Media

2022-ci ildə vəfat edən JURNALİSTLƏR

2022-ci ildə vəfat edən JURNALİSTLƏR
19Dekabr 202222:59

Başa çatmaqda olan 2022-ci ildə jurnalistlərə dair xoş xəbərlər eşitməklə yanaşı, dünyasını dəyişən həmkarlarımızın ölüm xəbərlərinə də sarsıldıq.

Yola salmağa hazırlaşdığımız ildə vəfat edən media işçilərini siyahısını təqdim edirik:

***

1 mart 2022-ci ildə Azərbaycan bölgə mətbuatının tanınmış nümayəndəsi Vaqif Abbasov 74 yaşında ürək tutmasından dünyasını dəyişib.
Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin 1972-ci il məzunu, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Vaqif Abbasov uzun müddət Şirvan şəhərində çıxan “İşıq” qəzetində çalışıb. O, ayrı-ayrı illərdə Şirvan Şəhər Mədəniyyət İdarəsinə və Azərbaycan Dövlət Arxivinin Şirvan regional bölməsinə rəhbərlik edib.

***

Mayın 20-də tanınmış jurnalist, "İstiqlal.az" saytının rəhbəri Qadir İbrahimli vəfat edib. Q.İbrahimli mayın 18-də qaraciyər serrozu diaqnozu ilə Respubılika Kliniki Xəstəxanasına yerləşdirilmişdi. O, həm də şəkər xəstəliyindən əziyyət çəkirdi.
Mərhum 1968-ci ildə Lənkəran şəhərində doğulmuşdu. Orta məktəbi Lənkəranda bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetində ali təhsil təhsil alıb.
1996-cı ildə ali təhsilini başa vuran Q.İbrahimli müxtəlif media orqanlarında, o cümlədən "Azadlıq" qəzetində  işləyib. O, 2011 və 2014-cü illər arasında “Yeni Müsavat” qəzetində iqtisadi məsələlər üzrə şərhçi kimi çalışıb.
2014-cü ildən yaratdığı İstiqlal.az saytına rəhbərlik edirdi. Bununla yanaşı, "Güzəran" Sosial Araşdırmalar İctimai Birliyinin sədri idi.
Q.İbrahimli bir müddət Odlar Yurdu Universitetində dərs də demişdi.


***

Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq jurnalistika kafedrasının professoru, Əməkdar jurnalist Nəsir Əhmədli iyunun 7-də vəfat edib.
N. Əhmədli 1 iyul 1942-ci ildə Tovuz rayonunun Alakol kəndində anadan olub. 1971-ci ildə BDU-nun Jurnalistika fakültəsini bitirib. 1981-ci ildə namizədlik, 2007-ci ildə doktorluq dissertasiyasını müdafiə edib.
2016-cı il Mirzə Cəlil Media Mükafatına layiq görülüb. Müxtəlif illərdə Azərbaycan Dövlət Televiziyasında çalışıb. Sonra “Müxalifət” qəzetinin baş redaktoru olub.
2004-cü ildən BDU-nun Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasında işləyib. 100-ə yaxın məqalənin, 3 monoqrafiyanın, 5 dərs vəsaitinin, 10 kitabın müəllifidir.
"Jurnalistin nitq mədəniyyəti” kitabına görə "Media açarı-2006” mükafatına, 3-cü dərəcəli "Əmək ordeni"nə, Ali Media Mükafatına, müxtəlif diplom və fəxri fərmanlara layiq görülüb.


***

10 iyul tarixi Əməkdar mədəniyyət işçisi, tanınmış jurnalist-etnoqraf Ənvər Çingizoğlu (Fərəcov) dünyasını dəyişməsilə yadda qalıb.
Ənvər Çingizoğlu 60 yaşında, ürəktutmasından dünyasını dəyişib.
O, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində oxuyub (1985–1990). 1991-ci ildən 1993-cü ilə qədər Füzuli rayonunda "Araz" qəzetində ədəbi işçi kimi çalışıb.1994-cü ildən 2014-cü ilin mart ayınadək AzTV-də redaktor, böyük redaktor, şöbə müdiri vəzifələrində çalışıb.
2014-cü ilin mart ayından vəfat edənə kimi "Azərbaycantelefilm"in Baş redaktor müavini idi. O, həm də "Soy" dərgisinin baş redaktoru vəzifəsində çalışırdı.
Mərhum Azərbaycan Jurnalistlər Birliyinin üzvü idi.
O, həmçinin regional etnoqrafiya və folklor nümunələrinin toplanılıb araşdırılması və nəşri istiqamətində 30 ilə yaxın zəhmət sərf edib.
Ə.Çingizoğlu Füzuli rayonunda dəfn olunub.


***

Əməkdar jurnalist Mais Məmmədov 16 iyulda vəfat edib.
Ağır mədəaltı vəzi xəstəliyindən əziyyət çəkən mərhum 84 yaşnda dünyasını dəyişib.
Mais Məmmədov keçmiş SSRİ dövründə uzun müddət Mərkəzi televiziyanın - ORT-nin Azərbaycandakı müxbiri işləyib. O, 2007-ci ildən 2016-cı ilədək ANS Şirkətlər Qrupu MMC-də ictimai əlaqələr üzrə baş müşavir vəzifəsində çalışıb.


***

3 avqust tarixi müasir Azərbaycan jurnalistikasının tanınmış simalarından olan Araz Zeynalovun vəfat etdiyi gün kimi yadda qalıb. Jurnalist uzun sürən ürək xəstəliyi səbəbindən ömrünün 61-ci ilində dünyasını dəyişib.
Araz Hidayət oğlu Zeynalov 1961-ci il iyulun 7-də Bakı şəhərində jurnalist ailəsində anadan olub. Atası Hidayət Zeynalov, anası Məryəm xanım uzun illər “Kommunist” qəzetində (indiki “Xalq qəzeti”) çalışıblar. Övladları da onların peşə yolunu davam etdirib.
Araz Zeynalov 1983-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Jurnalistika fakültəsini bitirib. “Azərbaycan gəncləri” qəzetində müxbirlikdən baş redaktorluğa qədər peşəkar yaradıcılıq yolu keçib. 1996-2000-ci illərdə dövrün ən populyar nəşrlərindən olan “Panorama” qəzetinə rəhbərlik edib. 2009-cu ildən rusdilli “Vesti.az” saytının ilk baş redaktoru olub və 2021-ci ilədək bu vəzifədə çalışıb.

"Həqiqətlər və faktlar" qəzetinin baş redaktoru Ceyran Bəhlulova avqustun 24-də vəfat edib.
Əslən Ağdam rayonundan olan jurnalist ün onkoloji xəstəlik səbəbindən dünyasını dəyişib. O, "Bir ömürlük xatirə", "Çıxış yolu" kimi sosial verilişlərin də redaktoru olub.


***

Əməkdar mədəniyyət işçisi, “Ədəbiyyat qəzeti”nin məsul katibi, nəşrin redaksiya heyətinin üzvü Atababa Hacıbabayev sentyabrın 18-də vəfat edib.
Atababa İsmayıl oğlu Hacıbabayev 1947-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət İncəsənət Universitetinin teatrşünaslıq fakültəsini bitirib. 1966-cı ildən başlayaraq mətbuatda bədii əsərlərlə, resenziyalarla, araşdırmalarla və digər janrlı yazılarla çıxış edib. Ömrünün 35 ilini “Ədəbiyyat qəzeti”nə həsr edib.
A.Hacıbabayev çoxsaylı kitabların, tədris proqramlarının müəllifi və redaktoru, həmçinin televiziya və radio verilişlərinin müəllifi olub. Söz sənətində çoxşaxəli fəaliyyət diapazonu ilə seçilib, zəhmətsevərliyi ilə oxucuların, sənət adamlarının dərin rəğbətini qazanmış jurnalist peşəkar teatrşünas, yumorist, pedaqoq və tərcüməçi kimi də tanınıb.
 

***

Jurnalist və tarixçi-alim Rəşad Rüstəmov bu il sentyabrın 20-də vəfat edib.
53 yaşında dünyasını dəyişən Rəşad Rüstəmov peşəkar jurnalist, “Media açarı” mükafatçısı və tarix üzrə fəlsəfə doktoru idi. 
R.Rüstəmov jurnalist olaraq "Ayna-Zerkalo" qəzetində, Qaynarinfo.az saytında, eyni zamanda AMEA Tarix İnstitutunda böyük elmi işçisi olaraq çalışıb.
Mərhum jurnalist son vaxtlar zerkalo.az saytında işləyirdi.
 

***

Əməkdar mədəniyyət işçisi, tanınmış jurnalist, publisist, tərcüməçi Şakir Yaqubov oktyabrın 15-də, 71 yaşında dünyasını dəyişib.
Şakir Hənifə oğlu Yaqubov 25 fevral 1951-ci ildə Astara rayonunun Bala Şahağac kəndində doğulub. Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Tələbəlik dövründə “Azərbaycan gəncləri”, “Bakinski raboçi”, “Bakı”-“Baku” qəzetləri ilə əməkdaşlıq edib. Keçmiş Almaniya Demokratik Respublikasında keçdiyi hərbi xidmət illərində də ordu qəzetində rus dilində yazıları dərc olunub.
Peşəkar jurnalist fəaliyyətinə 1974-cü ildən başlayan ustad qələm sahibi “Azərbaycan gəncləri”, “Kommunist” (indiki “Xalq qəzeti”), “Həyat” (indiki “Azərbaycan”), “Sirdaş”, “Səhər”, “Panorama” qəzetlərində müxbirlikdən baş redaktoradək müxtəlif vəzifələrdə çalışıb. 2000-2010-cu illərdə Azərbaycan Respublikası Auditorlar Palatasının Redaksiya-nəşriyyat şöbəsinin müdiri, “İqtisadiyyat və audit” jurnalının məsul redaktoru işləyib, onlarla kitabın redaktoru olub.


***

77 yaşlı jurnalist Hafiz Hüseynxanlı 20 oktyabrda uzun xəstəlikdən sonra dünyasını dəyişib. Mərhum ömrünün 60 ildən çoxunu jurnalistikaya həsr etmişdi.
Orta məktəb illərindən Beyləqan rayonunda nəşr olunan rayonlararası “Yüksəliş” qəzeti ilə əməkdaşlıq edib. Sonra BDU-nun Jurnalistika fakültəsində təhsil alıb.
H.Hüseynxanlı təhsil aldığı illərdə “Azərbaycan pioneri” və “Azərbaycan gəncləri” qəzetlərində işləməyə başlayıb.
Hərbi xidmət zamanı isə "Ordu" qəzeti ilə əməkdaşlıq edib. 
Sonrakı illərdə Dövlət Teleradiosunda xüsusi müxbir, “Azərbaycanfilm” Kinostudiyasında  redakor və film direktoru, Mətbuatda Dövlət Sirlərini Mühafizə edən Baş İdarədə baş redaktor, Cəbrayıl rayonunda çıxan “Xudafərin” qəzetində baş redaktor, “Novruz” qəzetində baş redaktor müavini, AZƏRTAC-da redaktor, “Həmrəylik” qəzetində baş redaktor, İqtisadiyyat Nazirliyində mətbuat katibi vəzifələrində çalışıb. 

 

***

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Mətbuat Xidmətinin rəhbəri, jurnalist, Qarabağ qazisi Xaqani Rzaquliyev noyabr ayında vəfat etdi. 
O, 9 noyabr 1963-cü ildə Ağdərə rayonunun Xatınbəyli kəndində anadan olub.
1994-cü ildə isə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. 1982-1984-cü illərdə Sovet Ordusunda hərbi xidmət keçib.
X.Rzaquliyev 1989-1994-cü illərdə "Gənclik" jurnalında ədəbi işçi və şöbə müdiri vəzifələrində çalışıb.
O, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin yaradılmasında iştirak edib.

***

29 noyabrda jurnalist İlkin Zərbalıyev vəfat edib. O, dağınıq skleroz xəstəliyindən əziyyət çəkirdi.
İlkin Zərbalıyev 1977-ci ildə Kürdəmirdə anadan olub. Son illər doğulduğu rayonda yaşayırdı.
Hüquq fakültəsinin məzunu olan İ.Zərbalıyev  2000-ci ildən 2014 ilə qədər "Lider" Televiziyasının "Səda" xəbərlər buraxılışı üçün reportajlar hazırlayıb. 

 

***

"Neftçi" TV-nin əməkdaşı, jurnalist Elvin Rüstəmov dekabrın 13-də vəfat edib.
Elvin Rüstəmov dekabrın 13-də Bakı-Quba yolunda avtomobil qəzasında dünyasını dəyişib. O, Xızı rayonu Baxışlı kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi idi.


***

Dekabrın 17-də qocaman jurnalist, “Xalq qəzeti”nin keçmiş şöbə müdiri Əlipənah Bayramov ömrünün 76-cı ilinin tamamında dünyasını dəyişib.
Əlipənah Bayramov 1946-ci il dekabrın 13-də Salyan rayonunun Kürsəngi kəndində anadan olub. 1968-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib.
2 il populyar “İdman”qəzetində çalışıb, 5 il Neft və Sənaye Universitetinin “Neft kadrları uğrunda” qəzetinin redaktotu olub.
1979-cu ildə “Kommunist” qəzetinə işə dəvət edilən Əlipənah Bayramov burada müxbir, baş müxbir və şöbə müdiri vəzifələrində çalışıb, uzun illər redaksiya heyətinin üzvü olub. Qəzet müstəqillik illərində nəşrini “Xaqlq qəzeti” adı altında davam etdirəndən sonrakı 30 il müddətində buradakı iş yerindən ayrılmayıb. Ə.Bayramov 2005-ci ci ildə ölkə başçısının sərəncamı ilə "Əməkdar mədəniyyət işçisi" fəxri adı almışdı.