Mədəniyyət

Niyazidən donos YAZANLAR

Niyazidən donos YAZANLAR
27Aprel 202322:09

Çoxları maestro Niyazini kosmopolit adam kimi tanıyır. Amma əslində o, millətçi idi və mədəniyyət sahəsində çalışan qeyri-azərbaycanlılar ondan müxtəlif sovet orqanlarına çoxlu şikayətlər yazmışdılar. Hələ ötən əsrin 40-c illərin sonlarında ilk simfonik muğamlar yazılanda onlara qarşı sərt kampaniya başlamışdı. 1954-cü ildə Nikita Xruşşova göndərilən imzasız məktubda Üzeyir Hacıbəyovdan sonra Azərbaycan musiqi mədəniyyətinə rəhbərliyin vərəsəliklə onun qohumu Niyaziyə keçdiyi bildirilirdi.

Maestro Azərbaycan Bəstəkarlar İttifaqında 1955-ci ildə keçirilən müzakirədə qeyd edirdi ki, Azərbaycan muğamlarının İran muğamlarından fərqlidir. Onları eyniləşdirənlər muğamın tarixindən xəbərsizdirlər. Və fikrin sübut etmək üçün o, öz çıxışında belə bir misal gətirirdi: “Bizim dil türk dilidir, türkmənlər, özbəklər, azərbaycanlılar həmin dildə danışır, lakin bu, Azərbaycan dilinin özbək dili olması demək deyildir”.

Niyazi “Rast”, Fikrət Əmirov “Şur” simfonik muğamlarını yazandan sonra Konservatoriyanı “Musiqi nəzəriyyəsi” kafedrasının müdiri Danil Xristoferoviç Danilov bildirmişdi ki, Fikrət Əmirov və Niyazi muğamlara çox aludə olublar və bu aludəçilik Azərbaycan musiqisini uçruma aparır. Amma 50-ci illərdə Azərbaycan bəstəkarlarının yazdığı simfonik muğamlar tezliklə SSRİ-nin sərhədlərindən kənara çıxadı.

1957-ci ilin dekabrında Nikita Xruşşova göndərilən ayrı bir anonim məktubda maestro Niyazi “Bağırov metodları” ilə işləməkdə ittiham edilirdi. Niyazi haqqında yazılan şikayətlərlə bağlı 1959-cu ilin aprelində və oktyabrında Mərkəzi Komitə Katibliyinə geniş hesabat hazırlanmışdı. Lakin ən ağır böhran 1959-cu ildə yarandı. Həmin ilin mayında Moskvada Azərbaycan mədəniyyət ongünlüyü keçrilməli idi. Azərbaycan Dövlət Simfonik Arkestrinin baş drijoru kimi Niyazi dedi ki, simfonik orkestrinin qeyri-azərbaycanlı musiqiçiləri dekadaya getməyəcəklər, bu Azərbaycan mədəniyyəti günləridir və orkestrin tərkibində yalnız azərbaycanlı musiqiçilər təmsil olunmalıdır. Bu böyük hay-kuyə səbəb oldu. Və onu millətçilikdə ittiham etdilər.

1959-cu ilin yayında Moskvadan respublikada millətçiliklə bağlı İvan Şikin komissiyası gələndə Niyazinin orkestrdən uzalaşdırdığı ifaçılardan ifadələr aldılar. Onlar yazırdılar: “Niyazi qatı millətçi və despotdur… Görünür indi biz hamımız dağılışmalıyıq və Bakıdan getməliyik. Bu halda Azərbaycan Mərkəzi Komitəsi tərəfindən himayə edilən bir adamdan nə gözləmək olar. Bir o qalır ki, respublikadan qaçaq və Sov.İKP MK rəhbərliyindən sığınacaq istəyək”.

Bütün bunlara baxmayaraq bu yoxlama komissiyası Bakıya gəlməzdən az öncə ona SSRİ Xalq Artist adı verilmişdi.

1959-cu il sentyabrın 9-da Axundov adına Opera və Balet teatrından yazılmış anonim məktubda Niyazi millətçilikdə, anti-sovetizm və anti-partiya fəaliyyətində ittiham edilirdi. Məktubda göstərilirdi ki, “Azərbaycan KP MK yaxasını kənara çəkərək yalançı kommunist Niyazini məsuliyyətə cəlb etmir, daxili çəkişmələr nəticəsində teatrda işlər tamamilə pozulub. Niyazi özünü qəddar şahənşah hiss etməkdə davam edir. O, respublikada birinci millətçi, birinci şovinistdir, Hitlerdən sonra ikinci irqçidir. Ona görə də 7 il əvvəl (1952-ci ildə) Niyazi teatrdan qovulmuşdu”.

1959-cu il sentyabrın 20-də Opera və Balet teatrından Azərbaycan KP MK-nın ikinci katibi Vladimir Semiçastnıya göndərilən imzasız məktubda isə Niyazi yalnız azərbaycanlıları işə qəbul etməkdə, ixtisar adı ilə “ayrı dindən olanları” işdən uzaqlaşdırmaqda ittiham edilirdi. Anonim məktub müəllifi yazırdı:

“Əziz yoldaş Semiçastnı! Mən bilirəm ki, Siz bizim respublikada törədilənlərin hamısını bilmirsiniz. Mən 25 ildir dövlət operasının sexlərinin birində işləyirəm. Mən bu müddətdə çoxlu direktor, müavin görmüşəm. Lakin indi bizdə törədilənləri, belə millətçiliyi heç vaxt görməmişəm. Bir il əvvəl Niyazi bizə dirijor gəldi. Onun birinci işi bütün yaxşı musiqiçiləri qovmaq oldu, yalnız azərbaycanlılar qaldı, dekada üçün azərbaycanlı şagirdləri topladı. İndi isə yenidən yaşlı azərbaycanlıları toplayır”.

Onlar hətta Semiçastniyə yazırdılar ki, “Muğam gecələri” keçiriləndə Seyid Şuşinski Opera teatrında tiryək çəkir və Niyazi də buna göz yumur. Məsələni şəxsən yoxlamaq üçün Vladimir Yefimoviç hətta bir neçə dəfə Operaya “Muğam gecələri”nə də gəlmişdi.

Bütün bu söz-söhbətdən sonra Niyazi 1959-cu ildə Azərbaycandan getdi. O, Kirov adına Leninqrad Opera teatrının baş dirijoru təyin edildi.Lakin burada da onun işləri düz gətirmədi. Niyazi ilə bağlı Leninqradda müəyyən xoşagəlməz vəziyyət yaranmışdı. Onun rəhbərliyi ilə ABŞ-a qastrola gedən Leninqrad baletinin ər-arvad olan iki üzvü Birləşmiş Ştatlarda qalıb Amerika hökumətindən sığınacaq istəmişdi. Kollektivin rəhbəri kimi bu hadisə onun üçün arzuolunmaz narahatlıq yaratmışdı. Lakin məsələnin Leninqrad şəhər partiya komitəsində müzakirəsinə qədər Azərbaycan KP MK-nın ideoloji məsələlər üzrə katibi Nazim Hacıyev Leninqrad şəhər partiya komitəsinin birinci katibi İvan Spiridonovla əlaqəyə girib Niyazinin Bakıya göndərilməsini xahiş etmişdi.

Həmin vaxtlar SSRİ-də belə bir lətifə yayılmışdı: Kiçik (Malıy) Teatr nə deməkdir? Cavabında deyirdilər ki, Kiçir Teatr xarici qastroldan qayıtmış Böyük (Bolşoy) Teatr deməkdir. Yəni artistlərin xeyli hissəsi qalırdı xaricdə.

Niyazi Azərbaycan rəhbərliyinin xahişi ilə Leninqrad teatrındakı vəzifəsindən azad edildi və 1961-ci ilin oktyabrında Azərbaycan Dövlət Akademik Opera və Balet teatrına direktor təyin edildi. Bu işdə 1959-cu ilin iyulunda rəhbərliyə gəlmiş Vəli Axundovun komandasında ideoloji işlər üzrə Mərkəzi Komitə katibi Nazim Hacıyev ona yaxından köməklik etdi və bu təyinat Opera teatrında işləyən qeyri-azərbaycanlıları sözün tam mənasında hiddətləndirdi. Onlar bu dəfə Sovet rəhbərliyi ilə yanaşı, “Pravda”, “İzvestiya” kimi mətbuat orqanlarını da kütləvi şikayətlər göndərməyə başladılar. Bu şikayətləri yerində yoxlamaq üçün Sovet televiziyası mərkəzi studiyasının ilk direktoru Valentina Nikolayevna Şaroyevanın 1962-ci ilin yanvar-fevral aylarında Bakıya ezam edildi...

Ardı var

 

Cəmil Həsənli,

Professor, tarix elmləri doktoru