Sara Sarayevanın səksəkəli taleyi - Hacı Zeynalabdinin QIZI-IV
Əvvəli 2, 3, 4 mayda
Tağıyev haqqında xatirələr toplamaq elə də asan deyildi. Sara xanımın müraciət etdiyi adamlar içərisindən danışmaqdan və danışdıqlarının yazıya alınmasından imtina edənlər də çox olmuşdu. Xüsusilə, vaxtı ilə Tağıyevin müəssisələrində işləmiş köhnə bolşeviklər deyirdilər ki, “biz danışmağa qorxuruq, bilmirik Tağıyev haqqında həqiqətləri deməyə partiya icazə verirmi?”.
Bəzi şəxslər Tağıyev haqqında yaxşı şeylər danışır, lakin onun yazıya alınmasını istəmirdi. DTK, partiya və sovet orqanları məsələdən xəbər tutduqda Tağıyev haqqında xatirələrini yazmış adamları çağırıb qorxudur, onlardan öz sözlərini geri götürməyi tələb edirdilər. Sara Sarayeva yazır ki, “mənim işlədiyim atmosfer çox ağır idi, məni qorxudur və tələb edirdilər ki, fəhlələrdən xatirələr toplamayım... Dövlət nəzarəti idarəsinin gözətçisi M.Həsənov elə qorxmuşdu ki, bir neçə gün sonra məni axtardı və yalvardı ki, onun xatirəsini cırıb atım. Qorxurdu ki, onu həbs etsinlər, partiyadan qovsunlar. Biz onunla raykoma getdik. Fikirləşirdim ki, məni orada müdafiə edəcəklər. Bizimlə görüşən təlimatçı ona dedi ki, o, yazdıqlarını geri almalıdır, digər təlimatçı məsləhət gördü ki, yazdıqlarını dəyişsin və əlavələr etsin”.
Sara xanım bu xatirələri toplayanda Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutundakı kitabxananın oxu zalında işləyirdi. Onun oxu zalına gələn tələbələrə atası haqqında tez-tez məlumat verməsi, topladığı xatirələri nümayiş etdirməsi, kitabxana fondundan bir sıra kitabları onlara oxumaq üçün verməsi İnstitutun rəhbərliyini narahat etməyə başlamışdı. Rektorluq tərəfindən ona bir neçə dəfə xəbərdarlıq edilmişdi ki, bu işlərlə məşğul olmasın. Hətta qohumları vasitəsi ilə ona təsir göstərilmişdi ki, Tağıyevin adının bərpa edilməsi ilə bağlı cəhdlərindən əl çəksin. Lakin Sara xanım öz inadından dönmək istəmirdi. Onu qorxutmaq və günahlandırmaq üçün oxu zalından bir neçə kitab oğurlandı. Guya Sara xanım axşam iş vaxtı qurtaranda oxu zalının qapısını bağlamağı unudub və kimsə qapısı açıq qalan kitabxanadan kitabları oğurlayıb. Bu hadisə 1956-cı ilin sentyabr ayının 15-də baş vermişdi. Həmin gün oxu zalını Sara xanımla birlikdə tərk edən institutun IV kurs tələbələri A.Babaxanova və A.Kazımov, III kurs tələbəsi C.Tağıyeva akt tərtib etdilər ki, sentyabr ayının 14-də iş vaxtı qurtaranda onlar Sara xanımla birlikdə oxu zalını tərk ediblər və onların gözü qarşısında Sara xanım oxu zalının qapısını açarla bağlayıb. (Bu aktın surəti ilə tanış ola bilərsiniz).
1956-cı ilin payızından başlayaraq o, artıq Moskva mətbuatına atası ilə bağlı müraciətlər göndərməyə başlamışdı. İlk belə müraciəti Sara Sarayeva Moskvada nəşr olunan “Partiynaya jizn” (Partiya həyatı) jurnalına göndərmişdi. Jurnalın baş redaktoru Y.Storojev onun müraciətini araşdırmaq üçün Azərbaycan KP MK-nın ikinci katibi Dmitri Yakovlevə göndərmişdi. O, xahiş edirdi ki, müraciətdə qaldırılan məsələlər öyrənilib məktub müəllifinə cavab verilsin. Yakovlev məktubu araşdırmaq üçün onu Azərbaycan KP MK yanında partiya tarixi institutunun direktoru Məmməd Salman oğlu İsgəndərovun üstünə yazdı.
Sara xanımın Moskvaya, mərkəzi orqanlara məktub və müraciətlər göndərməsi Azərbaycan rəhbərliyini narahat etməyə başlamışdı. Məhz, bu narahatçılığın təzahürü kimi M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutunun rəhbərliyi 1957-ci il iyunun 17-də onu müayinədən keçmək üçün psixonevroloji dispanserə göndərdi. Ambulator müayinədən sonra iyulun 1-də rektorluğun sorğusuna yazılı məlumat verildi ki, Sara Zeynalovna Sarayeva əsəb-psixoloji durumuna görə maddi məsul məsələlərlə bağlı vəzifələrdə işləyə bilməz. Bu tibbi arayış Sara xanımı işdən uzaqlaşdırmaq üçün bir bəhanə idi. Əslində isə onu, XX qurultayın verdiyi imkanlara söykənərək atası Tağıyevin XX əsrin əvvəllərində Azərbaycan maarifi və mədəniyyəti üçün göstərdiyi xidmətləri üzə çıxarmaq və atasının maarifpərvər adını bərpa etmək üstündə cəzalandırırdılar.
İnstitutun rektor əvəzi Qulam Məmmədov və partiya təşkilatı katibi İ.Müslümov 1957-ci il noyabrın 20-də Şıxəli Qurbanova yazdıqları məktubda bunu açıq şəkildə ifadə edirlər. Onlar nevroloji dispanserin müayinə haqqında rəyinə toxunduqdan sonra yazırlar ki, “daimi əsəb gərginliyi şəraitində olmaq Sarayevanın kitabxanada işləməsinə imkan vermir, tez-tez o, oxu zalından qeydiyyat aparmadan kitabları tələbələrə verir və özü də qalaq-qalaq kitabları evə aparır, halbuki, oxu zalından kitabların evə verilməsinin qadağan olduğu ona məlumdur. Nəticədə rəhbərlik iki dəfə itən kitabların pulunu onun əmək haqqından tutub. SaraSarayevada belə mümkünsüz bir ideya baş qaldırıb ki, kapitalist atası Hacı Zeynalabdin Tağıyevin adını “maarifpərvər”, Azərbaycanın mədəni həyatının “banisi” kimi bərpa etsin. Bu ideya daimi olaraq onun düşüncəsinə hakim kəsilib. Sara Sarayeva fəal şəkildə atası, keçmiş milyoner Tağıyevin şəxsiyyətə pərəstişini təbliğ etməyə girişib. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, Tağıyevin “maarifpərvər fəaliyyəti” haqqında tələbələr arasında olan çıxışlarına son qoymur. Sara Sarayeva işi qoyur, rəhbərliyin və partiya təşkilatının xəbəri olmadan tələbələri toplayır və ya yoldan keçənlərə Tağıyev haqqında “mühazirə” oxuyur. Sara Sarayeva xəstəliyə görə (II qrup əlil kimi) pensiya alır”.
Ancaq 10 il sonra 1968-ci ilin oktyabr ayının 10-da imzaladığı arayışda Qulam Məmmədov etiraf edirdi ki, 1955-1957-ci illərdə institutun kitabxanasının oxu zalının müdiri kimi Sara Sarayeva bütün iş müddətini özünün müsbət tərəflərini göstərib, işə vicdanlı münasibət bəsləyib, İnstitutun professor-müəllim və tələbələri arasında hörmətə malik olub. 1978-ci ildə imzaladığı arayışda Xarici Dillər İnstitutunun elm və tədris işləri üzrə keçmiş prorektoru etiraf edirdi ki, o, Sara Sarayevavanın fəaliyyətini yoxlayan komissiyanın tərkibində olub və Sarayevanın tutduğu vəzəfədən azad edəlməsi onun öz işini yerinə yetirə bilməməsi ilə bağlı olmayıb. Əksinə Sarayeva vicdanla işləyib, işin öhdəsindən gəlib, özünü intizamlı aparıb.
Sara xanımın işdən azad edilməsinə baxan komissiyanın üzvü olmuş C.Qəhrəmanov 1972-ci ildə verdiyi arayışda məsələyə daha dəqiq aydınlıq gətirirdi. O, yazırdı:
“Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji İnstitutunun dosenti kimi mən Sara Sarayevanın işdən azad edilməsi üçün yaradılan komissiyanın üzvü olmuşam. Onun işdən azad edilməsi qeyri-sağlam siyasi mövzu ilə bağlı idi. Sara Sarayeva atası milyonçu Hacı Zeynalabdin Tağıyevin mütərəqqi və maarifçi fəaliyyətinin qəbul edilməsini irəli sürmüşdü. Məndən başqa komissiyaya Q. Məmmədov, A. Məmmədov, A.Musayev və S. Bağırov daxil idi. (Bu arayışların surətləri ilə tanış ola bilərsiniz)”.
Beləliklə, rəhbərlik və xüsusi şöbə tərəfindən (yəni DTK) iki dəfə xəbərdarlıq edildikdən sonra o, oxu zalının bağlanması bəhanəsi ilə işdən azad edildi və 243 manat pensiyanın ümidinə qaldı. Baş verənlər Sara xanımın Azərbaycan rəhbərliyinə olan ümidlərini sarsıtdı. Onun fəallığının qarşısını almaq üçün Azərbaycan mətbuatında Tağıyevə qarşı bir sıra məqalələr çap edildi, həmin yazılarda Azərbaycanda qızlar məktəbinin açılmasının Tağıyevlə bağlı olmadığı, Həsən bəy Zərdabiyə (Məlikova) aid olduğu təşviq edilməyə başladı. Azərbaycan KP MK Təbliğat və Təşviqat şöbəsi müdirinin müavini Mixail Okulovun qəbulunda olanda Nəsir İmanquliyev və Nikolay Makeyevin iştirakı ilə Okulov ona dedi ki, Tağıyev sinfi düşməndir. Onda Sara xanım soruşdu: “Bəs onda I Pyotr, Yuri Dolqoruki, Aleksandr Nevski, Qlinka, Tretyakov, Baxruşin və başqaları kim olub?..”.
Ardı var
Cəmil Həsənli,
Professor, tarix elmləri doktoru