Mədəniyyət

Niyazidən donos YAZANLAR-IV

Niyazidən donos YAZANLAR-IV
3May 202310:51

Əvvəli 27 aprel, 1, 2 mayda

Qəribə də olsa Niyazi Moskva, İrəvan və Leninqrad musiqi məktəblərində təhsilini başa vura bilməmişdi. Onu Mixail Qnessin adına Moskva musiqi məktəbindən çılğınlığına görə çıxarmışdılar, Aro Stepanyan adına İrəvan Konservatoriyasından millətçiliyə görə qovmuşdular, Qavril Popov adına Leninqrad Mərkəzi Musiqi Məktəbini isə şimalın sərt iqliminin səhhətinə uyğun olmadığına görə tərk etməli olmuşdu. Lakin 1933-1934-cü illərdə nəhayət ki, o, Bakı konservatoriyasında Leopold Rudolf və Stefan Ştrasserin siniflərində ali təhsilini tamamlaya bilmişdi.

Valentina Şaroyeva Niyazinin Moskva, İrəvan və Leninqarad musiqi məktəblərindən “qovulmasını” onun “mənəvi düşkünlüyü” və tədris prosesini yerinə yetirə bilməməsi ilə izah edirdi.

Şaroyeva öz şikayətində iddia edirdi ki, Niyazi və qardaşı Çingiz Hacıbəyov yüksək fəxri adları dostlarının köməkliyi ilə alıblar. Lakin komissiya bunu böhtan hesab edirdi və onun rəyində göstərilirdi ki, Niyazi 1940-cı ildə Əməkdar incəsənət xadimi, 1955-ci ildə Azərbaycan SSR Xalq artisti, 1959-cu ildə SSRİ Xalq artisti adlarına, Çingiz Hacıbəyov isə fəxri ada yüksək yaradıcılıq göstəricilərinə görə layiq görülüb. Ən nəhayət, Şaroyeva yazırdı ki, Niyazi teatrın bədii şurasına guya ona yarınan, sərxoşluq edən, mənəvi cəhətdən natəmiz adamları daxil edib. Bu iddia da komissiya tərəfindən rədd edildi, yekun rəydə göstərilirdi ki, M.F.Axundov adına Opera və Balet Teatrının bədii şurası respublika Mədəniyyət Nazirliyi tərəfindən 1961-ci il noyabrın 4-də təsdiq edilib və ora ictimaiyyət arasında böyük nüfuza malik olan görkəmli opera və balet ustaları, bəstəkarlar, yazıçılar və digər yaradıcı şəxslər daxil edilib.

Nəhayət, Şaroyeva Niyazini normanı yerinə yetirmədən ayda 400 manat əmək haqqı alması, bəstəkar kimi özünü doğrultmaması, bir sıra musiqi parçalarını “mənimsəməsi”, bir sıra plagiatlıq hallarına yol verməsi və sair məsələlərdən yazırdı. Bütün bunların fonunda Şaroyeva musiqiçilər arasında Niyazinin “İncəsənət marşalı” adlandırılmasından hiddətə gəlirdi. Plagiatlığa misal olaraq onun “Kəndlilər” filminə yazdığı musiqi əsas gətirilirdi. Lakin araşdırmalar zamanı bu faktlar da öz təsdiqini tapmadı. Ancaq Niyazinin musiqi ocağı kimi Opera Teatrında məsələlər “partkom və mestkomun” rəyi ilə həll edilə bilməz kimi ifadələri komissiyanın da diqqətindən yayınmamışdı. Komissiya onu da müəyyənləşdirmişdi ki, teatrın partiya təşkilatı 1962-ci ilin mart ayının 10-da işdən sonra Niyazinin baletmeyster Qəmər Almaszadənin doğum gününü iki şüşə konyakla qeyd etməsinin qarşısını nəinki almayıb, partkom Bala Qasımov özü də o gecə saat 4-ə qədər “ley-peydə” iştirak edib.

Sonda komissiya Şaroyevanın məktubunun Opera Teatrının ilk partiya və həmkarlar təşkilatlarının, teatrın bədii şurasının və şəxsən Niyazi Tağızadənin ünvanına qərəzli və təhqiramiz ruhda yazıldığını qeyd etməyi zəruri hesab edirdi. Şaroyevanın “İzvestiya” qəzeti vasitəsi ilə Bakıya göndərilmiş şikayətlərini araşdıran Komissiya iyul ayının 17-də 13 səhifəlik arayışı tamamlayıb Mərkəzi Komitəyə göndərdi. Bu sənəd əsasında Təbliğat və təşviqat şöbəsi müdirinin müavini Səlvər Aslanov 1962-ci il avqustun 2-də Azərbaycan KP MK-ya arayış hazırladı. O, qeyd edirdi ki, “Şaroyevanın məktubunda göstərilən faktların böyük əksəriyyəti araşdırma zamanı öz təsdiqini tapmadı və teatrda işdən azad edilən şəxslərin demək olar ki, hamısı ya mənəvi cəhətdən səbatsız, bu və ya digər zəmində özünü hörmətdən salmış, ya da öz ərizəsi ilə getmiş adamlardır... Müəllifin guya Niyazinin filarmoniyada, xüsusilə “başqa dindən olanlara” münasibətdə terror şəraiti yaratması inandırıcı deyil”.

Arayışda Niyaziyə qarşı irəli sürülən digər ittihamların da əsassız olduğu qeyd edilirdi. Hər iki arayışın nəticələri Mərkəzi Komitədə müzakirə edildikdə, respublika rəhbərliyi Maestro Niyazini Opera və Balet Teatrının direktoru və baş dirijoru vəzifəsində saxlamağı lazım bildi.

1962-ci il oktyabrın 3-də Azərbaycan KP MK katibi Xasay Vəzirov Valentina Şaroyevanın müraciətinin yoxlanmasının nəticələri haqqında Sov.İKP MK-ya məlumat göndərdi. Orada göstərilirdi ki, Şaroyevanın məktubunun yoxlanması nəticəsində bir sıra tədbirlər görülmüş, Niyazi ştatda nəzərdə tutulmayan teatrın bədii rəhbəri vəzifəsindən azad edilmiş, inzibatçılıq və digər nöqsanlar haqqında ona xəbərdarlıq edilmiş, teatrın partiya təşkilatına tapşırılmışdır ki, kollektivin siyasi-tərbiyə işini gücləndirsin, respublika Mədəniyyət Nazirliyinə tapşırılmışdır ki, teatrın rəhbərliyi və bədii şurası üzərində nəzarəti gücləndirsin.

Bütün bu keçici “nöqsanlara” baxmayaraq, Niyazi 1965-ci ilə kimi bu Opera Teatrının rəhbəri vəzifədə işlədi.

Vladimir Semiçastnının opera və digər mədəniyyət ocaqlarında muğam musiqisinə qarşı başladığı kampaniya da izsiz ötüşmədi. O, Moskvaya Sovet DTK-nın sədri vəzifəsinə gedəndən sonra da bir müddət muğamla bağlı müzakirələr davam etdi. Azərbaycan KP MK bürosunun məlum qərarından sonra Niyazinin rəhbərlik etdiyi dövrdə Opera Teatrının repertuarında rus və Avropa bəstəkarlarının əsərlərinin ifası bir qədər çoxalsa da, muğam operaları öz aparıcı yerini qoruyub saxladı. Xüsusilə, 1961-ci ildə Zeynəb Xanlarovanın simasında yeni bir səsin teatra gəlməsi muğam operalarına yeni bir həyat verdi, Leyli və Əsli obrazları yeni səsdə, yeni biçimdə səhnəyə çıxdı. Teatrın rəhbəri kimi Maestro Niyazi 1964-cü il martın 6-da gənc müğənni Zeynəb Xanlarovanın yaradıcılıq gecəsini təşkil etdi. Partiya orqanlarının gizli tapşırığı ilə Bəstəkarlar İttifaqı həmin axşam Opera Teatrını simfonik konsert üçün istəsə də, Niyazi binanı verməkdən imtina etdi və təyin olunan tarixdə Zeynəb Xanlarovanın yaradıcılıq gecəsini keçirdi.

Çoxları bilmir ki, Maestro Niyazi Xəlil Rza ilə dostluq edirdi və 60-cı illərdə onu bir sıra təhlükələrdən qorumuşdu. Elə 1965-ci ilin may ayının 13-də DTK-nın qeydə aldığı Aşıq Ədalət Nəsibovu da Niyazinin evinə Xəlil Rza ilə Tofiq Bayram aparmışdı...

Ardı var

Cəmil Həsənli,
Professor, tarix elmləri doktoru