Toplum

Sara Sarayevanın səksəkəli taleyi - Hacı Zeynalabdinin QIZI - VI

Sara Sarayevanın səksəkəli taleyi - Hacı Zeynalabdinin QIZI - VI
9May 202317:28

Əvvəli 2-3-4-5-8 mayda

Bütün bu mənfi cavablar Sara xanımı usandırmadı. Çox ağır şəraitdə yaşamasına baxmayaraq atasına bəraət almaq üçün o, səylərini əzmkarlıqla davam etdirirdi. Bu cavabı alandan dərhal sonra o, 1959-cu il iyunun 28-də Sov.İKP MK-ya məktub yazıb atası haqqında deyilənlərin doğru olmadığını bildirdi. Sara xanım Azərbaycanda çıxan məqalələrdə Tağıyevin guya Azərbaycan dilinin əleyhinə olduğu haqda məqamlara toxunaraq bunun böhtan olduğunu, onun atasının ana dilinin tətbiq edilməsi barədə hökumətə məktub yazdığını xatırladırdı. O, haqlı olaraq göstərirdi ki, “alimlər kapitalizm dövrünün mənəvi-mədəni nailiyyətlərinin bəhrələrini xoşlayırlar, lakin kapitalizmin inkişafının maddi kökləri onların xoşuna gəlmir. Lap Krılovun təmsilində olduğu kimi, donuz palıdın qozasını xoşlayır, lakin onun kökünü xoşlamır. Mədəniyyətin inkişaf tarixi üzrə elm şöbəsində özbaşınalıq hökm sürür. Mən Sizdən xahiş edirəm, Nikita Sergeyeviç, tarixi mübahisələrin açıq müzakirəsini açıq disputlara həvalə edin və partiya rəhbərləri yanında bu müzakirələr tarix məsələləri üzrə marksizmleninizm elmi nəzəriyyəsinin tətbiqində səhvlərə yol verilməsinin qarşısını ala bilər”.

Daha öncə yazdığı digər müraciətlərində Sara xanım xatırladırdı ki, Sovet dövründə Azərbaycan maarif və mədəniyyətinin, elm və səhiyyəsinin ən tanınmış təmsilçiləri olan qabaqcıl qadınlar məhz, Tağıyevin qızlar məktəbinin yetirmələrdir. Bu sırada o, Nabat xanım Nərimanovanın, əməkdar müəllimə Qumru xanım Nərimanovanın (hər ikisi Nəriman Nərimanovun qohumu), əməkdar müəllimə Sara xanım Əfəndiyevanın, professor Umnisə xanım Musabəyovanın, böyük bəstəkar Qara Qarayevin anası professor Sona xanım Axundovanın, Ayna Sultanovanın, Azərbaycan KP MK-nın keçmiş katibinin həyat yoldaşı həkim Xavər xanım Qarayeva-Şabanova, onun bacısı ixtisasca həkim olan Şəhrəbanu xanım Xasməmmədova-Şabanova, həkim Səkinə xanım Əlikişibəyova, elmi işçilər İzzət xanım Məcidova, Dostu xanım Səfərova, Təzə xanım Həşimova, Gövhər xanım Usubova, Məryəm xanım Sazonova, tanınmış bəstəkar Tofiq Quliyevin anası Yaxşı xanım Mahmudova, rəssam Reyhan xanım Topçibaşova, tanınmış həkimlər Firəngiz Novruzova, Həyatnisə Dilbazi, Cənnət xanım Muxranskaya, Səriyyə xanım Əhmədova, Səlimə xanım Yaqubova, Xədicə xanım Ağayeva, Adilə xanım Şahtaxtinskaya və digər qabaqcıl qadınların adını çəkirdi.

Sara xanımın atasının adını bərpa etmək uğrunda inadlı mübarizəsi az da olsa bəzi nəticələr verdi. Bir sıra nəşrlərdə Tağıyevin adı xatırlanmağa başladı. Respublika Qlavliti 1961-ci il fevralın 23-də Azərbaycan KP MK-ya yazırdı ki, son iki ildə müxtəlif nəşriyyatlardan yoxlama məqsədi ilə idarəyə göndərilən materiallarda Bakı milyonçusu və sənayeçisi Hacı Zeynalabdin Tağıyev bir sıra hallarda oxuculara xeyirxah, Azərbaycanda mədəniyyət və incəsənətin, maarifin inkişafına qayğı göstərən adam kimi təqdim edilir. Xəlil Əfəndiyev şikayətlənirdi ki, Qlavlit onun adını bu nəşrlərdən çıxarsa da, milyoner Tağıyevi mütərəqqi ictimai xadim kimi təqdim edən materiallar gəlməkdə davam edir. Belə materiallardan biri kimi o, Azərbaycan jurnalının 10-cu nömrəsinə daxil edilmiş Vəli Məmmədovun məqaləsini göstərirdi. Senzorun məqalədən gətirdiyi nümunədə deyilirdi: “1901-ci ilin sentyabr ayının 20-də Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin xidmətlərinin və fəaliyyətinin 50 illiyini qeyd etməyə hazırlaşırdılar. Yubileyi təntənəli şəkildə keçirmək üçün bir il əvvəldən ona hazırlaşırdılar. Tağıyev haqqında deyirdilər ki, o, kasıb çəkməçi ailəsində doğulub, onun 40 yaşı olanda varlanmağa başlayıb. Bakının ən böyük milyoneri, eyni zamanda zəhmətkeş kütlələrin ən böyük istismarçısı idi. Lakin kapitalizmin inkişafı ilə bağlı milli tərəqqinin meydana çıxması Tağıyevi də öz ardınca aparmağa başladı. XIX əsrin sonları kapitalizmin və milli burjuaziyanın inkişafının elə mütərəqqi

bir dövrü idi ki, həmin vaxt bir çox kapitalistlər öz vicdanlarının imkan verdiyi dərəcədə ümumi milli tərəqqiyə kömək etməyə başladılar. Azərbaycanda Tağıyev birinci texniki sənətkarlıq məktəbini, birinci müsəlman qız məktəbini, toxuculuq məktəbi acdı və birinci teatr binasını tikdi. Tağıyev ictimai faydalı işlərə kömək etdi, çoxlu kasıb tələbələrə təqaüd verdi. Azərbaycanın maarif və mədəniyyət xadimlərinin Tağıyev kimi imkanı yox idi. Ona görə də onlar milli tərəqqi üçün Tağıyevdən istifadə edirdilər, onun ictimai fəaliyyətini bəyənirdilər”.

Sonra Xəlil Əfəndiyev MK-ya məlumat verirdi ki, 1960-cı ilin payızında Azərbaycan Dövlət Universitetinin nəşriyyatı Möhbalı Qasımovun redaktorluğu ilə Abuzər Xələfovun altı çap vərəqindən ibarət olan “Azərbaycanda kitabxana işi tarixindən (1870-1920)” adlı kitabçasını buraxmışdır. Müəllif orada 1894-cü ildə Nəriman Nərimanovun Bakıda qiraətxana açmasından yazarkən qeyd edir ki, Nərimanov və digər ziyalıların xahişi ilə qiraətxana çoxlu qəzet və kitabları milyoner Hacı Zeynalabdin Tağıyevin hesabına alırdı”.

Bütün bu nəşrlərdən başqa Xəlil Əfəndiyev bildirirdi ki, bir sıra yerlərdə şifahi şəkildə də Tağıyevi maarifçi kimi təbliğ edirlər. O, qeyd edirdi ki, “1960-cı ilin noyabr ayının 9-da Mərdəkan istirahət evində dincələnləri tarixi yerlərə ekskursiyaya aparıblar. İstirahət evinin işçisi Ə.Əliyev Bakı Şəhər Ekskursiyalar Bürosunun qısa məlumat kitabçasında göstərilən məscidlə yanaşı, Tağıyevin məzarını da ekskursiya iştirakçılarına göstərib. Ekskursiya zamanı Əliyev öz söhbətində Tağıyevi xeyirxah bir adam kimi təqdim edib, ekskursiya iştirakçılarına danışıb ki, Tağıyev çox mehriban adam olub, yoxsullara kömək edib, onlara pul verib, Bakıda universitetin binasını tikib, teatr, fabrik açıb, məktəb təşkil edib və s. Nəriman Nərimanov Tağıyevin fəaliyyətini müsbət qiymətləndirib. Ekskursiya iştirakçılarından biri Əliyevdən soruşub: Əgər o belə xeyirxah adam olubsa, nə üçün Tağıyevə yaxşı bir abidə qoymayıblar? Əliyev cavab verib ki, bu 1924-cü ildə olub və onda xalq elə də inkişaf etməmişdi. Bunun şahidi bizim senzor, Sov.İKP üzvü L.B.Avanesyan olub”.

Xəlil Əfəndiyev məlumat verirdi ki, Tağıyevin qızı onun atasını tanıyan adamlardan xatirələr toplayıb və onu Azərbaycan SSR Elmlər Akademiyasının Tarix İnstitutuna təqdim edib. Məlumatda həmin xatirələr içərisində Azərbaycan Dövlət Universitetinin professoru Feyzulla Qasımzadənin və M.F.Axundov adına Rus dili İnstitutunun işçisi Heydər Verdiyevin də xatirələrinin olduğu bildirilirdi. Senzorun məlumatına görə F.Qasımzadə öz xatirələrində yazırdı: “Hacı Zeynalabdin Tağıyevin böyük kapitalist olmasına baxmayaraq, bununla yanaşı o, böyük maarifçi idi, yoxsullara kömək edirdi, faydalı adam idi. Tağıyev tək Mərdəkanda deyil, Azərbaycanın digər kəndlərində də məktəblər tikmişdi. Ümumiyyətlə Tağıyev elə şəxsiyyət idi ki, savadsız kəndliləri oxutmağa çalışır, yoxsullara kömək edir və öz xalqını sevirdi”.

Xəlil Əfəndiyevin məlumatına görə Heydər Verdiyev öz xatirələrində yazırdı ki, ya 1904-cü, ya da 1905-ci il olardı. Tağıyev öz fabrikində fəhlə gənclər üçün axşam məktəbi açmışdı və özü də məktəbə baş çəkirdi. “Bir dəfə Tağıyev dərsə gəldi və bizi ciddi cəhdlə oxumağa çağırdı və dedi ki, sizin oxumağınız üçün mən bu məktəbi açmışam, bura yaxşı müəllimlər təyin etmişəm. Mənim övladlarım, oxuyun, sizə uğurlar arzu edirəm. Qısa zamanda mən ibtidai məktəbi qurtardım və onun nəzdində olan iki illik pedaqoji kursu bitirdim. Sovet dövründə isə ikinci Moskva universitetini və onun nəzdində aspiranturanı bitirdim”.
Verdiyev sonra yazırdı ki, “indi mən ali məktəbdə işləyirəm və maddi cəhətdən təmin olunmuşam. Bütün bunlar üçün öz təkidləri və izahları ilə məni doğru yola yönəldən Hacı Zeynalabdin Tağıyevə borcluyam. Mən həmişə belə hesab etmişəm və edirəm ki, Tağıyev bizim xalqımızın ən böyük maarifçilərindən biri olub”...

Ardı var

Cəmil Həsənli,
Professor, tarix elmləri doktoru