Toplum

Sara Sarayevanın səksəkəli taleyi - Hacı Zeynalabdinin QIZI

Sara Sarayevanın səksəkəli taleyi - Hacı Zeynalabdinin QIZI
2May 202322:15

Onun həyatı dramatik bir filmin mövzusudur. Amma o filmi çəkən yoxdur. O, Hollivud aktrisalarının oynaya biləcəyindən daha məşəqqətli bir həyat yaşadı. Bakının ən zəngin bir ailəsində dünyaya gəldi, ömrünün çoxunu zirzəmidə yaşadı. Zeynal bəy Səlimxanovla qurduğu birinci ailəni inqilab dağıtdı. O, Leninqradda Nikolay Sarayev adlı milliyətcə tatar olan bir çilingərlə ikinci ailə həyatı qurub Sara Sarayeva oldu. Nikolay çilingər idi. Əslində isə o, Sara Tağıyeva idi. Bakı milyonçusu Zeynalabdin Tağıyevin qızı Sara xanım. Sara xanım atasının parlaq adını bərpa etmək üçün bir adamın edə bilməyəcəyindən çox şey etdi. Bir sistemlə vuruşdu. Psixoteriya dispanserdə ona şizofreniya diaqnozu qoydular. Amma o, yolundan dönmədi. Özünə bir şey istəmirdi, bu millətə atalıq etmiş atasına bəraət istəyirdi.

Bu məqsədlə Sara xanım Sovet İttifaqı Kommunist Partıyasının XX qurultayından az sonra əvvəlcə Azərbaycan, sonra isə SSRİ partiya və hökumət rəhbərliyinə atasının maarifpərvər fəaliyyəti haqqında məktublar yazır, məşhur mesenat Hacı Zeynalabdin Tağıyevə münasibətdə haqsızlığa yol verildiyini xatırladırdı. Tağıyevin adının bərpası uğrunda dönməz mübarizədə Sara Sarayevə müxtəlif ünvanlara yazdığı şikayət məktublarına görə 1957-ci ilin noyabr ayında oxu zalının bağlanması bəhanəsi ilə Mirzə Fətəli Axundov adına Rus Dili İnstitutunun kitabxanasında tutduğu vəzifəsindən azad edilsə də, o, bu mübarizəni dayandırmadı. Oxu zalını onu işdən çıxarmaq üçün bağlamışdılar.

1959-cu ilin iyulunda Azərbaycanda rəhbərlik dəyişildikdən sonra da Sara xanım SSRİ və Azərbaycan SSR rəhbərliyinə, partiya və hökumət xadimlərinə, Sovet elmi idarələrinə öz müraciətlərini davam etdirirdi. 1959-cu il avqustun 7-də o, Sov.İKP MK dəftərxanasına yeni ərizə ilə müraciət etmişdi. Onun məktubu araşdırılmaq üçün Mərkəzi Komitənin Elm və Məktəblər Şöbəsinin məsul əməkdaşı Kuznetsova verilmişdi. Sara xanım onunla görüşə bilsə də, kapitalizm Rusiyasının ucqarlarında maarif və mədəniyyətin inkişafına töhfə vermiş burjua xadimlərinə münasibətdə onu öz fikrindən döndərə bilmədi.

Azərbaycanda rəhbərliyin dəyişməsindən sonra o, bu dəyişikliyin əsas təşəbbüsçüsü olan SSRİ-nin partiya və hökumət lideri Xruşşova müraciət etməyə qərar verdi. 1959-cu il dekabrın 22-də Sara Sarayeva atası və özünün acı taleyi haqqında Sovet rəhbərinə 18 səhifəlik geniş bir məktub göndərdi. O, həyata keçirdiyi inqilabi dəyişikliklərə görə Xruşşova öz təşəkkürünü bildirir, partiyanın XXI qurultayı (1959-cu il) qərarlarının ölkə ictimai elmlərinin, elmi işlərin keyfiyyətinə ciddi təsir göstərəcəyini, ictimai elmlər şöbəsində qayda yaradacağını vurğulayırdı.

Sara xanımın cəhdlərindən sonra Bakıda toxucular tətilinin 50 illiyinin qeyd edilməsi ilə bağlı Azərbaycan mətbuatının səhifələrində Tağıyevin fəhlələrə, tətilçilərə qarşı “qəddar münasibəti” haqqında bir sıra yazılar getmişdi. O, Xruşşova məlumat verirdi ki, bütün bunlara aydınlıq gətirmək üçün vaxtı ilə atasının müəssisələrində çalışmış fəhlələrin yanına gedib və həqiqəti öyrənməyə çalışıb.

“Fabrikin keçmiş fəhlələri dedilər ki, bütün bunlar yalandır, bütün bunlar ona görə edilir ki, “belə lazımdır”. Fəhlələr mənə dedilər ki, atamın fabrikində məktəb, kitabxana, fəhlə klubu olub və orada həvəskar fəhlə artistlər rus və Azərbaycan dillərində tamaşalar qoyublar... Mənim atamın fabrikində fəhlələrə pulsuz olaraq dərmanlar veriblər”.

Sara Sarayeva Moskvada, Mərkəzi partiya aparatında işləyən bəzi məsul işçilərdən şikayətlənərək Xruşşova yazırdı ki, “Sov.İKP MK Elm Şöbəsindən yoldaş Kuznetsov mənim partiyanın XXI qurultayına göndərdiyim müraciətə opponentlik edərək bu məsələnin aydınlaşmasında dolaşıqlıq yaradır. O, deyir ki, “biz kapitalistləri qaldıra bilmərik”. Azərbaycan KP MK-nın şöbə müdirinin müavini yoldaş Okulov subyektiv təsirlər altında Mərkəzi Komitə katibi yoldaş Nurəddin Mühitdinova savadsız cavab yazıb. O, tarixi hadisələrə yetərli qiymət verə bilməyib, onun məktubunun nəzəri hissəsi elmi mahiyyət kəsb etmir”.

Sara xanımın fikrincə, yüksək vəzifəli partiya işçisinin tarixi hadisələrə və şəxsiyyətlərə yanaşma tərzi yanlış idi. O, Xruşşova bəzi nümunələr timsalında izah edirdi ki, şəxsi və dövlət fəaliyyətində I Pyotrun bir sıra mənfi cəhətləri var idi, yaxud Kuprin öz qələmi ilə Sovet hakimiyyətinə qarşı çıxdı, Okulov bütün bunları görmək istəmir və xalqlar arasında tarixi bərabərliyi pozur, Tağıyevin milli və maarifçilik fəaliyyətini ləkələmək istəyir. Sara xanım nümunə kimi Rusiyanın iki çarını, iki imperatorunu, Romanovların iki nümayəndəsini – I Pyotru və II Nikolayı müqayisə edir və onlara öz fəaliyyətlərinə görə fərqli qiymət verildiyini xatırladırdı. O, Sovet liderindən soruşurdu ki, zadəgan Qlinka, mülkədar Lermontov, qraf Tolstoy, təhkimçi Derjavin, erməni kapitalisti Lazarev, rus kapitalisti Tretyakovu öz xalqlarının həyatında oynadığı rol müsbət qiymətləndirildiyi halda, niyə bu yanaşma Tağıyevə tətbiq edilmir, bu adamlar haqqında Böyük Sovet Ensiklopediyasında geniş yazılar verildiyi halda, öz xalqının mənəvi həyatına təkan vermiş Tağıyev haqqında niyə heç nə yazılmır?

Sara xanım Xruşşova məlumat verirdi ki, bağlı qapılar arxasında keçirilən müzakirələrdə bəzi alimlər partiyanı aldadırlar. O, Azərbaycan rəhbərliyindən və elmi idarələrindən yardım görmədiyindən Xruşşovdan xahiş edirdi ki, onun atası Tağıyevin fəaliyyətini araşdırmaq üçün Moskvada, Babacan Qafurov başda olmaqla SSRİ Şərqşünaslıq İnstitutunda müvafiq komissiya yaradılsın. Onun fikrincə, bu komissiyanın nəticələri Azərbaycan alimlərinin tarixi düzgün araşdırmalarına doğru istiqamət verə bilərdi. Sara xanım rus elmində hökm sürən millətçilik və şovinizm haqqında da Xruşşova açıqca yazırdı. O, qeyd edirdi ki, adamlar marksizm-leninizmi yalnız sözdə qəbul edir, əməldə isə onu həyata keçirmir və onu bir kənara qoyurlar. Məktubun sonunda o, başına gətirilən müsibətlərə toxunub yazırdı:

“Mənim işdən azad edilməyim haqqında rəsmi sənədləşdirmə yalandır, məni bir neçə dəfə təhdid etmişdilər ki, bu işləri qurtarım və ağzımı yumum. Şəxsiyyətə pərəstiş dövründə mən Leninqradda və Bakıda sonsuz təqiblərə məruz qalmışam, dəfələrlə məsələ qaldırmışam ki, sənədləri saxtalaşdırılmış, oğurlanmış atamın işi kimi dolaşdırılmış mənim işimə baxsınlar. Mən nə atamın, nə də özümün işimə baxılmasına nail ola bildim. Mən işdən azad edildikdən sonra 345 manat məbləğində pensiya alır və zirzəmidə yaşayıram. Bəyəm, rus taciri Tretyakovun qızı, rus kapitalist və mülkədarlarının uşaqları öz valideynlərinin xidmətlərinə görə belə yaşayır?”.

Sara xanım Sovet rəhbəri Xruşşovdan xahiş edirdi ki, məruz qaldığı təqib və böhtanlar onunla məhdudlaşsın, uşaqları bu böhtandan mühafizə olunsunlar. O, yazırdı:

“Mənim uşaqlarım məndən ayrı uşaq evlərində böyüyüblər. Oğlum ordudan tərxis olunub, Leninqradda yaşayır və 3 aydır ki, iş tapa bilmir. Bəs o, hansı pula yaşamalıdır? Onun atası müharibədə həlak olub, anası kimi mən 345 manat pensiya alıram. Nəvəm müvəqqəti olaraq yanıma gələndə vəziyyətin əsirinə çevrilirəm”.

Lakin onun şikayətinin araşdırması heç biri müsbət nəticə vermədi.

1960-cı ildə Moskvaya və Bakıya yazdığı müraciətlərdə Sara Sarayeva atası Tağıyevin yalnız Azərbaycanda deyil, Yaxın Şərq, Orta Asiya, Şimali Qafqaz, Kazan və Krımda da maarif və mədəniyyətin inkişafına yardım göstərdiyin xatırladırdı. O, qeyd edirdi ki, Tağıyev İranda mütərəqqi mətbuatın inkişafına təkan vermək üçün “Tərbiyətçi” qəzetinə, Hindistanda “Həbl-ül-mətin” qəzetinə, Boqaranskinin tatar mətbuatına, qazax-qırğızların birinci mətbuat orqanına, Krım tatarlarının birinci qəzeti olan “Tərcüman”a yardım göstərib, Dağıstan alimi Alkadarskinin “Dağıstan tarixi” kitabını nəşr etdirərək min nüsxə müəllifə hədiyyə edib, min nüsxə də pulsuz paylatdırıb, Sankt-Peterburqda 1903-cü ildə nəşr edilmiş rus-ərəb-fars danışıq kitabçasını alıb və pulsuz olaraq adamlara paylayıb, Seyid Əzim Şirvaninin əsərlərini Təbrizdə nəşr etdirib İranda yayıb, Soltan Məcid Qənizadənin Əlisgəndər Cabbarovla birlikdə yazdıqları “Kəlili ədəbiyyat” kitabını gəmi ilə daşıtdırıb İran məktəblərində yaydırıb....

Ardı var

Cəmil Həsənli,
Professor, tarix elmləri doktoru