Sara Sarayevanın səksəkəli taleyi - Hacı Zeynalabdinin QIZI-III
Əvvəli 2-3 mayda
Sara xanım atasının məktəblərində oxumuş məzunlardan, onun müəssisələrində işləmiş işçilərdən Tağıyev haqqında yazılı xatirələr toplamışdı. Onların demək olar ki, hamısı Hacını xoş və səmimi sözlərlə anırdılar. Məsələn, Azərbaycan Dövlət Universitetinin professoru, Azərbaycan Yazıçılar İttifaqının üzvü Mirzə Feyzulla Qasımzadə xatırlayırdı ki, Hacı Zeynalabdin Tağıyev 1896-cı ildə Bakı quberniyasının Mərdəkan kəndində kəndli uşaqlarını oxutdurmaq məqsədi ilə məktəb açmışdı.
“Mən özüm şəxsən 1908-1912-ci illərdə həmin məktəbdə təhsil almışam. Belə məktəbləri o, yalnız Mərdəkanda deyil, Azərbaycanın digər kəndlərində də açırdı. Mənə məlumdur ki, belə məktəblərdən birini o, keçmiş Göyçay qəzasının Qəziyan kəndində inşa etmişdi. 1917-ci ilin fevralında mən Qəziyanda həmin məktəbə ibtidai siniflər üzrə müəllim təyin edilmişdim. Mən kəndin mərkəzində yerləşən 7-8 otaqdan ibarət olan bu məktəbdə dərs deyirdim”.
Digər bir xatirəsində professor Mirzə Feyzulla yazırdı ki, “bir dəfə Azərbaycan Sovet hökumətinin sədri Nəriman Nərimanov Mərdəkana gəlmişdi. Yığıncaqda çıxış edərkən o, Hacının adını xatırlatdı. Yığıncaqdan sonra kəndlilərdən biri ona məlumat verdi ki, Tağıyev xəstədir. Nərimanov dedi ki, “1906-cı ildə keçirilmiş müəllimlər qurultayında bir məsələnin müzakirəsində mən Hacı ilə mübahisə etmişəm. Lakin buna baxmayaraq o, çox yaxşı və çox faydalı adamdır. Mən gedib ona baş çəkməyi öz borcum hesab edirəm”. Bunu deyib o, getdi, Hacıya baş çəkdi və səhhətini soruşdu”.
Bu epizod ayrı bir xatirədə də keçirdi. Mərdəkandan Əliyev Eldar Əsgər oğlu öz xatirəsində yazırdı: “1920-ci ildə Azərbaycanda Sovet hökuməti qurulduqdan sonra mən həmin Mərdəkan kəndində birinci revkom olmaqla, eyni zamanda Mərdəkan kənd icraiyyə komitəsinin sədr müavini (1922-ci ildə) olmuşam. 1922-ci ildən sədr vəzifəsində işləmişəm. Bu illərdə yoldaş Nəriman Nərimanov Mərdəkan kəndinə gəlib, kəndin ictimai, mədəni və maarif işlərini daha da qaldırmaq məqsədi ilə söhbətlər aparırdı. Eyni zamanda, Nəriman Nərimanov dəfələrlə bizə tapşırırdı ki, “siz Hacıdan muğayat olun, onun hörmətini saxlayın, çünki o, maarifpərvər və xalq maarifi uğrunda çalışmış adamdır. Heç vaxt onu başqa dövlətlilərlə bir tutmaq olmaz. O, xalqın istirahətini, mədəniyyətini sevən və onu yüksəklər qaldıran bir şəxsdir””.
Mərdəkan kəndinin 9 nəfər sakini də Tağıyevin xeyirxahlığı, kənd əhalisinə göstərdiyi diqqət və qayğı haqqında ürək sözlərini yazıb Sara xanıma vermişdi. Milliyyətcə erməni olan müəllim A.Abroyanın xatirələrində çox maraqlı məqamlar var idi. O, yazırdı ki, “Azərbaycan SSR Xalq artisti Alma xanım Safrazyanla mən 1923-cü ildə tanış olmuşdum. Alma xanım Azərbaycan Dram Teatrına gələnə qədər səhnədə qadın rollarını kişilər oynayırdı. Safrazyan mənə mədəniyyət və incəsənətlə əlaqəsi olan adamlara Tağıyevin böyük diqqətindən danışdı. Tağıyev Safrazyanlar ailəsinin vərəmə tutulmuş oğlunu müalicə üçün İsveçrəyə göndərmişdi”.
Nəriman Nərimanovun yaxın qohumu həkim Nabat xanım Nərimanova 17 il ərzində (1901-1917) Tağıyev məktəbini bitirmiş 700 qızdan biri idi. Yoxsul ailədən çıxdığı üçün o, təhsil haqqı ödəmirdi. Nabat xanım Tağıyev məktəbi haqqında xatirələrində qeyd edirdi ki, “tədris proqramından başqa şagirdlərə əlavə olaraq paltar biçmək və tikmək peşəsini də öyrədirdilər. Bundan əlavə klassikləri öyrənmək vasitəsi kimi qız şagirdləri faytonlarla “Yevgeni Onegin”, “Demon”, “Otello” və başqa tamaşalara aparırdılar... Hər iki-üç gündən bir diş həkimi gəlib şagirdlərin dişlərini yoxlayırdı. Terapevtlər demək olar ki, sistematik olaraq məktəbdə oxuyan qızların sağlamlıq vəziyyətinə nəzarət edirdilər. Müayinə zamanı sağlamlığında şübhəli məqamlar olan şagirdlər xüsusi guşələrdə saxlanılırdı”.
Məktəbin məzunu olan həkim Şəhrəbanu xanım Şabanovanın (Xasməmmədova) da Tağıyev və qızlar məktəbi haqqında xatirələri çox maraqlı idi. O və bacısı Xavər xanım Qarayeva (Əliheydər Qarayevin həyat yoldaşı) təhsil haqqından azad edilmişdilər. Şəhrəbanu xanım xatırlayırdı ki, onun oxuduğu dövrdə məktəbin bütün işçiləri qadınlardan, direktor Məryəm xanım Sulkeviç, sonra Gülbahar Axriyeva, müəllimələr Rəhilə xanım Hacıbababəyova-Terequlova, Gülsüm xanım Subhanqulova, Mavila xanım Palovandrova, Səriyyə xanım Əhmədova, Adilə xanım Şahtaxtinskaya və digərlərindən ibarət idi. Müstəsna hal kimi dairə maarif inspektoru Sultan Məcid Qənizadə, həmin vaxt azərbaycanlı qadın həkim olmadığı üçün kişi həkim və bir də məktəbin gözətçisi olan yaşlı tatar Cəmaləddin məktəbə girə bilərdilər.
Şəhrəbanu xanım yazır: “Tağıyev tez-tez məktəbə gəlirdi. O, bizimlə söhbət edir və oxumağı, gözlərimizin açılmasını təşviq edirdi. Onun xanımı Sona xanım demək olar ki, hər gün məktəbə gəlirdi. Böyük bayramlarda bizi Tağıyevin evinə nahar və günorta yeməyinə dəvət edirdilər. Orada bizi onun bizimlə həmyaşıdlarımız olan qızları qarşılayırdı... Əgər ilk dövrlərdə təhsil alan qızlar hamısı kənardan gəlirdilərsə, bir az sonra Bakı elitasının uşaqları olan yerli qızlar da onların arasında görünməyə başladılar”.
Məktəbin məzunu İzzət xanım Məcidova öz xatirələrində müsəlman cəmiyyətində qızlar üçün məktəb açmağın çətinliklərinə toxunaraq yazırdı ki, “valideynlərim məni məktəbə qoyanda, buna görə ictimaiyyət bizim ailəni boykot etməyə başladı”. O, Tağıyevin xeyirxahlığını belə səciyyələndirirdi: “Mən balaca olanda vəba və aclığa düçar olan adamlara göstərdiyi yardıma görə xalq arasında onun haqqında mahnılar dolaşırdı, onun yalnız bir bəndi yadımda qalıb:
Hacı Zeynal Abidin,
Xas bəndədir xudayə.
Açıb düyü anbarın,
Paylayır füqərayə!”.
1914-1917-ci illərdə qızlar məktəbində oxumuş Gövhər xanım Usubova Qazaxın Salahlı kəndindən idi. O, valideynlərini erkən yaşlarında itirmişdi. 7 yaşına qədər tərbiyə etdikdən sonra dayısı onu və bacısını Tağıyev məktəbinə vermişdi. Onlar məktəbdə pulsuz oxuyur və pansionatda yaşayırdılar. Gövhər xanım deyirdi ki, “hər bayramda bizim məktəbin yuxarı sinifdə oxuyan qızlar Hacının qonağı olurdular, kiçik yaşlı qızlara isə Sona xanım müxtəlif şirniyyat və tortlar göndərirdi. Hər cümə günü uşaqları əyləndirmək üçün bizə konsert göstərirdilər.
Şagirdlərin öz gücü ilə məktəbdə “Arşın mal alan” pyesini göstərəndə əsas rolu Reyhan xanım Axundova (professor Topçubaşovun həyat yoldaşı) oynayırdı... Bizim məktəbdə çox yaxşı səhnə var idi. Həmin səhnədə şagirdlər tez-tez Sabirin “Oxutmuram, əl çəkin” şeirini deyirdilər. Çox balaca olmağıma baxmayaraq mən də bir dəfə o şeiri dedim. Hacı özü səhnədə məni qucağına aldı, öpdü və başımı sığalladı”.
Məşhur bəstəkar Qara Qarayevin anası Sona xanım Axundova da qızlar məktəbinin məzunu kimi Tağıyev haqqında öz fikirlərini yazmaqdan çəkinməmişdi. O, Tağıyevin tez-tez məktəbə gəldiyini və şagirdlərlə söhbət etdiyini xatırlayaraq qeyd edirdi ki, bir gün Hacı məktəbdə onlarla söhbətində deyib: “Təhsil almadan siz yaxşı ana ola bilməzsiniz”.
Belə tanınmış məzunlarla yanaşı, Sara xanım Bakı, Mərdəkan, Əhmədli, Zığ və digər şəhər, kənd və qəsəbələrdə yaşayan, vaxtilə Tağıyevin müəssisələrində işləmiş, onun xeyirxahlığının şahidi olmuş sadə insanlardan da atasının xeyirxahlığı haqqında xatirələr toplamışdı. Bunlardan Mövsüm Məmmədovun, Əhmədli Həsən Hacı Abbasqulu oğlunun, Qafar Qafarovun, Rzayev Əlabbas Məmməd Hənifə oğlunun, Səfərova Dostuxanımın, Bilqeys Baqiyevanın, Qurbanov Qurban Rzaəli oğlunun, Sima Əliyevanın, Dadaş Əliyevin, Hacıbəy Əlizadənin, Mürsəl Əliyevin, İsmayıl Mailovun, Ağababa Aslanovun, Məmmədsadıx Hüseynovun, Hacırza Məmmədovun, "Dəbistan" jurnalının redaktorunun və digərlərinin Tağıyev haqqında dedikləri çox maraqlı idi. Sara xanım çoxlu sayda belə xatirələr toplamış, onların hamısını rus dilinə tərcümə edib SSRİ-nin və Azərbaycan SSR-in partiya və hökumət rəhbərlərinə, mətbuat orqanlarına göndərmişdi. O, bu xatirələr və topladığı arxiv materialları, çap olunmuş elmi ədəbiyyat əsasında 243 səhifə həcmində bir əlyazma hazırlamışdı və onu kitab kimi nəşr etmək istəyirdi. Sara xanım bu əlyazmanın bir surətini Azərbaycan KP MK Təbliğat və Təşviqat şöbəsinin müdiri Şıxəli Qurbanova vermişdi. Qurbanov isə onu rəy üçün Azərbaycan SSR EA-nın Tarix institutunun direktoru, akademik İsmayıl Hüseynova göndərmişdi.
Sara xanım böyük çətinliklər hesabına topladığı bu xatirələri göz bəbəyi kimi qoruyurdu. Onlar hamısı adamlar tərəfindən əl yazısı ilə, öz xətləri ilə yazılmışdı. Bütün ömrü boyu bu xatirələri bir yerə çıxanda özü ilə gəzdirirdi ki, hər yerdə sülənən DTX casusları onların əslini ələ keçirməsin. Həmin əlyazmaların bəzilərinin surətini tədim edirəm…
P.S. Aşağıda Sara xanım və həyat yoldaşı Nikolay Sarayev
Ardı var
Cəmil Həsənli,
Professor, tarix elmləri doktoru