Rəşad Dağlı Lotu Bəxtiyarın “podelnik“i olub?
Seymur Verdizadə
Nə baş verib? Qısaca yazacam: Faciə baş verib. Bir insan həyatını, bir insan azadlığını itirib.
Bəs indi nə baş verir? Bunu da yazacam: Kimlərsə Rəşaddan kriminal avtoritet düzəltmək istəyir.
Hələ təcridxanada yerini isitməyən, qazamatın soyuq üzünü görməyən Rəşada münasibətdə cinayət aləminin qanunlarını işə salmaq istəyirlər. Bunu onun yaxın ətrafı, bəzi pərəstişkarları edir. Bu sözü sosial şəbəkələrdə azı yüz dəfə oxumuşam: "Rəşad o söyüşü yeyə bilməzdi".
Ay yoldaşlar, ay vətəndaşlar, siz Rəşadın İsgəndəri söyüş üstündə öldürdüyünü hardan bilirsiniz? Mətbuat vasitəsilə Rəşadın istintaqa verdiyi ilkin ifadəsi ilə tanış oldum. Orda hər hansı söyüşdən söhbət getmirdi. Siz sabah məhkəmədə Rəşadın nə danışacağını, qətlin səbəbini necə izah edəcəyini hardan bilirsiniz?
Hamını anlamağa çalışsam da, Rəşaddan kriminal avtoritet düzəltmək istəyən adamları heç cür anlaya bilmirəm. Bir söz adamını, bir meyxana ustasını cəmiyyətə kriminal avtoritet cildində təqdim etməyə nə ehtiyac var? Rəşadın özünün buna ehtiyacı varmı?
Həmin adamlardan soruşuram: Rəşadın əlində bir dəfə silah görmüsünüzmü? Rəşadın kimisə döydüyünü demirəm, söydüyünü görmüsünüzmü?
Rəşadın tək silahı söz olub. O, rəqiblərini həmişə sözlə vurub. Amma bu zərbədən ölən olmayıb. Söz adam öldürmür, yaralayır, incidir, insanı mənəvi əzaba düçar edir. Buna görə isə hüquqi məsuliyyət nəzərdə tutulmur.
Rəşad haqda elə danışırlar ki, bəzən mən özüm onu tanımağa çətinlik çəkirəm. Elə bilirəm ki, söhbət meyxanaçıdan yox, Lotu Bəxtiyarın “podelnik”indən gedir. Elə bilirəm ki, şəxsi münasibətlər zəminində qonşusunu öldürən şəxs söz adamı yox, Lotu Cavanşirin “xlebnik”i olub. Vaxtilə “Avtoritet” qəzetində çalışdığım üçün kriminal aləmin bəzi tanınmış simalarının həyatı ilə yaxından tanış olmasaydım, elə bilərdim Rəşad Lotu Söhbətlə “krıtı”da yatıb. Belə getsə, bir müddət sonra Rəşad Dağlının “Sanka Zver”in yetirməsi olduğunu iddia edənlər də tapılacaq. Guya kimlərsə bu yolla Rəşadın dərdinə dərman tapmağa çalışır. Amma bu “dərmanın” adamı, xüsusilə istintaq altında olan bir adamı sağaltmayacağına yüz faiz əminəm…
Danışmaqdan yorulmadınız? Bəlkə susasınız, indi də qanunlar danışsın. Axı bu ölkə qanunlarla idarə olunur. “İçəri”də yox, çöldə yazılan, altında da dövlətin imzası olan qanunlarla…