Hacı Qaramanlıların Hüseyn Əfəndisi! - Mərhum jurnalist
Hüseyn Əfəndi! Kimiydi, nəçiydi o? Bu imzanı tanımayana, şeirlərini, hekayələrini, publisist yazılarını oxumayan birinə onu necə tanıtmalı? Çətin ki, bu işdə internet karımıza gələ, çünki onun haqqında yetərli bilgi yoxdu. Çox qəribə, hətta, ağrılı olsa da. Elə təkcə bu fakt bəsdi ki, dünyanın, insanların üzüdönüklüyünə lənət oxuyasan, sonra da ürəyin ağrıya-ağrıya ömür yoldaşı Bikə xanımın “Hüseyn öz həyatını yaşamadı, ömrünü başqaları üçün əritdi...” dediyini xatırlayasan. Öz dərdini içinə atıb başqalarının halına yanan, ailəsi kirayə mənzillərə, yataqxanalara sığınanda özgələri üçün ev savaşına çıxan, az qala hər yazısında, hekayəsində Qarabağ ağrısını yaşayan, onu sözə çevirməyin əzabına qatlaşan, sevgi, mərhəmət dolu bir insan bu qədərmi unuduldu? Bax bunu içimə sindirə bilmədim, onun haqqında yazmaq qərarına gəldim, o kişinin ruhu qarşısında mənəvi borc olaraq...
“Domino” adlı ilk kitabının arxasında özü haqqında belə yazıb: “1955-ci il fevralın 15-də, Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olmuşam. Bu, pasport yazısıdır, alın yazımda isə belədir; Qazaxıstan Respublikasının Çu rayonunda doğulmuşam, 1956-cı ilin tərəzisiyəm, gün məlum deyil... ”.
Azlist.az tanınmış jurnalist, publisist Hüseyn Əfəndinin ömür yolundan bəhs edən yazını təqdim edir.
Onun Qazaxıstanda doğulması təsadüf idimi? 1937-ci ildə Hüseyn Əfəndinin babası Məhəmməd kişi ailəsi, qohum-əqrabalasıyla Qazaxıstana sürgün edilmişdi. Sonra onu doğmalarından ayırıb Sibirə göndərirlər. Ailə qarlı-şaxtalı günlərdə min bir əziyyət çəkir, at tövləsində yaşayır. Uşaqlı, böyüklü ağır işlərdə işləyirlər. Sürgün həyatı 21 il uzanır. Nəhayət, 1958-ci ildə doğma yurda -Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinə qayıdırlar.
Məhəmməd kişi məşhur Çələbilər nəslindəniydi. Türkiyədə dini tehsil almışdı, Allaha yaxın insanıydı. Dərdi olanlar, çətinliyə düşənlər onun qapısına gedərdi. O da ulu babası Hacı Qaraman kimi camaata əl tutar, böyüklük eləyərdi. Hacı Qaraman (tarixi mənbələrdə göstərilir ki, onlar Cəbrayıla VI-VII əsrlərdə köçüblər) mükəmməl mədrəsə təhsili almışdı. “Cələbilər” kəndində məscid-mədrəsə tikdirmişdi. Burda dünyəvi, dini elmlər öyrədilirdi. Hacı Qaraman dünyasını dəyişəndən sonrasa onun “Çələbilər” kəndindəki qəbri müqəddəs ocaq sayılır, camaatın zəyarətgahına çevrilir...
Hüseyn Əfəndi həmin nəslin övladıydı. Bütün varlığıyla əfəndi bir insanıydı: təmkinli, sadə, təmənnasız... Üz-gözündə həmişə işıq, ürəyində sevgi vardı. Dünyanın pislikləri, çirkinlikləri ondan o qədər uzaqdaydı ki! Elə şeirlərindən də:
Qoru ürəyində yeddinci qatı...
Bacarsan, qat ona məni də qoru..!
Ədəbi yaradıcılğa jurnalistikadan öncə başlamışdı. Bakı Dövlət Universitetinin Filologiya fakültəsində qiyabi təhsil alırdı. O vaxtdan şeirləri “Ulduz”, “Azərbaycan”, “Elm və Həyat”, “Literaturnıy Azerbaydjan” kimi qəzetlərdə, jurnallarda çap olunurdu. Ədəbi mühitə yaxın olsun deyə, ailəsiylə birlikdə Bakıya köçmüşdü. Sonra jurnalist həyatı başladı... 1988-ci ildə Məmməd İsmayılın baş redaktoru olduğu “Gənclik-Molodost” jurnalında texniki işçi kimi işə götürüldü. Amma qısa zamanda istedadını, jurnalist bacarığını sübut eləyə bildi. Bikə xanım deyir ki, “Gənclik”də işləyəndən sonra şeir yazmağa vaxtı olmurdu. “Jurnalın ünvanına çoxlu şikayət məktubları gəlirdi. Heç kəsin probleminə laqeyd qala bilmirdi, məktubların iziylə rayonlara gedirdi. O, həmişə haqlının yanındaydı. Qəza vəziyyətinə düşən bina sahiblərinin yeni mənzil almasına yardım etmişdi. Yetim, yoxsul uşaqlara maddi kömək olsun deyə, jurnalda müsabiqə keçirmişdi. Qalib olanlara öz əlləriylə diplom, pul mükafatı vermişdi. O belə işlərdən zövq alırdı, kiminsə üzü güləndə özü də xoşbəxt olurdu.
Jurnalın əməkdaşı kimi Qazağıstana ezam olunmuşdu, ordakı həmyerlilərimizin güzəranını araşdırıb “Sürgün ” adlı məqalə yazmışdı. Sonra Məshəti türklərinin həyatından bəhs edən “Sürgün” ssenarisini qələmə aldı...
“Gənclik” yurnalındakı fəaliyyətinə görə 1990-cı ildə Azərbaycan Lenin Komsomolu Mükafatı Laureatı diplomu, nişanı ilə təltif olundu. Üstəlik, iki otaqlı ev də verdilər. Amma sonradan o evə başqaları sahib durdu”.
Hüseyn Əfəndi latın qrafikasıyla çap olunan ilk “Əlifba”, “Oxu” kitablarının redaktoru idi. Əlifba təzə dəyişmişdi, dərsliksə hələ yoxuydu. O, təlabatı nəzərə alıb “Gənclik” jurnalında rəngli şəkillərlə yeni “Əlifba” kitabını çap etdirir. Bu olur 1992-ci ildə. Kitabın 10 min nüsxəsi Güney Azərbaycana göndərilir. “Oxu” kitabısa 100 min tirajla dərc edilir. “Kitabların satışı küllü miqdarda pul gətirirdi. Hər gün dovlət bankına ağır pul çantaları daşınırdı. Amma o kitabların əziyyətini çəkənlər heç nə qazanmadı. Hətta, kitabın satışıyla məşğul olanların maaşını illər sonra Hüseyn Əfəndi öz puluyla ödədi”.
...1992-95-ci illərdə “Gənclik” jurnalı əvəzinə “P.S. Gənclik” qəzeti çap olunur. Hüseyn Əfəndi qəzetdə baş redaktor kimi çalışır...
Hüseyn müəllimlə bir kənddə böyüsək də, onunla ilk görüşüm elə o qəzetin redaksiyasında olmuşdu. Amma imzasını daha öncə-“Gənclik” jurnalından tanıyırdım, yazılarını oxumuşdum. 9-cu sinifdə oxuyanda redaksiyaya-onun adına məktub yazıb göndərmişdim. Məktubum jurnalda çap olunmuşdu. Hətta, poçtla qonorar da yollamışdılar. Onunla görüşəndəsə tələbəydim, 1-ci kursda oxuyurdum. Üz-üzə oturub söhbət elədik, qəzet üçün yazdığım məqaləyə baxdı, məsləhətlərini verdi. İlk yazılarımın sevincini, həyacanını o qəzetdə yaşadım. Jurnalist kimi işə o qəzetdən başladım. İndi –aradan 24 il keçəndən sonra onunla ilk görüşümü, söhbətlərimizi yada saldıqca Hüseyn Əfəndinin kim olduğunu, dəyərini daha doğru-dürüst anlayıram. İşıqlı üzü gözümün önünə, səsi qulağıma gəlir...
Onun “İrəvan qatarı” hekayəsində bir epizod var: üz-üzə oturub söhbətləşdiyi ağ saçlı qadının üzündəki nuru, doğmalığı o qədər gözəl təsvir edir ki! Məncə, oxuyacağınız bu sətirlər “Hüseyn Əfəndi kimiydi?” sualının ən gözəl cavabıdı: “...başa düşdüm ki, beləcə üz-üzə oturub, səsini könlün eşidəcək qədər qısıb “Səni sevirəm...” demək olar vətənə-sevgilinə dediyin kimi. Təki onun yalnız torpaq, dağ, daş, ev-eşik olmadığını andıra biləcək bir üz dayansın gözünün qabağında, söz alsın qulağın...” Mənə görə, o üz Hüseyn müəllimin üzüydü, o sözü Hüseyn müəllimdən eşitmişdim. Hüseyn Əfəndi bütün varlığıyla Vətən demək idi!
***
1995-ci il. Maddı sıxıntılar “P.S. Gənclik” qəzetinin bağlanmasına səbəb olur. Hüseyn Əfəndi bir müddət işsiz qalır. 1996-97-ci illərdə “Xalq qəzeti”ndə informasiya şöbəsinin müdiri vəzifəsində çalışır. Sonralar “Şans” qəzetində işləyir. Bu qəzet də bağlanır. İşsizlik, ehtiyac kirayədə yaşayan 6 nəfərlik ailəyə ağır günlər göstərir. Bikə xanım o günləri belə xatırlayır: “Sıxıntılar onun ürəyini xəstə eləmişdi. Birinci dəfə o vaxt infarkt keçirdi. Evdə pul yoxuydu, dostlarının köməyilə Hüseyni Sabunçu xəstəxanasına yerləşdirdik. Müalicədən sonra bir müddət istirahər eləməliydi. Amma vəziyyətimiz çox ağırıydı, nə qədər borc yığılmışdı, ehtiyac üzündən uşaqlar məktəbə gedə bilmirdi. Bu ağır günlərdə “Ulus” qəzetindən ona iş təklifi gəldi. Sevinirdik ki, ən azı evimizdə çörək olacaq. Amma onun maaşı ehtiyaclarımızı ödəmirdi. Bir yandan da xəstəlik... İkinci dəfə onu xəstəxanaya qoyduq. Bu dəfə müalicənin bütün xərcini xəstəxana öz üzərinə götürdü...”
Beynəlxalq Avrasiya və Mətbuat fonduna işə düzələndəsə hər şeyin yaxşı olacağına yenidən inanırdı. Xəstəlik də bir az dinşəmişdi, elə bil...
Fondda əvvəlcə ərazilərin minadan təmizlənməsi üzrə təlimatçı işləyirdi. Sonra minadan zərərçəkənlərin ehtiyaclarının ödənilməsi layihəsi üzrə tədqiqatçı kimi çalışdı. O özünü bütünlükdə işə vermişdi. Aylarla sərhəd rayonlarında, ermənilərlə üzbəüz işləyirdi, isti yataq, ev üzünə həsrətiydi...
***
Şeirlərini oxuyuram... Payızı heç sevməzmiş:
Qışdan baxdıq, yazdan baxdıq payıza,
Çox görmüşdük, təzdən baxdıq payıza.
Kimin taxtı, kimin baxtı payıza...
Bizim baxtın yollarını çən tutur...
2004-cü ilin payızı da uğursuz gəlir. Onu yenidən xəstəxanaya yerləşdirirlər. Həkim üçüncü infarkt risqinin olduğunu deyir. “O, vaxtının bitdiyini hiss eləyirdi, bədbin şeirlər yazırdı. Çapa hazırladığı “Domino” kitabına görə çox nigaranıydı. Deyirdi, xəstəxanadan çıxan kimi birinci işim bu olacaq. Sözünün üstündə durdu. “Domino”nu çapa verdi. “Səni yaşayıram ömür yerinə” adlı şeir kitabını da çapa hazırladı. Üçüncü kitabı isə Böyük Mərcanlı kəndinin şəhidləri haqqında olmalıydı...”
Noyabrda mənzil probleminə də, axır ki, çözüm tapmışdı - Əmircandan yarıtikili həyət evi alıb ailəsini ora köçürmüşdü. 50 yaşını dostlarıyla qeyd etməyi düşünürdü, hətta, məclis üçün yer də seçmişdi. Tələsirdi, içində ölüm xofu, gecikmək qorxusu vardı:
Ürəyim sabaha can atıb elə...
“Sabahlar o qədər”...
Bunu kim deyib?!
O qədər sabahlar vermişəm yelə,
Ölüm-sabahların cəmidi...
Heyf!
Di çıx ürəyimdən,
Di çıx canımdan!
Bir nəfəs qorxusu, bir can qorxusu!
2004-cü il, dekabrın 21- də bu qorxudan birdəfəlik qurtuldu... Hələ qara suvaq içində olan evində cəmi 39 gün yaşadı, qırxıncı səhər açılmadı... Kitablarını görə bilmədi: “Domino” ölümündən iki gün sonra çapdan çıxdı, ailəsinə göz dağı kimi... Evinə köçəndə xanımına “bundan sonra uşaqlarım üçün yaşayacam”-deyibmiş. Olmadı. Heç özü üçün də yaşaya bilmədi. Mesajınısa çoxdan vermişdi:
...Aç qapını,
Dəysin üzünə
Boş otağın havası.
Aç qapını,
Yoxam daha,
Bir qızıl güldü
Ömrümün bahası,
Tapşırdım onu
Sənə və Allaha...
Səfurə Çərkəzqızı