Mədəniyyət

Qənirə Paşayeva vəfat edib

Qənirə Paşayeva vəfat edib
28Sentyabr 202322:31

Deputat Qənirə Paşayeva vəfat edib. 

Azlist.az xəbər verir ki, o, sentyabrın 28-də xəstəxanada dünyasını dəyişib.

Xatırladaq ki, sentyabrın 23-ü saat 03:01 radələrində TƏBİB-in tabeliyindəki Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Q.Paşayeva üçün çağırış daxil olub. Ona naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulub. Müayinə zamanı göstəriciləri - arterial təzyiq 50/0 mm. c. süt, nəbz 1 dəqiqə 47 vurğu, SPO2 (saturasiya) 82% olub. İlkin müdaxilələrdən sonra göstəriciləri arterial təzyiq 110/60 mm. c.süt., nəbz 1 dəqiqədə 68 vurğu, SPO2 (saturasiya) 97% olub. 

Həkimlər Q.Paşayevanın xəstəxana şəraitində müalicəsini məsləhət görüb. Deputat ailə üzvlərinin istəyi ilə təcili tibbi yardım briqadası tərəfindən Mərkəzi Klinikaya təxliyə olunub. 

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. 

Qənirə Paşayeva 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub. 

1998-ci ildən ANS televiziya şirkətinin Xəbərlər xidmətində reportyor, müxbir, redaktor, aparıcı redaktor, baş aparıcı redaktor, baş redaktorun müavini, Xəbərlər redaksiyası baş redaktorunun müavini vəzifələrində çalışıb. 

2005-ci ildə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri olub. 

Qənirə Paşayeva III, IV, V və VI çağırış Milli Məclisin deputatı olub. Milli Məclisin Mədəniyyət komitəsinin sədri idi. 

"Nobel mükafatlı qadınlar", "Tarixə adını yazan qadınlar", "Xocalı soyqırımı (26 fevral 1992): şahidlərin dilindən", "Səndən sonra", "Türk ruhunun söz bayrağı Əhməd Cavad" kitablarının müəllifidir. 

Allah rəhmət eləsin!