Sara Sarayevanın səksəkəli taleyi - Hacı Zeynalabdinin QIZI - II
Əvvəli 2 mayda
1956-cı ilin fevralında keçirilmiş Sovet Kommunist Partiyasının XX qurultayı onun yeniləşməyə ümidini artırmışdı. Sara xanın XX qurultaydan az sonra, 1956-cı il mayın 17-də Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədrinə 18 səhifəlik məktubla müraciət etmişdi. Məktubun surətini o, Azərbaycan KP MK-ya, “Kommunist”, “Bakinskiy raboçiy” qəzetlərinə, Azərbaycan Yazıçılar İttifaqına, S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinə, M.F.Axundov adına Azərbaycan Rus Dili İnstitutuna və V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutuna göndərmişdi. Sara xanım məktubunu bu sözlərlə başlayırdı:
“Mən Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin qızıyam. Mənim bütün həyatım zəhmətdə, mədəni-maarif işində keçib. Bizim əsrimizin çox adamları kimi mən də ağır və ədalətsiz şübhələri, ondan irəli gələn nəticələri yaşamışam”.
Sonra o, atası ilə bağlı hökumətə və ictimaiyyətə bəyan edirdi ki, Tağıyevin obrazı mətbuatda təhrif edilir, inqilaba qədərki Azərbaycanın mədəniyyəti bəzi tarixçilər tərəfindən saxtalaşdırılır. Sara xanım nəql edirdi ki, Nərimanov başda olmaqla birinci Azərbaycan hökuməti burjuaziya içərisində Tağıyevi fərqləndirir, qiymətləndirir və ona hörmət edirdi. Sara xanım bildirirdi ki, Azərbaycanda birinci sovet hökumətinin üzvlərinin və onların həyat yoldaşlarının çoxu Tağıyevin yetişdirmələri idi. O, həmin dövrdə Tağıyevə hörmətlə yanaşmanı onların Hacını şəxsən tanıması, onun maarifpərvər fəaliyyətinə bələd olmaları ilə izah edir, indiki gənclərin və rəhbərlərin Tağıyevi yalnız mətbuatda yırtıcı kapitalistlər haqqında yazılmış böhtançı yazılardan tanıdığını vurğulayırdı.
Sara xanım inqilaba qədərki qadın təhsili haqqında Z.Axundovanın 1949-cu ildə müdafiə etdiyi dissertasiyanı nümunə kimi gətirir və orada Tağıyevin fəaliyyətinin tamamilə təhrif edildiyini bildirirdi. O, yazırdı ki, XX əsrin əvvəllərində Azərbaycanda qadın təhsili, qızlar məktəbinin açılması bilavasitə Tağıyevin adı ilə bağlı olub və “o, illərlə bu təntənəli mərasimi gözləyib. Atam deyirdi ki, ömründə bir dəfə rüşvət verib, bu da məktəbin açılması üçün olub”.
Sara xanım yazırdı ki, qızlar məktəbini (rus-müsəlman Aleksandriya qadın məktəbi) açmaq Tağıyevə çətinliklə nəsib olub, fanatik mollalar məscidlərdəki moizələrində deyirdilər ki, Hacı “kafir olub”. Ancaq Yusif Ziya Talıbzadə, Axund Mirzə Əbuturab, Molla Ruhulla Kərim ağa kimi mütərəqqi din xadimlərini öz tərəfinə çəkməklə Tağıyev müsəlman qızları üçün məktəb açmağa nail oldu. Onun fikrincə, hələ ki sağ olan məşhur yazıçı Abdulla Şaiq, müəllim Səməd bəy Acalov, rejissor Murad Muradov, artist Sidqi Ruhulla buna şəhadətlik edə bilərlər.
Sara Sarayevanı narazı salan Sovet İttifaqının müxtəlif yerlərində mütərəqqi burjuaziyaya fərqli münasibətin olması idi. O, qeyd edirdi ki, “RSFSR-də cəmiyyətin inkişafında faydalı rolu olan adamlarla hesablaşır və onları təbliğ edirlər. Məsələn, knyaz Dolqoruki, yazıçı Dostoyevski, tacir Tretyakov, tacir Morozov, tacir-sənayeçi Mamontov. Onlar haqqında hətta Böyük Sovet Ensiklopediyası yazır. Həmin Ensiklopediyada Tağıyev teatrı haqqında yazırlar, lakin
onu musiqili teatr adlandırırlar. Halbuki, inqilaba qədər o öz yaradıcısının adını daşıyıb, Tağıyev teatrı adlanıb”.
Sara Sarayeva yazırdı ki, həyatına təhlükə olmasına baxmayaraq “Tağıyev xaricə getmədi, öz kapitalını xaricə aparmadı, zavod və fabriklərinin dəzgahlarını öz gəmilərində xaricə daşımadı, Tağıyev özü də qaldı, kapitalını da sovet hakimiyyətinə saxladı, Tağıyev kadrları da sovet hakimiyyətinə saxladı”.
Məktubun sonunda xahiş edirdi ki, onu inqilabaqədər Azərbaycan mədəniyyət tarixi üzrə işə keçirsinlər; əhalinin canından qorxunu çıxarmaq üçün ona şərait yaratsınlar; ona “Azərbaycanda qadın təhsili uğrunda mübarizə” mövzusunda mövzu versinlər və bu araşdırma ilə bağlı onun əsərlərini mətbuata buraxsınlar. Bu arzuları Sara xanım atasının adı ilə əlaqələndirib yazırdı:
“Qadın məktəbi mənim atamın sevimli övladı olub”.
Məktubun sonunda Sara xanım faciəli taleyinin yalnız bir məqamına toxunub yazırdı:
“1942-ci ildə mən ərimi itirmişəm. 1947-ci ildə mən Leninqradda evsiz qaldım (onların evini bir prokurorluq işçisinə vermişdilər) və ərimin qohumları (ərinin bacısı) mənim oğlanlarımı (Lev və Oleq Sarayevlər) tərbiyə etmək üçün götürdülər. 9 il keçib. İndi o, Leninqradda 10-cu sinfi bitirir”.
Sara xanım şikayətlənirdi ki, hərbi çağırışın başlanmasına 2 ay qalmış hərbi komissarlıq ona ali məktəbə imtahan verməyə şərait yaratmamış və xidmət üçün Şimali Qazaxıstana göndərmişdir.
Sara Sarayeva-Tağıyevanın Azərbaycan rəhbərliyinə məktubundan sonra Moskvada nəşr olunan “Voprosı istoriya” jurnalının 1956-cı il 3-cü nömrəsində (səh.167-170) A.Fadeyevin azərbaycanlı müəlliflərin yazdığı "Azərbaycanın Rusiyiya birləşdirilməsi və onun mütərəqqi nəticələri" adlı kitaba rəyi dərc edilmişdi. Orada inqilaba qədərki Azərbaycan mədəniyyəti ilə bağlı məsələlərə də toxunulmuşdu. Fadeyev öz məqaləsində göstərirdi ki, həmin vaxt Azərbaycanda dünyəvi milli məktəb qadağan edilmişdi; mürtəce feodal-klerikal dairələr Rusiya və Azərbaycan xalqları arasında mədəni əlaqələrin genişlənməsinə kəskin müqavimət göstərirdilər. Fadeyev təklif edirdi ki, çarizmin Azərbaycanda mədəniyyət və maarif sahəsindəki siyasətini yenidən araşdırmaq lazımdır. Sara xanım respublika rəhbərliyinə göndərdiyi 17 may tarixli məktubda öz fikirlərinin doğru olduğunu əsaslandırmaq üçün Fadeyevin məqaləsi haqqında Azərbaycan KP MK və respublika Nazirlər Sovetinə may ayının 26-da əlavə məlumat göndərdi.
O, 1956-cı il iyunun 7-də Azərbaycan KP MK və respublika Nazirlər Sovetinə bir sıra yeni təkliflər göndərdi. Bu təkliflərdə Sarayeva vaxtı ilə Tağıyev haqqında yalnız mənfi fikirlər yazmış alimlərin onun reabilitasiya prosesindən uzaqlaşdırılmasını xahiş edirdi. Onun fikrincə, bu alimlər arxiv sənədlərindən yan keçərək insanların düşüncəsində Tağıyevin yırtıcı-kapitalist obrazını yaradıblar. O, yazırdı:
“Dövlət heç vaxt günahsız mühakimə edilən adamın işini yenidən araşdırmaq üçün onu həbs etmiş prokurora tapşırmamalıdır, əgər tapşırarsa, həmin prokuror öz hərəkətlərinə bəraət qazandırmaq üçün dəlillər axtaracaq”.
Sara xanım xahiş edirdi ki, Tağıyevə bəraət vermək üçün yaradılacaq komissiyaya yazıçı Süleyman Rəhimov, Mirzə Feyzulla Qasımzadə, Bülbül, Mansur Mansurov və doktor Ağakişibəyov daxil edilsinlər. Bu məktubunda o, Hacı Zeynalabdin Tağıyev haqqında bəzi sənədlərin əldə edilməsində ona yardım göstərmiş ADU-nun Tarix fakültəsinin müəlliməsi Səidə xanım İmanzadəyə öz təşəkkürünü bildirirdi. Sonda Sarayeva Azərbaycan rəhbərliyini “şəxsiyyətə pərəstişi ifşa etmiş, cəsarətlə böhtanı qoparıb atmış Nikita Xruşşovun” səviyyəsinə yüksəlməyə, ona bərabər olmağa çağırırdı.
1956-cı ilin yazında və yayında Sara xanım atasına bəraət almaq üçün bütün qadağaları pozaraq Hacı Zeynalabdin Tağıyevi tanıyan, onun vəsaiti hesabına oxumuş, Bakı qızlar məktəbində təhsil almış, onun kontorunda işləmiş ayrı-ayrı şəxslərdən, tanınmış ziyalılardan onun haqqında xatirələr topladı. XX qurultayın nəfəsi hiss edildiyindən adamlar məmnuniyyətlə Tağıyev haqqında uzun müddət ürəklərində saxladıqları xoş təəssüratları ifadə edə bilirdilər.
Abdulla Şaiq öz xatirələrində yazırdı ki, “dəqiq xatırlamıram hansı il idi. Türkan kəndində taun yayılmışdı. Həkimlər kənddə bütün ərzaq məhsullarını yandırmışdılar. Çar hökumətinin əmri ilə kazaklar kəndi əhatəyə almışdılar və kənddən çıxmaq istəyən hər kəsi öldürürdülər. Adamlar taundan çox aclıqdan ölürdülər. Hacı gəmi ilə dənizdən çörək, çay, düyü, siqaret, tənbəki göndərməyə başladı. Epidemiya ay yarım davam etdi... Hacı savadsız idi, yalnız imza atmağı bilirdi, lakin hər gün Mirzə Sadıx Abdullayev ona rus və Azərbaycan dilində çıxan qəzetləri oxuyurdu”...
Ardı var
Cəmil Həsənli,
Professor, tarix elmləri doktoru