Mədəniyyət

Xalq artisti Ramiz Məlik vəfat etdi

Xalq artisti Ramiz Məlik vəfat etdi
14Dekabr 202309:09

Azərbaycan Respublikasının Xalq artisti, tanınmış teatr və kino aktyoru Ramiz Məlik bu gün səhər saatlarında vəfat edib.

Azlist.az xəbər verir ki, bu barədə mərhumun yaxınları sosial şəbəkələrdə məlumat yayıblar.

Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı xəbəri təsdiqləyib.


Qeyd edək ki, Ramiz Məlik uzun müddət idi ki, xəstə idi.
 

Ramiz Məlikov 4 avqust 1943-cü ildə Bakıda doğulub. 1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rza Təhmasibdən, Tofiq Kazımovdan, Məlik Dadaşovdan dərs alıb. 1967-ci ildə həmin ali təhsil ocağının məzunu olub.


1967-ci ildə Akademik Milli Dram Teatrının truppasına işə götürülüb. Aktyorluq etməklə yanaşı, Əkrəm Əylislinin "Yastı təpə" (quruluşçu rejissor Tofiq Kazımov), Leonard Frankın "Yad adam" (quruluşçu rejissor Oruc Qurbanov), İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" (quruluşçu rejissor Mərahim Fərzəlibəyov) və s. pyeslərinin tamaşaya hazırlanmasında rejissor və rejissor assistenti kimi çalışıb.

Ramiz Məlik Azərbaycan Dövlət Televiziyasının və Akademik Milli Dram Teatrının onlarla tamaşada müxtəlif rollarda çıxış edib.

Eyni zamanda onlarla filmdə yaddaqalan obrazlar oynayıb.

Ramiz Məlik 1984-cü ildə Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb. 1 dekabr 1982-ci ildə "Azərbaycan SSR əməkdar artisti", 24 may 1998-ci ildə isə "Azərbaycan Respublikasının Xalq artisti" fəxri adları ilə təltif olunub. Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Sənətkar" medalına, 2010-cu ildə isə Cəfər Cabbarlı mükafatına layiq görülüb.]


29 oktyabr 2019-cu ildə Azərbaycanda teatr sənətinin inkişafındakı xidmətlərinə görə 2019-cu ildə "Şöhrət" ordeni ilə təltif olunub. Prezident təqaüdçüsüdür.


14 avqust 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanda teatr sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
 

Allah rəhmət eləsin.