsədlə mən yasavul Səməd bəy Yusufovu Bakıya ezam edirəm. 1520 saylı teleqramda göstərdiyim kimi, o, Gəncədəki rus casuslarının izinə düşüb. İpucları təkcə Gəncə ilə kifayətlənmir. Gedib çıxır Bakıdakı rəsmi dövlət qurumlarına. Qısası, əks-kəşfiyyat bölmələrini orduda, mülkü idarələrdə yaratmasaq, düşmənlərimiz tərəfindən labüd ölümə məhkumuq. Əks-kəşfiyyat işini ancaq ən seçilmiş Azərbaycan zabitlərinə həvalə etmək olar. Bu sahəni erməni, rus mütəxəssislərinə qətiyyən etibar etmək olmaz. Cümhuriyyətimizə sonsuz sədaqət...bax budu bizim ana hədəfimiz”.

Səməd bəy Yusifovun səlis ruscası, zadəgan ədaları fotomodeli aldadır. Qadın elə bilir qarşısındakı rus zabiti İvanov Georgiy Aleksandroviçdi.

Smıslova ağqvardiyaçı general Denikin kadrlarındandı. Bildiklərini ağqvardiyaçıların qərargahına ötürür, birbaş ordan təlimatlandırılırdı. Azərbaycanda rus kəşfiyyatının qurduğu şəbəkəyə çoxlarını cəlb etməyi bacaran bu qadın, növbə yasavul Səməd bəy Yusufova gəlincə, möhkəm büdrəyir.

Dindirmə zamanı rus zabiti İvanovun saxta maskasını sifətindən çıxaran yasavul Yusufov öz sevgilisini şoka salır əvvəlcə. Öz həqiqi adını dilinə gətirir. Bu psixoloji zərbəsi ilə Smıslovanı əməlli-başlı sarsıdır.

Kənar müşahidəçilər-kiçik zabit Ağalarov, mütəxəssis İ. İ. Viktoroviç bu mənzərəyə xüsusi diqqət verirlər. Qeyd edirlər yasavul həm də yaxşı psixoloqdur. Dindirmələrdə iştirakı vacibdir. İkinci bu cür əks-kəşfiyyatçını analar hələ doğmayıblar Azərbaycanda.


Araşdırmaların bütün sənədlərini bir qalın qovluğa yığan general Mehmandarov daxili işlər nazirinə aşağıdakı teleqramını göndərir: “Könüllü Rus ordusuna, general Denikinə, habelə ermənilərə işləyən casus Yelizaveta Smıslova Gəncədə ələ keçib. Onu ilk növbədə Gəncədə inşa etdiyimiz cəbbəxana, silah-sursat anbarları barədə məxfi məlumatlar maraqlandırıb. Gəncə qarnizonunda şəbəkənin bir başqa üzvləri də aşkarlanaraq həbsə atılıb. İşlə əlaqədar Bakıda növbəti həbslərin keçirilməyi vacibdir. Siyahını şifrəli mətnlə məktubuma əlavə edirəm”.

2 aprel 1919-cu ildə, gecə vaxtı, Musavat əks-kəşfiyyatı Çernışevlərin Bakıdakı mənzilində axtarış keçirib məxfi seyfdə Denikin kəşfiyyatının tam arxivini aşkarlayırlar.

Əməliyyat-axtarış tədbirləri zamanı ilk Azərbaycan əks-kəşfiyyatçıları xüsusi istedadlarını dəfələrlə nümayiş etdirib düşmənlərini təəcübləndirirlər. Sənədlər ayrıca dəst-xətt ekspertiziyasından keçirilir misal üçün. Bəlli olur ki, bu sənədlər kimin, hansı gizli agentin qələmindən çıxıb. İzi götürən bizimkilər gəlib çıxırlar Dokuçayev adını daşıyan bir zabitin məxfi mənzilinə.

Əməliyyatçılar kiçik detalları belə nəzərdən qaçırmayırlar. Məhz bu xırdalıqlardan start götürərək böyük cinayətlərin arxasınca düşürlər. Şifrələri deşifrə edib gizli mətnlərin mənasını anlayırlar.

Xəzərin digər sahilində-indiki Aktau şəhəri ərazisində o vaxtlar çox güclü radioqovşağı vardı. Ağqvardiyaçılar məhz bu ünvandan Moskvadan tutmuş Tehrana qədər böyük ərazini öz nəzarətləri altında saxlayır, bölgədəki real vəziyyət barədə məlumatlar əldə edirdilər. Sonra bu məlumatları Bakıdakı Britaniya nümayəndəliyinə satırdılar. Talış-Muğan bölgəsindəki rus malakan kəndləri, habelə Gürcüstan hökuməti ilə Bakı arasındakı məxfi əlaqələr də, sən demə, rus kəşfiyyatının tam nəzarəti altındaymış.

Rus kəşfiyyatı Bakıdakı xəbərçiləri ilə 12 piləli qonorar sistemi əsasında iş görürdü. Birinci dərəcəli xəbərə 5 manat pul verilirdi. Ən vacib sənədlər ayrıca dəyərləndirilirdi. Məsələn, Müsavat nazirləri arasındakı dedi-qodulara bir dəfə 1000 manat pul verilmişdi. Nə idi bu informasiya? Allah bilir, ancaq biz bilmirik. Görünür, dedi-qodular çoxmuş o zaman, bizim milli qəhrəmanlar arasında...

9 noyabr 1919-cu ildə baş verən hadisələrə general Denikinin münasibəti rəsmi sənədlə Bakıya göndərilir. Sənəddə Denikin Azərbaycandakı bütün rus zabitlərini ölkəni tərk etməyi əmr edir: “Azərbaycan hökuməti rus ordusuna qarşı açıq düşmənçilik sərgiləyir. Zabitlərimizi kütləvi şəkildə həbsə alaraq qazamatlarda çürüdür. Azərbaycan habelə xaincəsinə Ermənistan ərazisinə ordu yeridib”.

Qısası, ənənə davam edir.

Azərbaycan əkskəşfiyyatının ilk start meydançası, sərrars atəşi gördüyümüz kimi çox uğurlu imiş.

Bu günkü əməliyyatlar haqda isə düz 100 il sonra eşidəcəksiz.

Yüz il əvvəlkilər haqda isə ilk süftə söhbəti biz başladıq, yadda saxlayın

 

Müəllifin digər yazıları

Hacı Şahinin “NİDA”SI

Hacı Şahinin “NİDA”SI

Həmid Herisçi Mehriban, gülərüz Hacı Şahinlə biz yanvar ayının lap soyuq vaxtları, ofisinin önündə, qışın oğlan çağında görüşdük.

Şaxta ikimizi də qılınc kimi kəsirdi, yadımdadı.

Hacı soyuqdan üşüsə də, salamlaşdığımız an ovcunun istiliyini hiss edib,

Biz Şərqdə, düşmən Qərbdədir - Hərbi ÜSTÜNLÜYÜMÜZ

Biz Şərqdə, düşmən Qərbdədir - Hərbi ÜSTÜNLÜYÜMÜZ

Həmid Herisçi

44 günlük müharibə zamanı bizim əsas, həlledici üstünlüyümüz Şərqdəki, yəni gündoğandakı mövqeylərimiz idi.

Düşmən isə Qərbdəydi.

İti günəş şüaları, ermənilərin gözünü qamaşdırır, bulandırıb yaşardırdı.

Optik effektli bu vaxt kəsiyi, 27 s

Kimdi Şəms Təbrizi?..

Kimdi Şəms Təbrizi?..

Həmid HerisçiMəzarı indi Güney Azərbaycanın Xoy şəhərindədir. Bir də milyonların ürəyində. O, Cəlaləddin Rumini görüncə "Məni, tap!" deyərək qeybə çəkilmişdi. Rumi də dəfələrlə onu həm tapdı, həm də itirdi.