Mədəniyyət

Niyazidən donos YAZANLAR-V

Niyazidən donos YAZANLAR-V
4May 202311:17

Əvvəli 27 aprel, 1, 2, 3 mayda

Maestro Niyazı xalq musiqisinə, folklor nümunələrinə, saz havalarına çox bağlı idi. O, “Qaytağı” simfonik əsərini yazmış, “Ləzgisayağı” və “Lak rəqsi”nin not əsaslarını yaratmış, “Zaqatala suitası”nı və Talış xalq havaları əsasında “Talış süitası” bəstələmişdi. Simfonik orkestr üçün “Türk marşı”, “Uzundərə” Azərbaycan xalq rəqsi də onun qələminə məxsus idi. 30-cu illərdə Üzeyir bəyin tövsiyəsi ilə Lənkəran və Astaraya musiqi folkloru toplamağa ezam edilən Niyazi bu ezamiyyətin nəticəsi kimi “Piano üçün talış mövzusunda pyеslər” silsiləsini yazmışdı. 1935-ci ildə o, Cabbar Qaryağdıoğlunun ifasından “Rast” və “Şur” muğamlarını nota köçümüşdü. Sovet qoşunları İrana daxil olduqdan sonra Niyazi 1941-ci ilin oktyabr ayında rəhbərlik etdiyi Opera Teatrının musiqi kollektivini Təbrizə aparmışdı. Və orada aldığı təəssürat nəticəsində sonralar Süleyman Rüstəmin “Təbrizim” şeirinə musiqi bəstələmiş, 1947-ci ildə “Arazın o tayında” filmi çəkilərkən onun musiqisini Maestro Niyazi yazmışdı.

Cənubla onu həm də Həcər xanım bağlayırdı. Niyazi 30-cu illərdə Dağıstan Xalq Komissarları Sovetinin Maarif və incəsənət idarəsinin müdiri işləyərkən Mahaçqaladakı İran konsulluğunun əməkdaşı Əli İsgəndərin bacısı, əslən Cənubi Azərbaycandan olan Həcər xanımla 1933-cü ildə ailə qurmuşdu və o, bütün uğurlarına görə özünü Həcər xanıma borclu bilirdi. Əli İsgəndər 1925-ci ildə Armavirə, 1928-ci ildə isə Mahaçqaladakı İran konsulluğuna əməkdaş təyin olunmuşdu.

Gənc Niyazinin İran təbəəsi Həcər xanımı Mahaçqaladan Ağdaşa qaçırması ayrı bir macaradır. Həcər xanımın Sovet pasportu olmadığı üçün onlar mollada kəbin kəsdirdilər və 6 il rəsmi nikah olmadan yaşadılar. (Yaxşı ki, bu faktı Valentina Şaroyeva bilməyib). Amma bu məhəbbət əfsanəsindən onların övladları olmadı. Sonralar Ceyun Kafi adlı bir oğlanı xoşbəxt etmək üçün övladlığa götürdülər. Ceyhun isə onları da, özünü də bədbəxt etdi.

Maestro Niyazı saz havalarının, aşıq musiqisinin vurğunu idi. O, saz havalarını ən böyük milli sərvət hesab edirdi və onları dinləməkdən doymurdu. Sosializmi mənasız sözlərə tərənnüm edən aşıq mahnılarına tənqidi yanaşırdı. Bir dəfə radioda bir aşığın oxuduğu mahnının sözləri onu çox əsəbləşdirmişdi. Orada aşıq deyirdi ki:

Kaqanoviçin başına bax,
Bəstinin qardaşına bax!

Niyazi Radio Komitəsinə zəng edib o mahnını repertuardan çıxartdırmışdı.

Xəlil Rza ilə Tofiq Bayramın Aşıq Ədalət Nəsibovu Maestronun evinə gətirməsi də, onun saz havalarına vurğunluğu ilə bağlı idi. Həcər xanım onlara süfrə açır və elə süfrə başında Aşıq Ədalət sazını dilə gətirir. Xəlil Rzanın gündəliklərində bu görüşlə bağlı maraqlı qeydlər var. Aşıq Ədalət “Baş Sarıtel”i, “Ruhani”ni, “Cəlili”ni ifa edəndən sonra “Yanıq Kərəmi”yə keçir.

– Mən ömrümdə belə şey görməmişəm, - deyə Maestro heyrət edir.  - “Yanıq Kərəmi” nə qədər yandıra bilərmiş. Mən belə bir şey eşitməmişəm, - deyir Niyazi.

Xəlil Rza yazır: O, bu sözləri deyəndən sonra abı rəngli telefon aparatının dəstəyini götürüb sevincini Mərkəzi Komitədə işləyən şair Teymur Elçinlə bölüşdü. Ədaləti dəvət edib dinləməyi, bu axşam saat 8-də televizorda onun çıxışına qulaq asmağı, adını hökumət konsertinin proqramına salmağı xahiş etdir.

Və sonra Aşıq Ədalətdən soruşdu:

- Kimin var?

Ədalət: – Atam, anam, ailəm var, - deyir.

- Körpələrin varmı? - deyə Maestro soruşur.

- Yox, iki ildir evlənmişəm, - Ədalət utana-utana cavab verir.

Niyazi davam edir: - Musiqi məktəbinə oxumağa gələrsənmi? Dörd il burada oxusan, sənin qabağında heç kim dayanmaz. Sazı bütün dünyaya tanıdarsan. Sizdə katib kimdir?

– Bu günlərəcən Fikrət Hüseynov idi. İndi bilmirəm, – deyə Ədalət cavab verir.

Niyazi: - Qazaxda yaxşı sazçı qızlar var. Onlar necədirlər? Öyrədirsənmi?

Aşıq Ədalət: – Bir az öyrətmişəm. Ancaq onlarla məşğul olmaq bir ömür istəyir.

Niyazi təəssüflə: - Batıb gedir bu mədəniyyət. Heyifdir. Sazı yaşatmaq lazımdır. Çöldən bir-iki dəmir tapanda gətirib muzeyə qoyurlar ki, bu dəmir filan xalqa, filan əsrə məxsusdur. Ancaq bu boyda mədəniyyətin qayğısına qalan yoxdur. Siz mütləq oxumalısınız. Biz kömək edərik. Yoxsa siz nə qədər gözəl çalsanız da, bir yana çıxa bilməzsiniz. Hələ bu vaxtacan çaldıqlarını nəzəri cəhətdən qavrasınız, bunun özü sizin üçün xəzinədir. Sonsuz xəzinə.
Və nəfəsini dərib əlavə edir: - O adam ki, toy şabaşına öyrəşdi, ondan sənətkar olmaz. Pula dadanan adam puldan çətin ayrılar.

Aşıq Ədalət vidalaşıb gedəndə onu yola salan Tofiq Bayramdan soruşmuşdu: - Ayə, Niyazi budur? Yəni bu o Niyazidir, – deyə dünya şöhrətli Maestronun sadəliyinə heyrət etmişdi. Və elə həmin axşam Aşıq Ədalət Bədii Şuradan keçmədən efirə buraxıldı. Niyazinin evində Xəlil Rza, Tofiq Bayran, Həcər xanım Maestro ilə birlikdə Aşıq Ədalətin ilk dəfə Azərbaycan televiziyasında ifa etdiyi saz havalarını dinləyirlər. Xəlil Rza yazır ki, Aşıq Ədalət saz havaların ifa edəndə Niyazi sevincindən televizoru qucaqlamaq istəyir və deyirdi:

- Onun çaldıqlarını sözlə ifadə etmək mümkün deyil. Ömrümdə belə aşıq görməmişəm.

Azərbaycanın musiqi həyatında o axşam bir ayrı axşam oldu. Bütün ölkə heyrət içində idi.

60-cı illərin ortalarında Niyazidən hələ də şikayətlər davam edirdi. 1964-cü il yanvarın 9-10-da keçirilən Azərbaycan Kommunist Partiyasının XXVI qurultayına çoxlu şikayətlər gəlmişdi. Bakı şəhərində yaşayan Xalq artisti İdris Ağalarov onun işə bərpa olunmasına mane olan Opera Teatrının direktoru Niyazidən qurultaya şikayət göndərmişdi.

60-cı illərin ortalarında onun həyatının Türkiyə səhifələri açıldı. Onun 1963, 1965 və 1966-cı illərdə Türkiyəyə uzun müddətli ezamiyətləri oldu. Maestro Çaykovskinin “Yevgeni Onegin” və “Qaratoxmaq qadın”, Verdinin “Aida” operalarını Ankara və İstanbul teatrlarının səhnəsində tamaşaya qoydu. Bu Türkiyənin mədəni həyatında böyük hadisə idi. O, 1963-cü ildə Türkiyədə qastrolu zamanı Çaykovskinin “Dördüncü simfoniya”sı və “Romeo və Cülyetta” uvertüra-fantaziyasını, türk bəstəkarı Adnan Sayqunun “Üçüncü simfoniya”sı və fortepiano üçün konsertini, Azərbaycan bəstəkarlarının bir sıra simfonik əsərlərini ifa etdi. Niyazi Adnan Sayqunun "Koroğlu" operasına İstanbul Opera Teatrında ilk quruluşunu vermişdi, onun ilk tamaşasına və "Yunus Emrə" oratoriyasına dirijorluq etmişdi. O, sonralar – 1973-ci ildə İstanbulda keçirilən Beynəlxalq Musiqi Festivalının mərkəzi siması idi. 1977-ci ildə Türkiyəyə yenidən qastrol səfərinə getdi. Maestro Niyazi Türkiyəyə ürəkdən bağlı idi və bir dəfə yaxın dostlarına "mən bu vətənin də övladıyam" deyəndə daimi olaraq onun ardınca sülənən DTK agentləri bu faktı qeydə almışdılar.

Türk musiqi tədqiqatçısı Ecem Tuğçe Akbulut Maestro Niyazi haqında "Maestro Niyazi Tağızadə: Sovet dövründə Azərbaycan və Türkiyə münasibətlərində mədəniyyət elçisi" adlı dissertasiya müdafiə etdi və bu dissertasiya az sonra kitab kimi nəşr olundu. Bu kitab Azərbaycan dilində nəşr olunsa, Niyazinin Türkiyə dövrü ilə tanışlıq üçün maraqlı bir mənbə olar. Orada Niyazinin Türkiyədə fəaliyyət göstərdiyi dövr ərzində dirijorluq etdiyi əsərlər haqqında maraqlı məlumatlar verilir, onun Adnan Sayqun, Camal Еrkin, Nеcil İdil Biret, Bülent Tarcan kimi Türk ziyalıları və incəsənət xadimləri ilə sıx yaradıcılıq əlaqələri haqqında bəhs edilir.

Maestro Türkiyədə fəaliyyət göstərdiyi dövrdə Azərbaycan mühacirlərindən professor Nuri Saryalla dostluq edirdi. Məhz onun yardımı ilə professor Nuri Saryal Azərbaycana səyahət etmiş, Şamaxını, Şəkini gəzə bilmişdi. Bu unudulmaz bir səfər idi. Azərbaycan bəstəkarlarının əsərlərini səsləndirib.

1981-ci ilin avqustunda Maestro Niyazi Sosialist Əməyi Qəhrəmanı adı aldı. Və üç il sonra avqust ayında da bu dünyadan köçdü.

Sovet və post-sovet dövründə onun haqqında çox yazılıb. “Ulduz” jurnalının 1976-cı il 2-ci nömrəsində Vidadi Məmmədovun “Musiqimizin gözəlliyindən doymamışam” adlı maraqlı məqaləsi çıxmışdı. 2003-cü ildə publisist Möhübbədin Səməd “Yaddaşımızın yaşıdları” kitabında ona geniş yer vemişrdi, Tofiq Abdin 2010-cu ildə “Ədalət” qəzetində “Maestro Niyazi: Bir əfsanə, bir nağıl” məqaləsini yazmışdı. Lap sonda tanınmış yazıçı Firuz Mustafa 2019-cu ildə onun haqqında "Sehirli çubuğun qüdrəti..." adlı maraqlı bir esse yazmışdı. Amma 1987-ci ildə onun haqqında nəşr edilmiş “Maestro Niyazi” kitabında həyat yoldaşı Həcər xanımın “Ərim haqqında hekayə” (Рассказ о моем муже) adlı xatirələri çox maraqlıdır. Tapın o xatirələri oxuyun. Böyük Maestronun həyat hekayəsinin ən sirli məqamları orada öz əksini tapıb.

Dahi bəstəkar Dmitri Şostakoviç onun haqqında deyirdi: “Azərbaycan bəstəkarlarının “Azərbaycan musiqisinin bütün dünyada tanıdılması üçün borclu olduğu müsiqiçilərdən biri Niyazidir. Azərbaycan fəxr edə bilər ki, belə bir dirijoru var”.

Doğrudan da, Maestro Niyazi keçdiyi həyat yoluna, böyük musiqi yaradıcılığına, xalq musiqisinə bağlılığına, dirijorluq möcüzəsinə görə fəxr ediləsi bir ziyalı idi. O, XX əsrdə Azərbaycan mədəniyyət tarixini yaradanlardan biri idi. Mən də bu silsiləni onun unudulmaz xatirəsinə yazdım.

Son

Cəmil Həsənli,
Professor, tarix elmləri doktoru