Yazar

Milyonçunun eşşək əti yeməsi...

Milyonçunun eşşək əti yeməsi...
26Dekabr 202214:10

Seymur Verdizadə

Muğandan olan həmkarım Fazil Əhməd iki gündür bir yerdə dinclik tapa bilmir. Fazil müəllim dünəndən bəri bu sözləri azı yüz dəfə təkrarlayıb: "A kişi, Sabirabadda dağ var ki, dağ keçisi də olsun?! Yerlilərim adı uzunqulaqla yanaşı çəkilən Tahir adlı o dələduzun toruna necə düşüb, hələ də anlaya bilmirəm". 

Belə hadisələr rezonans doğurduğu üçün yəqin hamınız söhbətdən xəbərdarsınız. Bilənlərlə işim yoxdur, bilməyənlər üçün yazıram: Tahir Məstəliyev adlı dələduz iş adamı Sabirabadda eşşək ətini dağ keçisi adıyla müştərilərə satırmış. Deyilənə görə, yüzlərlə insan Tahirin sayəsində "dağ keçisi"nin ətini dadıb.

Dünən mahir ovçu olan tanışım zəng etmişdi. Dedi ki, insanların avamlığı onu heyrətə gətirib: "Dağ keçisi çox həssas olur. Təhlükəni digər heyvanlardan tez duyur və bir saniyə ərzində gözdən itir. Dağ keçisi ovlamaq hər ovçunun işi deyil". 

Dünən bilmişəm ki, Tahirin yaramaz əməlinin qurbanı olan təkcə sabirabadlılar deyil. 

Milyonçu qohumunun olması ilə həmişə fəxr edən əsgər yoldaşım zəng etmişdi. Ağzını açanda ovqatının təlx olduğunu bildim: "Müəllimin nə qədər pulunun olduğunu bilirsən?" 

Belə söhbətlərdən zəhləm getsə də, xətrinə dəyməmək üçün könülsüz cavab verdim: 'Ucundan-qulağından eşitmişəm".

Deyəsən, laqeydliyim xoşuna gəlmədi. Bir qədər incik tərzdə, amma həvəslə söhbətə davam elədi: "Müəllimdə pul mal peyini kimidir. Hər həftə bir ev alır". 

Yenə laqeyd cavab verdim: "Allah olmayanlara da qismət eləsin!" 

"Amin" deməyə lüzum görməyib sözünün davamını gətirdi: "Müəllimin başına iş gəlib". 

Bu dəfə laqeyd qala bilmədim: "Nə iş?"

İndi daha həvəslə danışırdı: "Müəllimin Sabirabaddan Tahir adlı dostu var. Tahir neçə vaxtdır müəllimə dağ keçisi gətirirdi. Dünən Tahiri tutublar..."

Sözünü tamamlamağa imkan vermədim: "Yəqin başqaları kimi müəllimə də eşşək əti satıb". 

Cavabı belə oldu: "Eşşək ətini müəllimdən yüz dəfə kasıb, amma bizdən yüz dəfə varlı olan adamlara satıb. Müəllimə kilosu 30 manata dörd-beş aylıq qoduqların ətini satıb". 

Müəllim dediyi adamın yekəxanalığı haqda çox eşitdiyim üçün onun avam yerinə qoyulması məni zərrə qədər də narahat etmədi. Belə dedim: "Əşşi, həmişə kasıb yararsız ət yeyəsi deyil ki... Qoy bir dəfə də varlı yesin. Dünya dağılmaz". 

Səsindən incidiyi aşkar duyulurdi: "Bir-iki dəfə bağında məni də "keçi əti"nə qonaq edib. Yəni o qoduqların ətindən mən də yemişəm..." 

Qeyri-ixtiyari dilləndim: "Nuş olsun!" 

Telefonu üzümə qapatdı. Amma bu, məni zərrə qədər də narahat etmədi. Onsuz da deməyə sözüm qalmamışdı. 

P.S. Azərbaycanda varlılarla kasıbların oxşar qida rasionuna malik olduğunu ilk dəfədir eşidirdim. Kasıb eşşəyin özünün, varlı isə balasının ətini yeyir...

Müəllifin digər yazıları

Qucaqdan düşməyən müğənnilər...

Qucaqdan düşməyən müğənnilər...

Əvvəllər atalar valideynlərinin yanında azyaşlı övladlarını qucaqlarına almazdılar ki, camaat nə deyər?!

Camaat dedikləri el-oba, kənd-kəsək idi. Böyüyə hörmət, kiçiyə məhəbbət vardı. Heç kim böyüklərin yanında əndazəni aşmaq istəmirdi... 

Deyib ki, Qarabağa qayıtmayacağıq. Qayıdanın...

Deyib ki, Qarabağa qayıtmayacağıq. Qayıdanın...

Seymur VERDİZADƏ Arvadının tumanını geyinib min bir hilə ilə "Laçın" postundan keçərək İrəvana sığınan separatçı dəyyus Samvel Babayan Azərbaycanın qarşısında şərt qoyub: "Muxtariyyət verilməsə, geri qayıtmayacağıq".

Deyəsən, humanistliyimiz bu əclafı aldadıb.

Bu gün qəlyan çəkən sabah nəşə çəkər...

Bu gün qəlyan çəkən sabah nəşə çəkər...

Seymur Verdizadə Məşhur lətifəni eşitmisiniz?  Eşitməyənlər üçün yazıram: Qısqanc ər həyat yoldaşını döymək üçün hər gün müxtəlif bəhanələr uydurur. 

Döyülməkdən bir dəri, bir sümük qalan zavallı qadın ərinin bəhanələrini aradan q

Yazıb ki, sən özün də bar qızının tayısan...

Yazıb ki, sən özün də bar qızının tayısan...

Seymur Verdizadə

Rusiya Ukraynaya təcavüz edəndə, qəhrəman ukraynalılar Zelenskinin rəhbərliyi altında düşmənə müqavimət göstərəndə bir məqalə yazmışdım. Nə olsun ki, üstündən 15 ay keçib? Axı biz internet əsrində yaşayırıq. İnformasiya texnologiyalarının köməyilə həmin ya

Yaş 70-ə çatan kimi deyirlər, niyə ölmürsən... 

Yaş 70-ə çatan kimi deyirlər, niyə ölmürsən... 

Seymur VerdizadəCo Bayden 86 yaşına kimi ABŞ prezidenti olmaq istəyir. 

Bilirsiniz, bu nə deməkdir? 

81 yaşlı Bayden əmi gələn ilin noyabrında birinci prezidentlik müddətini başa vurub ikinci dəfə Ağ Evin "sükanı" arxasına keçmək istəyir. 

Ömrünün