Mədəniyyət

Akif İslamzadə “Şöhrət” ordeni ilə təltif edildi

Akif İslamzadə “Şöhrət” ordeni ilə təltif edildi
14Avqust 202315:26

Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə Akif Qədir oğlu İslamzadə “Şöhrət” ordeni ilə təltif edilib.

Azlist.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb.

Qeyd edək ki, avqustun 8-də Akif İslamzadənin 75 yaşı tamam olub.

Akif Qədir oğlu İslamzadə 1948-ci ildə Bakıda musiqiçi ailəsində anadan olub.

1979-cu ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. İxtisasca istehlakçı mühasibdir.
İfaçılığa 1972-ci ildə Rəşid Behbudov adına Mahnı Teatrının vokalisti kimi başlayıb. 1976-cı ildən Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində Tofiq Əhmədovun simfonik orkestrində çıxış edib. Hərbi xidmətdən sonra Azərbaycan Dövlət Konsertinin vokalisti olub. 1992-1993-cü illərdə Bakı şəhəri Baş Mədəniyyət İdarəsinin rəisi olub.

Mahnılarından, "Sarı gəlin" və "Bu gecə" xüsusilə yadda qalıb.

1986-cı ildə müğənninin səs tellərinin birində bədxassəli şiş əmələ gəlib. Onkoloji Mərkəzdə altı aylıq müalicələrdən sonra, cərrahiyyə əməliyyatında müğənninin səs tellərinin biri götürülüb. Bununla da Akif İslamzadə müğənni kimi fəaliyyətinə son qoyub. 

Akif İslamzadə artıq 30 ildən çoxdur oxumur. Sənətkarın səsinin tutulması bütövlükdə Azərbaycan mədəniyyəti üçün böyük itki sayılır. Akif İslamzadə oxumasa da, onun səsi, unudulmaz ifası və mahnıları musiqi tarixinə əbədi həkk olunub.

Sənətkar 6 may 2016, 1 may 2017 və 9 may 2018-ci illərdə Prezident Mükafatına, 10 may 2019-cu ildə Prezidentin fərdi təqaüdünə layiq görülüb.