Niyazidən donos YAZANLAR-II
Əvvəli 27 aprel tarixində
Maestro Niyazi azərbaycanlı ifaçılara münasibətdə də çox tələbkar idi. O, orkestri tək gözləri ilə deyil, qulaqları ilə də görürdü. Yad səsə qarşı çox həssas idi. Milli musiqi ifaçıları özlərinə yaxşı sənətkar deyib operada işə düzəlmək istəyəndə onların sıxıb suyunu çıxarırdı. Məsələn deyirdi ki, filan muğamın bir “Həfti-ləşkər” guşəsini çal (Bu məzəli "Həfti-ləşkər" məsələsini ona atası Zülfüqar Hacıbəyov öyrətmişdi). Bu ifaçı da qan-tər içində oradan vurub buradan çıxar, buradan vurub oradan çıxar, öz sənətkarlığın nümayiş elətdirmək istəyərmiş. Və maestro onu saxlayıb deyirmiş ki, “ay kişi “Həfti-ləşkər”deyilən bir guşə yoxdur, niyə özünü öldürürsən...
O, Qara Qarayev, Fikrət Əmirov və Cövdət Hacıyevdən başqa digər bəstəkarların əsərlərinə elə də asanlıqla dirijorluq etmirdi. Yalnız həyat yoldaşı Həcər xanımın “məzəmmətindən” sonra bəzi əsərləri ifa etməli olurdu. 1961-ci ildə o, böyük fədakarlıqla gənc bəstəkar Arif Məlikovun Nazim Hikmətin librettosu əsasında yazdığı “Məhəbbət əfsanəsi” baletinə Leninqrad Dövlət Opera və Balet Teatrında dirijorluq etmiş və bu böyük sənət hadisəsi həmin vaxt bütün ölkəyə səs salmışdı.
Niyazi dərin yumor hissi olan sərt, güzəştsiz bir sənətkar idi. Orkestrdə, işdə və həyatda çoxları ondan ehtiyat edirdi. Axı, o, bir vaxtlar kadet məktəbində oxumuşdu, idmanın ağır atletika (56 kq) növü üzrə Bakı və Azərbaycan çempionu olmuşdu. Düz qamətinə, şux duruşuna görə Üzeyir bəy uşaq yaşlarından ona “Knyaz” deyirdi. Sonralar – 1967-ci ildə Əlimərdan bəyin oğlu Ələkbər bəy Topçubaşi Parisdən ona yazdığı məktubda “Balaca Knyaz”ı belə xatırlayırdı:
“Sizinlə və Sizin gözəl xanımınızla tanış olmaqdan hədsiz dərəcədə məmnunam və özümü xoşbəxt hesab edirəm. Fikrimdə ancaq bir şey var: mənim əziz və gözəl vətənim ürəyimi hədsiz sevinc və iftixar hissi ilə dolduran Sizin kimi istedadlı adamlar yetişdirir. Mən 1919-cu ildə Bakıda gördüyüm, bu gün isə dünya dirijorlarının rəqibinə çevrilən “Balaca Knyaz”ı yaxşı xatırlayıram və ürəkdən ona uğurlar arzu edirəm”.
Mərkəzin tapşırığı ilə Niyazini yoxlamağa gəlmiş Valentina Şaroyeva bir vaxtlar Bakıda yaşamış məşhur pianoçu Qriqori Şaroyevin həyat yoldaşı idi. Onun kimi nüfuzlu bir mədəniyyət xadiminin Azərbaycana gəlməsi Bakı Opera Teatrında çalışan qeyri-azərbaycanlılarınteatrın tələbkar direktoru Niyaziyə qarşı səfərbər olmalarına təkan vermişdi. Onlar gizli şəkildə Şaroyevaya Niyazinin keçmiş fəaliyyəti və onların təbirincə hazırkı “diktatorluğu” haqqında çoxlu faktlar vermişdilər. Lakin bu faktların əksəriyyəti sonrakı yoxlamalar zamanı öz təsdiqini tapmamışdı. Valentina Şaroyeva Moskvaya döndükdən sonra Bakıda ona verilmiş yalan məlumatlar və əsassız faktlara dayanaraq 1962-ci ilin aprelində Nikita Xruşşovun kürəkəni, “İzvestiya” qəzetinin baş redaktoru Aleksey Acubeyə Niyazi haqqında 9 səhifəlik geniş arayış hazırlamışdı. Bu arayışda o, Niyazini nə az, nə çox – 25 məsələdə ittiham edirdi.
“İzvestiya” qəzeti sənəddə göstərilən faktları araşdırmaq üçün Şaroyevanın arayışını respublika rəhbərliyinə göndərdi. Azərbaycan KP MK-nın tapşırığı ilə məktubda Niyazinin ünvanına yazılmış ittihamları araşdırmaq üçün Bakı şəhər Partiya Komitəsinin katibi Ziya Kurmanayev, respublika mədəniyyət naziri Məmmədağa Qurbanov, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri Cahangir Cahangirovdan ibarət komissiya yaradıldı.
Şaroyeva ilk növbədə Niyazini şəxsiyyətə pərəstişdə günahlandırırdı. O, respublikada inkişafın olduğunu, istedadlı milli kadrların yetişdiyini bir cümlə ilə qeyd etsə də, Mirzə Fətəli Axundov adına Opera və Balet Teatrında dözülməz vəziyyət yarandığını önə çəkir və belə vəziyyətin teatrın direktoru Niyazinin “mütləq monarxiya” yaratması ilə izah edirdi. Şaroyeva yazırdı ki, “bu diktatorun dağıdıcı fəaliyyəti dövlətə çox baha başa gəlsə də, dostları onu xilas edir. Guya, rəhbər orqanlarda bəzi adamlar tapılıb ki, Niyazinin diktator hərəkətlərinə göz yumur, onun az qala dünya şöhrətli dirijor, istedadlı musiqiçi “şöhrətini” formalaşdırırlar.
Arayışda qoyduğu “onu himayə edən kimlərdir” sualına Şaroyeva belə cavab verirdi: keçmişdə bu himayəçi Mir Cəfər Bağırov olub, “indi isə Azərbaycan KP MK-nın katibi Nazim Hacıyevdir”. Bütün hallarda Şaroyeva respublikanın birinci şəxsi Vəli Axundovun adını çəkməkdən ehtiyat etmişdi və qeyd edirdi ki, Vəli Axundovun teatrda yaranmış özbaşınalıqdan xəbəri yoxdur, adamlar isə Niyazinin təhdid və haqq-hesab çəkəcəyindən qorxaraq bunları deməkdən, yazmaqdan ehtiyat edirlər.
Valentina Şaroyeva qeyd edirdi ki, guya Opera Teatrında “partiyanın XXII qurultayında mühakimə etdiyi şəxsiyyətə pərəstiş daha parlaq rəngdə çiçəklənir və onun heç bir həddi-hüdudu yoxdur”. Bunu Şaroyeva 1961-ci ilin oktyabrında Opera Teatrına direktor təyin edilən Niyazinin həm də bədii rəhbər və baş dirijor vəzifələrini tutması ilə izah edirdi. Lakin yoxlama komissiyası müəyyən etdi ki, Opera Teatrı da daxil olmaqla Azərbaycan teatrlarında bədii rəhbər vəzifələri ləğv edilib və Niyazi haqqında belə bir əmrin imzalanması Mədəniyyət Nazirliyinin səhvidir. Bundan əlavə, Şaroyeva Niyazinin şəxsiyyətinə pərəstişi ona əməkdaşların “Maestro” deyə müraciət etmələri ilə bağlayırdı. O, Opera Teatrının partiya təşkilatı katibi Bala Qasımovun çıxışını misal göstərir, 1962-ci il fevralın 27-də keçirilmiş partiya yığıncağında çıxış edən Rismanın Niyazini “Maestro”, “Böyük maestro” adlandırmasını, Şneyderin “hörmətli maestro Niyazinin çıxışı mənə böyük təsir göstərdi” kimi ifadələrini nümunə gətirirdi.
Şaroyeva yazırdı ki, “Niyazi 1961-ci ilin sentyabrında Leninqrad teatrında işdən çıxarılmışdır”. Komissiyaya izahatında Niyazi bunu “quru böhtan” adlandırırdı. O, qeyd edirdi ki, hətta Şaroyevanın məktubu ilə tanış olandan sonra öz tamaşalarını Moskvada göstərmək üçün Leninqrad Opera Teatrının rəhbərliyi onu dirijor kimi paytaxta dəvət etmişdi.
Şaroyeva öz məktubunda Niyazinin Opera Teatrına direktor təyin edildikdən sonra heç bir əsas olmadan bir çox işçini oradan uzaqlaşdırdığını yazırdı. Lakin yoxlama zamanı komissiya müəyyən etdi ki, direktor müavini Ponomayev əxlaqsız hərəkətlərinə, baş administrator Qənbərov, klarnet ifaçısı Osipov və musiqiçi Azər Abdullayev öz ərizələrinə, ədəbiyyat hissəsinin müdiri İsgəndərov işin öhdəsindən gələ bilmədiyinə görə vəzifələrindən azad edilib. Skripka ifaçısı Zalkind, qaboy ifaçısı Atayan isə azərbaycanlı olmadıqları üçün Niyazinin onları Moskvada keçirilmiş Azərbaycan mədəniyyət dekadasına buraxmadığından narazı idilər. Şaroyevanın məktubunda orkestrdə musiqi ifaçısı Arakelovun təhqir olunması faktında və tanınmış trombon ifaçısı Bulatovun ölümünə Niyazinin günahkar olması iddiası da yoxlama zamanı öz təsdiqini tapmadı.
Öz “mükəmməl” arayışında Şaroyeva Niyazini hələ uşaq ikən türk ordusu qarşısında skripka çalmaqda, kadet məktəbində oxuyarkən hərbi parad zamanı Sovet Rusiyası İnqilabi Hərbi Şurasının sədri Lev Trotskinin “boynuna sarılmaqda”, müharibə zamanı ordudan “yayınmaqda”, Mstislav Rostropoviçlə birlidə sərxoşluq etməkdə ittiham edir, bəzi “hərbi cinayətlərdə” günahlandırırdı...
Ardı var
Cəmil Həsənli,
Professor, tarix elmləri doktoru