Mədəniyyət

Niyazidən donos YAZANLAR-III

Niyazidən donos YAZANLAR-III
2May 202313:26

Əvvəli 1 mayda

Ən maraqlısı budur ki, Valentina Şaroyevanın Maestro Niyazi haqqında Aleksey Acubeyə yazdığı arayış-məktubu bu günə kimi Azərbaycan Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində gizli saxlayırlar. (Fond 1, Siyahı 49, iş 333, vərəq 68-76). Onu tədqiqatçılara vermirlər. Mən o sənəddən bəzi qeydlər götürsəm də, arxiv fondunun müdiri növbəti dəfə onu mənə vermədi və dedi ki, bu sənəd artıq qapalı fonddadır. Mən yalnız həmin sənədin tam mətni ilə Rusiya Dövlət Ən Yeni Tarix Arxivində tanış ola bildim. Bilmirəm, bu “sayıqlıqla” bizim arxiv işçiləri Maestro Niyazini qoruyurlar, yoxsa Valentina Şaroyevanı?

Şaroyeva Aleksey Acubeyə məktubunda şikayətlənirdi ki, ötən illərdə Niyazi işin öhdəsindən gələ bilmədiyinə, mübahisələr və intriqalara görə Opera Teatrının rəhbərliyindən 3 dəfə “qovulsa" da, Azərbaycan rəhbəliyinin himayəsi ilə yenidən bu vəzifəyə gətirilib.
Niyazi isə öz izahatında bildirirdi ki, həqiqətən hələ o, 1937-ci ildə Opera Teatrının dirijoru təyin edilib və bir il orada işləyib. Lakin sonra Dövlət Simfonik Orkestrinin bədii rəhbəri vəzifəsinə keçirilib. 1940-cı ildə onu təzədən Opera Teatrının direktoru vəzifəsinə qaytarıblar və 1948-ci ilə qədər orada işləyib. Lakin Şaroyevanın istinad etdiyi şikayətlər əsasında 1951-ci ildə Mir Cəfər Bağırovun tapşırığı ilə işdən çıxarıblar, 15 ay işsiz qalıb, əsərlərinin ifasına və respublikadan çıxışına qadağa qoyulub.

Şaroyeva "İzvestiya" qəzetinə şikayətində Niyazinin Opera Teatrının solisti, Xalq artist İdris Ağalarova divan tutduğunu, onu qanunsuz olaraq işdən qovduğunu yazır. Əlbəttə, məsələ Valentina Nikolayevnanın yazdığı kimi deyildi. Ağalarov kollektivə yuxarıdan aşağı baxdığına, iş yoldaşlarını təhqir etdiyinə, bir qədər yekəxana hərəkətlərinə görə töhmət almışdı və əvvəlcə “Literturnaya qazeta”, sonra da «Molodyoj Azerbaydjana” onun haqqında felyetonlar dərc etmişdi. Bu yazılardan sonra İdris Ağalarovun məsələsi Mədəniyyət Nazirliyində müzakirə edilmiş və respublika aidiyyəti orqanları qarşısında onun 1958-ci ildə aldığı Xalq artisti adının ləğv edilməsi barədə məsələ qaldırılmışdı. Yəni bu məsələ Niyazilik deyildi. Komissiya qaboyçalan Atayanın Niyazidən narazılığının səbəbini soruşduqda, o demişdi: “Niyazi məni Moskva dekadasına aparmaq istəmirdi və mənə qarşı kobudluq etmişdi. İndi bizim aramızda normal münasibətlər vardır”.

Şaroyevanın ittihamlarından biri də guya Niyazinin Filarmoniyada işləyərkən 4 min manat partiya üzvlük haqqını israf etməsi, Voroşilov rayon partiya komitəsinin katibi Smilovun bu faktı ört-basdır etməsi ilə bağlı idi. Lakin Smilova komissiyaya ifadə verdi ki, heç vaxt ona belə bir fakt məlum olmayıb və kimsə bu barədə ona məlumat verməyib. Əgər belə bir fakt olsaydı, şəhər partiya komitəsi dərhal bu barədə tədbir görərdi.

Ayrı bir bənddə Şaroyeva iddia edirdi ki, guya Fin müğənnisi Mayi Kousjyn Bakıya qastrola gələrkən dirijorun musiqi savadının aşağı olmasından hiddətə gəlib. Lakin araşdırmalar zamanı təsdiq olmuşdu ki, konsert zamanı müğənni özü uğursuz çıxış edib. Şaroyeva hətta Niyazinin Moskva şəhərinin “Moskva” mehmanxanasında sərxoş vəziyyətdə dava salmasını xatırlatmışdı. Bəlli bir tarix göstərilmədiyi üçün bu ittihamı araşdırmaq mümkün olmamışdı.

Şaroyeva hətta bir qədər dərinə gedərək Niyazini hərbi cinayətdə ittiham edirdi. O, yazırdı: “Çoxları xatırlayır, müharibə vaxtı insanlar səngərlərdə necə döyüşürdülər, həyatlarını vətən uğrunda qurban verirdilər, Niyazi-Tağızadə isə sərxoşluq etməklə, ona mənsub olmayan mayor rütbəsində, mənimsədiyi hərbi formada kef çəkir, dolanırdı, halbuki, onun orduya heç bir aidiyyəti yox idi”.
Şaroyeva öz fikrinə sübut kimi Bakı şəhər komendantı işləmiş podpolkovnik Hüseynovun Niyazi-Tağızadəni guya həbs etmək barədə əmr verdiyini göstərirdi. Lakin araşdırma zamanı Niyazi bildirdi ki, müharibə vaxtı həqiqətən o, mayor rütbəsi olan hərbi forma geyinib və bu da onun hərbi mahnı və rəqs ansamblının rəhbəri olması ilə bağlı olub. Eyni zamanda, podpolkovnik Hüseynov da öz tərəfindən komissiyaya bildirdi ki, heç vaxt ona Niyazini həbs etmək üçün göstəriş verilməyib.

Bu səpkidə Şaroyevanın ikinci iddiası Niyazinin guya Bakı Hərbi Məktəbindən mənəvi-məişət məsələləri zəminində qovulması və kursant olarkən Moskvada hərbi parad zamanı sıradan qarşıya sıçrayaraq guya Lev Trotskini qucaqlayıb öpmə uydurması ilə bağlı idi. Sovet televiziyasının qurucularından biri olan Valentina Şaroyeva erkən yaşlarında Bakı Hərbi Məktəbində təhsil almağa başlamış yeniyetmə Niyazini siyasi cəhətdən damğalayaraq “Trotskiçi” adlandırmaqdan belə çəkinmirdi. O, yazırdı:

“İncəsənət işçiləri arasında yayılan söz-söhbətdə Niyazini avantürist və yüngül bir adam adlandırırlar. Onun haqqında belə danışırlar: hələ yeniyetmə olanda, Bakı Hərbi Məktəbinin kursantı kimi, bədnam Trotski tərəfindən keçirilən hərbi baxışda iştirak etmək üçün o, Moskvaya göndərilib. Zəki Səfərovun şəhadətinə görə Niyazi hərbi sıradan çıxıb Trotskiyə tərəf sıçrayıb, belə deyirlər ki, onu öpüb (Niyazinin “Trotskiçi” damğası buradan qaynaqlanır). Lakin bu ona hərbi məktəbdə qalmaq üçün kömək etmədi. Tezliklə bu məktəbdən və digərlərindən Niyazi mənəvi-əxlaqi qüsurlarına görə qovuldu”.

İttihamda adı çəkilən Zəki Səfərov isə Komissiya bildirmişdi ki, bu açıq böhtandır və o, belə bir fakt haqqında məlumata malik deyil.

Şaroyeva Niyazinin mənəvi-əxlaqi “qüsurlarını” əsaslandırmaq üçün onun hələ 1951-ci ildə Mstislav Rostropoviçə yazdığı şəxsi məktubunu öz şikayətinə əlavə etmişdi. Maestro Niyazi Üzeyir Hacıbəyovun Orenburqdan Bakıya dəvət etdiyi Rostropoviçləri yaxşı tanıyırdı. Niyazi və Mstislav Rostropoviç ikisi də eyni ildə, 1951-ci ildə musiqi sahəsində uğurlarına görə Stalin mükafatı almışdı. Bakı ilə bağlılığını nəzərə alaraq Niyazi “Rostik” deyə müraciət etdiyi bu istedadlı və perspektivli musiqiçini Azərbaycanda işləməyə dəvət edir və onun üçün hər cür şərait yaradılacağını vəd edirdi. Məktubun sonunda o, özünə məxsus zarafat tonunda Moskvaya gələcəyini, qalan məsələləri orada “Araqvi” və ya “Metropol” restoranlarının birində “içki məclisində” müzakirə edəcəklərini bildirirdi.

Məhz Niyazinin 11 il əvvəl yazdığı məktubda bu “içki məclisi” ifadəsi Şaroyeva tərəfindən onun “mənəvi düşkünlüyünü” sübuta yetirmək üçün əsas dəlil kimi istifadə edilirdi. Saroyeva Niyaziyə qarşı yazdığı böhtanlara etimadlı xarakter vermək üçün məktubun sonunda 1942-ci ildən Kommunist Partiyasının üzvü olduğunu, partiya biletinin nömrəsini və Moskva şəhərindəki ev ünvanını da məktubun sonuna əlavə etmişdi.

Valentina Şaroyeva Niyazinin Filarmoniyaya rəhbərlik etdiyi dövrü də təftiş edib yazırdı ki, guya onun rəhbərliyi dövründə orada görünməmiş terror şəraiti hökm sürmüş, musiqiçilər, xüsusilə Niyazinin guya “başqa dindən olanlar” adlandırdığı qeyri-azərbaycanlılar təhqir edilmiş, hətta təqib nəticəsində xəstələnmişlər. Komissiya aydınlaşdırdı ki, Şaroyevanın arayışında adları keçən orkestrin ifaçısı Çuknovski öz təbii əcəli ilə vəfat edib, artist Lavrikov spirtli içkilərə meylli olduğuna, musiqiçi Fedotovun pensiya yaşı çatdığına, kontrabas ifaçısı Abram Şükürov şizofreniya xəstəliyindən əziyyət çəkdiyinə görə işdən azad ediliblər. Eyni zamanda Əməkdar incəsənət xadimi Vladimir Kozlovun, baletmeyster Gevorkovun, respublikanın xalq artisti, rejissor Hidayətzadənin ölümünün ümumiyyətlə Niyaziyə heç bir aidiyyəti yoxdur. Maestro Niyazi yaradıcılıq məsələlərinə və rəhbərlik etdiyi musiqi kollektivlərinin əmək intizamına həmişə yüksək tələbkarlıqla yanaşıb...

Ardı var

Cəmil Həsənli,
Professor, tarix elmləri doktoru