Mədəniyyət

Aygün Bəylər vəfat etdi - Sənətçinin DOSYESİ

Aygün Bəylər vəfat etdi - Sənətçinin DOSYESİ
7Yanvar 202411:52

Azərbaycan Respublikasının Əməkdar artisti Aygün Hümbətova (Bəylər) 48 yaşında vəfat edib.

Azıist.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat yayıb.

“Bir qədər əvvəl Azərbaycan Respublikasının Əməkdar artisti Aygün Hümbətova (Bəylər) Türkiyənin paytaxtı Ankara şəhərində vəfat edib. Mədəniyyət Nazirliyinin kollektivi və mədəniyyət ictimaiyyəti adından sənətkarın vəfatından kədərləndiyimizi bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!”, - deyə nazirlikdən bildirilib.

***

Sənət aləmində nadir səsi və oxu tərzi olan Aygün Hümmətova kim idi?

Əməkdar artistin dosyesini təqdim edirik:

Aygün Aydın qızı Hümmətova 22 avqust 1975-ci ildə Bakının Suraxanı qəsəbəsində çoxuşaqlı ailədə anadan olub. Aygün ailədəki beş uşaqdan ilki idi.

İlkin musiqi təhsilini Səttar Bəhlulzadə adına mədəniyyət sarayının musiqi məktəbində nağara sinfi üzrə alıb.

1988-ci ildə 13 yaşlı Aygün Azərbaycan Dövlət Uşaq Filarmoniyasına qəbul olunub. Professional səhnəyə ilk gəlişi də elə o düvrdən başlayıb.
Filarmoniyanın uşaq musiqi kollektivləri ilə böyük səhnələrdə çıxışlar edən Aygün  xarici ölkələrə, müxtəlif şəhər və regionlara qastrol səfərlərinə çıxıb.

Bununla yanaşı, onun toylarda da ifa etməsi ailəsində birmənalı qarşılanmayıb, xüsusilə atası buna qarşı çıxıb. Aygün Hümmətova isə atasının ciddi etirazlarına baxmayaraq müğənni olmaq istəyindən əl çəkməyib və sənət aləmində daim irəliləməyə nail olub.

O, 1995-ci ildə Şövkət Ələkbərova adına ilk peşəkar musiqi kollektivini yaradaraq geniş konsert fəaliyyətinə başlayıb – televiziya, radio, böyük dövlət təbirləri və eləcə də, artıq ardıcıl şəkildə xaricdə Azərbaycan musiqi sənətini təmsil edib.

1998-ildə Azərbaycan Dövlət Konservatoriyasının xanəndəlik fakültəsinə daxil olan Aygün Hümmətova sənət taleyində yeni səhifə açılıb. Görkəmli sənətkarlar Arif Babayev, İslam Rzayev, Ağaxan Abdullayev, Elxan Müzəffərov, Alim Qasımovdan muğamın incəliklərini öyrənib.

2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzası ilə ona “Əməkdar artist” fəxri adı verilib.

2003-cü ildə sənətçinin atası Aydın Hümmətov vəfat edib.

2005-ci ildə Özbəkistanın Səmərqənd şəhərində keçirilən beynəlxalq folklor festivalında folk-muğam triosunun müşaiyəti ilə çıxış edən Aygun Hümmətova Azərbaycan muğam məktəbini uğurla təmsil edərək birinci mükafata layiq görülərək festivalın qalibi olub.

Bu dövrdən başlayaraq, 2005 – 2010 illər arası Aygün Hümmətova dünyanın bir çox ölkələrində keçirilən musiqi festivallarının daimi iştirakçısı kimi solo konsertlərlə çıxışlar edib: Fransa, İspaniya, Mərakeş, ABŞ, İngiltərə, Rusiya, Türkiyə, Yunanıstan, Hollandiya, Almaniya, Cənubi Koreya, İsveç, Danimarka və s. Bu zaman kəsiyində bir çox ölkələrin folk musiqisiylə, eləcə də, Şərq ölkələrinin muğam sənətiylə yaxın ünsiyyət Aygünün musiqiyə baxışında müəyyən dəyişmələrə səbəb olub və müəllimi Elxan Müzəffərovla bununla bağlı fikirlərini bölüşüb. Böyük muğam bilicisi Elxan Müzəffərov ona məsləhət görüb ki, Niyazinin “Rast”, Fikrət Əmirovun “Şur”, “Kürd-Ovşarı”, “Gülüstan-Bayatı-Şiraz” sifonik – muğamlarına müraciət etsin.
Aygün “Humayun” muğamının üzərində simfonik – muğam yazmaq istəyi ilə 2010-ci ildə yaradıcılıq axtarışlarına başlayıb. Amma bu zaman ona aydın olub ki, arzusuna yetmək üçün bu dəfə bəstəkarlıq peşəsi üzrə təhsil almaq lazımdır. Ona görə də, 2012-ci ildə Aygün Bakı Musiqi Akademiyasının yeni açılan simfonik dirijorluq və bəstəkarlıq fakültəsinə daxil olub.

2013-cü ATV telekanalı ilə müştərək olaraq “Yenə o bağ olaydı" adlı müəllif proqramıyla efirə çıxıb.

2018-ci ildə Aygün Hümmətovanın anası dünyasını dəyişib. 

Əməkdar artist “Sən ruhumun qida yerisən”, “Tut ağacım”, “Küsmə gəl”, “Qəlbimin səsi”, “Özün günahkarsan” mahnıları ilə məşhurluq qazanıb. Ancaq ona ən böyük uğuru “Tut ağacım” mahnısı gətirib.
 

Aygün Hümmətova Almaniyada yaşayan və milliyətcə türk olan Rəsul Vilayət adlı müsiqiçi ilə qeyri-rəsmi nikahda olub, 2009-cu ildə onların Canan adlı bir qızı doğulub.
 

Aygün Hümmətova sənət aləmində ona ən böyük dəstəyi göstərmiş müəlliminin adını özünə səhnə təxəllüsü götürərək Aygün Bəylər kimi çıxış edirdi.
 

Aygün Bəylər sonuncu konsertini 2023-cü il dekabrın 26-da Heydər Əliyev Sarayında verdi. İstedadlı sənətkar bu konsertdə özünün "Mehribani" simfonik muğamını "Cadenza" orkestrinin müşayiəti ilə təqdim etmişdi.
Konsert zamanı Əməkdar artist səhhətindəki problemlə bağlı ona dəstək olan bir çox şəxslərə təşəkkürünü bildirmişdi.
Konsertə sənətçinin qızı Canan da tamaşa etmişdi.

Aygün xanım bir neçə il idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi. O, müalicə almaq üçün bir neçə gün əvvəl Ankaraya yollanmış və oradakı klinikalardan birinə yerləşdirilmişdi.

6 yanvar 2024-cü il tarixində Ankarada vəfat edən müğənninin nəşi Bakıya gətirilib.

Allah rəhmət eləsin.