Media

"Yeni Müsavat" 33 yaşını qeyd edib

/
10Noyabr 202218:10

10 noyabr tarixində “Yeni Müsavat” qəzetinin yaranmasının 33 ili tamam olub.

Azlist.az-ın məlumatına görə, qəzetin təsisçisi və rəhbəri Rauf Arifoğlu bu əlamətdar günlə əlaqədar deyib:

"33 ildir Yol çəkirik.
İndidən baxanda, oğlum yaşındakı Raufun qurduğu qəzeti ağsaqqal Rauf əzmlə və böyük qürur hissi ilə davam etdirir.
Şükrançıyam!
Bütün şəraitlərdə Allaha və şükrə sığındım.
33 illik yolumuza baxanda, bu illərə düşən hadisələri yada salanda, təhlil edəndə, müqayisələr aparanda...
Etiraf edim, indiki şükranlığım ən ürəklə, ən səmimi qəlblə ediləndir!
Allahım, yazına şükür, qismətinə, bəzən mükafat bildiyim cəzalarına, bəzən cəza bildiyim mükafatlarına şükür!
Axirətimiz üçün əməl dəftərimizə nələri yazmısan, təxmin də edə bilmərik.
Fəqət bu dünyamız üçün yazdığın hər şeyə şükür!
Məni Türk yaratmana, məni müsəlman qərar vermənə, məni Azərbaycanda dünyaya gətirmənə, mənə yurd olaraq Tovuzu yazmana...
Qəzetçi taleyi vermənə...
Ailəmə, çevrəmə, dostlarıma, nəhayətdə, şərəfli Yeni Müsavat adı ilə ömürlük təltif etmənə!
Hər şeyə şükrolsun!".

Qəzet 1989-cu ilin noyabrın 7-də Azərbaycan Milli Demokrat Yeni Müsavat Partiyasının mətbu orqanı kimi yaradılıb.

“Yeni Müsavat”ın ilk sayı 10 noyabr 1989-cu ildə çap olunub. 1989-cu ilin noyabrından 1991-ci ilin sentyabrınadək  “samizdat" üsulu ilə “Yeni Müsavat”ın 17 nömrəsini çıxıb.  Həmin illərdə “Yeni Müsavat” gizli və qeyri-formal nəşr olunub.

1993-cü ilin mart ayından qəzetin təsisçiliyini Müsavat Partiyasının başqanı İsa Qəmbər alıb.

2009-cu ilin noyabr ayının 8-də - qəzetin 20 illik yubileyində İsa Qəmbər təsisçiliyi Rauf Arifoğluna təhvil verib. Qəzetin 26 noyabr 2009-cu il tarixli sayında təsisçisi rəsmən dəyişib və “Yeni Müsavat” Rauf Arifoğlunun təsisçiliyi ilə işıq üzü görüb.