Toplum

Sara Sarayevanın səksəkəli taleyi - Hacı Zeynalabdinin QIZI-VII

Sara Sarayevanın səksəkəli taleyi - Hacı Zeynalabdinin QIZI-VII
16May 202322:07

Əvvəli 2-3-4-5-8-9 mayda

Qlavlit Xəlil Əfəndiyev öz narahatçılığını ifadə edirdi ki, indi Azərbaycanda mədəni-maarifin inkişaf tarixi haqqında yazan ayrı-ayrı müəlliflər Azərbaycan xalqının mədəniyyətinə və maarifinə qayğı göstərmiş Tağıyevin adını çəkməyi özünə borc bilir. O, yazırdı: “Milyonçu Tağıyevi və digər kapitalistləri yeni nəslə guya Azərbaycan xalqının maarif və mədəniyyətinin inkişafına çox qayğı göstərmiş ictimai və mütərəqqi xadimlər kimi təqdim etmək onların adını süni şəkildə tarixdə əbədiləşdirmək, Azərbaycan xalqının “xeyirxahları” kimi onlara hörmət və rəğbət ifadə etmək kökündən səhvdir. Məlumdur ki, Bakıda Tağıyev kimi milyonçular az deyil. Gələcəkdə digər kapitalistlər haqqında da müsbət rəylərin olmayacağına heç bir təminat yoxdur. Bütün bunlar ideoloji məsələlərlə bağlı bizim partiyanın qərarları ilə ziddiyyət təşkil edir”.
Bütün bunları məruzə edən Qlavlit hesab edirdi ki, Azərbaycan KP MK bu məsələləri müzakirə etməli və bu səpkidə olan nöqsanların aradan qaldırılmasını nəşriyyat və jurnal redaksiyaları rəhbərlərinin diqqətinə çatdırmalıdır.

1961-ci ilin sentyabrında Azərbaycan Kommunist Partiyasının XXV qurultayı işə başlayanda Sara Sarayeva atasının adının, onun xeyirxah əməllərinin obyektiv işıqlandırılması ilə bağlı qurultaya 10 səhifəlik geniş müraciət göndərdi. Həmin vaxt qurultaya ünvanlanmış bir sıra ərizə və şikayətlər təcili şəkildə həll edilsə də, onun müraciətinə müsbət yanaşılmadı. Yalnız iki ay sonra Mərkəzi Komitənin məsul işçisi Məmməd Əmin Qazıyev onun məktubu ilə bağlı Azərbaycan KP MK-ya qısa arayış hazırladı. O, yazırdı ki, “Azərbaycan Kommunist Partiyasının XXV qurultayının adına vətəndaş Sara Sarayevanın müraciəti daxil olmuşdur. Uzun müddətdir bu mövzuda partiya və dövlət orqanlarına müraciət edən Sarayeva atası, inqilaba qədərki Azərbaycanın məşhur neft sənayeçisi Hacı Zeynalabdin Tağıyevin fəaliyyətinin sovet tarix ədəbiyyatında doğru işıqlandırılmamasından şikayət edir. O, tələb edir ki, mövcud tarix ədəbiyyatında onun atasının adı və əməllərinin qiymətləndirilməsinə yenidən baxılsın, Tağıyev mütərəqqi xadim kimi təqdim edilsin. Bunu əsaslandırmaq üçün o, Tağıyevin birinci kənd təsərrüfatı məktəbi, Azərbaycan qadın məktəbi açmasına, milli teatr tikməsinə istinad edir. Məlumdur ki, belə maarifçi fəaliyyətinə baxmayaraq milli burzuaziyanın tipik nümayəndəsi kimi Tağıyev iri istismarçı kapitalist olmuş, öz sinfinin maraqlarını güdmüşdür. Ona görə də onun fəaliyyətinə yenidən baxmağa zərurət yoxdur. Tağıyevin maarif və mədəniyyət sahəsində roluna gəldikdə, bu rol respublika alimlərinin əsərlərində əsasən doğru işıqlandırılır. Vətəndaş Sara Sarayevanın tələbələr, aspirantlar və digərləri ilə söhbətlərdə az qala Tağıyevi inqilabçı kimi təqdim etməsini, daimi olaraq atası haqqında müxtəlif şəxslərdən xatirələr toplamasını nəzərə alaraq, onun bu işlərə son qoyması haqqında çalışdığı orqana ciddi şəkildə xəbərdarlıq edilməsi məqsədəuyğundur”.

Sara xanım 1961-ci ildə Sov.İKP MK-ya yenidən 7 səhifəlik məktub yazıb bildirmişdi ki, onun atası maarifçi olub, məktəblər açıb və Sovet hakimiyyətinin ilk illərində Azərbaycana rəhbərlik edən şəxslərin bəziləri məhz onun atasının ayırdığı vəsaitlər hesabına təhsil alıblar. O, bildirirdi ki, Azərbaycan Sovet tarixçiləri Tağıyevin fəaliyyətini təhrif edirlər və tələb edirdi ki, onun atasının maarifpərvər əməlləri haqqında ayrıca kitab yazılmalıdır. Sov.İKP MK elm və məktəblər şöbəsinin müdir müavini A.Monin onun məktubunu araşdırmaq üçün Azərbaycan KP MK-nın elm və məktəblər şöbəsinə göndərdi, Monin xahiş etdi ki, araşdırmadan sonra Sara Sarayevaya cavab verilsin və onun məktubu cavabla birlikdə geri göndərilsin.
Məktubda qeyd edilən məsələlər ətrafında Sara xanımla söhbət edildikdən sonra Azərbaycan KP MK-nın elm və məktəblər şöbəsi tərəfindən Moskvaya göndərilən cavabda yazılırdı:

“Yoldaş Sara Sarayevaya izah edildi ki, onun atasının maarifçilik fəaliyyətinə həsr edilmiş ayrıca monoqrafiya nəşr edilməyəcək, lakin Azərbaycan xalq təhsili tarixinə həsr olunmuş bu və ya digər işlərdə Hacı Zeynalabdin Tağıyevin bu sahədəki xidmətləri qeyd ediləcəkdir. Eyni zamanda ona izah edildi ki, atasının fəaliyyətinin qiymətləndirilməsində heç bir təhriflərə yol verilməyib, belə ki, neft sənayeçisi olan Tağıyev məktəblərlə yanaşı, həbsxanalara da maddi yardım göstərib. Yoldaş Sarayeva onun tərəfindən qoyulan məsələnin belə həlli ilə razılaşmadı. Məktubun sonunda qeyd edilirdi ki, yoldaş Sarayeva 1954-cü ildən şizofreniya xəstəliyindən əziyyət çəkir, Bakı psixonevroloji dispanserində stasionar müalicə alıb və öz xəstəliyi ilə bağlı hazırda orada qeydiyyatdadır.

Bütün təhdidlərə, təzyiqlərə və məhrumiyyətlərə baxmayaraq Sara xanım öz mübarizəsini ötən əsrin 60-80-cı illərində də davam etdirdi, döymədiyi qapı qalmadı, yazmadığı yer qalmadı. Sovetlər Birliyi dağılana qədər o, mübarizəsini dayandırmadı. Ən ağır mərhumiyyətlərə dözdü.

Çəkdiyi bütün əzablar və məşəqqətlərə rəğmən Sara xanım gənc yaşlarından etibarən faciəvi dedektivi xatırladan 92 illik uzun bir ömür yaşadı. O, SSRİ-nin dağılmasını, atasının adına və əməllərinə sayğı ilə yanaşılmasını gördü və 1991-ci il dekabrın 15-də vəfat etdi. Hörmət əlaməti olaraq onu Mərdəkan məzarlığında atası Hacı Zeynalabdin Tağıyevin bərpa olunmuş qəbrinin yanında dəfn etdilər. Onun keçdiyi həyat yolu dedektiv xarakterli bədii filmin mövzusu ola bilər, o, Sovet dövründə bir sistemə qarşı dayanmağın örnəyini yaratdı. Bu bədii ədəbiyyat üçün təkrarsız bir obrazdır. Ən azından o, tarix sahəsində maraqlı bir dissertasiya işinin mövzusu ola bilər. Amma nə bu filmin çəkilməsinə, nə bu bədii əsərin yazılmasına, nə də bu dissertasiya işinin araşdırılmasına təşəbbüs edən yoxdur. Adam dramatik, əfsanəyə bənzər bir həyat yaşayıb. Aşağıda qoyduğum sənədlər də bunu təsdiq edir.

Son

Cəmil Həsənli,
Professor, tarix elmləri doktoru