“Ögey ana”da evi yıxılan Arif - İsmayılın atası
- Arifin evi yıxıldı!.. - Arifin evi yıxıldı!.. Məşhur “Ögey ana” filminə baxanlar həyəcanla deyilən bu sözləri şübhəsiz ki, yaxşı xatırlayırlar...
Bu yazımızda Ögey ana”ın əsas qəhrəmanlardan biri – İsmayılın atası Arif rolununun ifaçısı – aktyor Fateh Fətullayevdən söhbət açacağıq...
O Fateh Fətullayev ki, önümüzdəki həftədə anım günü qeyd olunacaq...
Beləliklə, “Yaddan çıxmış sənətkarlar” layihəsində Əməkdar artist Fateh Fətullayevin qısa həyat hekayətini sizə təqdim edir.
Uzun illər keçməsinə baxmayaraq, kiçikdən -böyüyə hər kəsin sevə-sevə izlədiyi “Ögey ana” filmi Azərbaycanın şedevr ekran əsərləri sırasına daxildir. Film bu gün də Azərbaycan telekanallarının ekranlarını bəzəyir. “Ögey ana” filmi ilə Azərbaycanın kino tarixinə damğa vurmuş görkəmli rejissor Həbib İsmayılov Arif rolunu istedadlı aktyor Fateh Fətullayevə tapşırmaqda səhv etməmişdi. Çünki Fateh Fətullayev bu rolu möhtəşəm şəkildə ifa etməklə Azərbaycan tamaşaçısının yaddaşında silinməz iz qoya bildi...
Bu filmdə aktyor seçimi, natura çəkilişləri və musiqi bir-birini mükəmməl şəkildə tamamlayır. Fateh Fətullayev, Ceyhun Mirzəyev, Nəcibə Məlikova, Ələsgər Ələkbərov, Nəsibə Zeynalova, Həqiqət Rzayeva kimi tanınmış aktyorlar filmin uğurlu alınmasında böyük əmək sərf edib...
Kim idi Fateh Fətullayev?
O, 1909-cu ildə Lənkəranda Mirzə Möhsün Fətullazadənin ailəsində dünyaya göz açıb.
Əslən Masallının Ərkivan kəndindən olan Mirzə Möhsün Fətullazadə bir müddət Lənkəranda yaşayandan sonra, 1920-ci ildə ailəsini Bakıya köçürmüşdü.
Mirzə Möhsünün ailəsində boya-başa çatan dörd oğlunun və nəvələrinin adları Azərbaycanın görkəmli simalarının cərgəsində çəkilir.
Fateh Fətullayev bu ailənin böyük oğlu idi. Onun əsl adı Fətulla olub. Ancaq görkəmli şair Hüseyn Cavidin təkidi ilə adını dəyişərək Fateh qoyub.
Fateh Fətullayev bir çox sayda teatr tamaşasında maraqlı rollarda oynayıb, 20-yə yaxın filmdə rol alıb.
Onun ən məşhur rolları "Ögey ana"da Arif, "Bir məhəlləli iki oğlan"da Əliqulu, "Qaraca qız"da bəy obrazlarıdır.
“Ögey ana” filmində İsmayılın ögey bacısı Cəmilə rolunu canlandırmış aktrisa Sevinc Axundova Fateh Fətullayevlə bağlı qısa xatirəsini Modern.az-la bölüşüb:
“Filmdə mənim atam Arifi canlandıran Fateh Fətullayev çox gözəl insan, istedadlı aktyor idi. Filmdəki atam və anam hər zaman mənə və digər uşaqlara dəstək olurdular. Düzdür, uşaqlarla əsasən rejissor özü məşğul olurdu. Amma böyük aktyorlar da öz köməklərini əsirgəmirdilər. İndiki zamanda mərhum Fateh müəllimin qızı Zemfira xanımla da münasibətlərim var. İmkan daxilində görüşür, əlaqə saxlayırıq”.
Teatr və kino aktyoru olan Fateh Fətullayev incəsənətdəki xidmətlərinə görə, respublikanın Əməkdar artisti fəxri adına layiq görülüb.
Yuxarıda qeyd etdiyimiz kimi, Fateh Fətullayevgil ailədə dörd qardaş olublar. Bu ailədə böyüyən həmin dörd oğlan və onların davamçıları Azərbaycanın tanınmış sənətkarlarına çevriliblər.
Onun özündən sonrakı qardaşı Nüsrət Fətullayev (1911-1987) tanınmış rəssam olub və Azərbaycan milli teatr rəssamlığının formalaşmasında, inkişafında böyük xidmətlər göstərib.
Sənət dünyasındakı xidmətlərinə görə respublikanın Əməkdar incəsənət xadimi və Xalq artisti fəxri adlarına layiq görülüb.
Nüsrət Fətullayevin həyat yoldaşı Hökümə Qurbanova Azərbaycanın məşhur aktrisası və SSRİ xalq artisti idi. Qızı Vəfa Fətullayeva da tanınmış aktrisa olub və cavan yaşında vəfat edib.
Digər qardaşı Şəmsəddin Fətullayev (1913-1975) konservatoriyada təhsil alıb. Bir müddət Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının musiqi hissə müdiri, Musiqili Komediya Teatrında baş dirijor işləyib. Bəstəkarlar İttifaqının üzvü idi.
Sonuncu qardaşı Nurəddin Fətullayev (1916-1973) Bəstəkarlar İttifaqının üzvü idi. Qardaşı Şəmsəddindən sonra uzun müddət Akademik Milli Teatrda musiqi hissə müdiri işləyib. Nurəddin Fətullayevin oğlu Hafiz Fətullayev də aktyor və rejissor idi.
Tənqidçi-alim Vaqif Yusifli Fətullayevlər sülaləsindən bəhs edən "Bir ağacın altı budağı" adlı oçerkində yazır:
““Nəslin yarpaq tökümü” belə başlandı: əvvəlcə dördüncü - ən kiçik qardaş Nurəddn vəfat etdi (1973). 1975-ci ildə Şəmsəddin bu işıqlı dünyaya vida dedi. Sonra böyük qardaş Fateh ömür karvanını başa çatdırdı (1986). İkinci qardaş - Nüsrət, bəlkə də bir az çox yaşayardı, amma gözünün ağı-qarası olan qızı Vəfanın ölümü (1987) sanki belini qırdı, qızının dünyadan nakam getməsi Nüsrəti də həmin il dünyadan apardı.
Nüsrət, Fateh, Şəmsəddin və Nurəddin Fətullayevlər... Bir zamanlar Azərbaycan səhnəsinin aparıcı siması olmuş bu ərkivanlı qardaşlar əsl istedad sahibləri idilər... Nüsrəti, Fatehi təkcə Azərbaycanda deyil, Şərq ölkələrində və dünyanın bir sıra ölkələrində də tanıyırlar. Nüsrəti, Səməd Vurğun demişkən, rəsm dünyasının qüdsiyyətinə görə, Fatehi isə "Ögey ana" filmindəki İsmayılın atası Arif roluna görə.
"Ögey ana" yeganə filmdir ki, baxmaq istədikcə baxırsan. Baxırsan, kövrəlirsən, yanırsan, yaxılırsan, sonda uşaq kimi sevinirsən. Tamaşaçını belə haldan-hala salan Fateh Fətullayevlə (Arif) Nəcibə Məlikovanın (Dilarə) qeyri-adi oyun tərzləridir. Bu qüdrətli ifa tərzlərindən, bu cütlüyün ecazkar məharətindən təlqin olunan halətlər isə tamaşaçını ekrana daha yaxın oturmağa vadar edir. Balaca İsmayılın (Ceyhun Mirzəyevin) dəcəlliyi də, şətəlliyi də, pintiliyi də, dərslərindın geri qalması da, yoldaşlarına, xüsusilə bacısına amansız olması da, valideynlərinin sözünə məsuliyyətsiz yanaşması da Fateh Fətullayev və Nəcibə Məlikova cütlüyünün ifa maneralarının qüdrətindən yaranan bədii məntiqin fonunda tamaşaçıların içini göynədir, onları mütəəssir edir...”.
Yeri gəlmişkən, "Ögey ana" filmi ekranlara çıxandan sonra təkcə Azərbaycanda deyil, bütün keçmiş SSRİ məkanında məşhur olub. Deyilənə görə, 1958-ci ildə ekranlara çıxmış "Ögey ana" filminin SSRİ ərazisində nümayişindən sonra Rusiyanın Kemerovo şəhərindən yeniyetmə bir qız filmdə ogey ana rolunu ifa edən aktrisa Nəcibə Məlikovaya məktub yazır.
Rusiyalı qız “Дорогая Мачеха” müraciəti ilə başlayan məktubunda yazırmış:
“Anam yoxdur. Atamın həyat yoldaşına ”ana” deyə bilmədiyim üçün fikir edirdim. Siz də ögey oğlunuzdan “ana” sözünü eşitmədiyiniz üçün fikir edirsiniz. Biz sizinlə eyni dərdin sahibləriyik. Amma sizdən fərqli olaraq, məni üzən daha bir səbəb var - ağrı. Ögey anam mənə nifrət edirdi. Məni zirzəmiyə salıb günlərlə orda bağlı saxlayırdı. Hər dəfə məni ora salanda, nə vaxt çıxaracağını bilmirdim. Mən onun ayaqlarını qucaqlayıb ağlaya-ağlaya yalvarırdım ki, ora salmasın. Bu, onların məni döyməsindən daha işgəncəliydi.
Ana deyib çağırmağa, kömək istəməyə kimsəm yox idid. Sizin kimi ögey anaya mən dönə-dönə “əziz ana” deyib qucaqlar, onun istisinə sığınardım. Amma siz bu filmdə öz oyununuzla bizə doğrumu deyirsiniz? Doğrudanmı, belə ögey analar olur?..”.
"Ögey ana"da ata rolu ilə tamaşaçı sevgisi qazanmış aktyor Fateh Fətullayevin maraqlı həyat yolu olub. Tənqidçi-alim Vaqif Yusifli onun yaradıcılıq yolunu belə xarakterizə edir:
"...Ən gözəl rolu hamının etiraf etdiyinə görə, Qoqolun "Müfəttiş"ində Xlestakov olub. Bu tamaşanı 1952-ci ildə Mehdi Məmmədov hazırlamışdı. Sonralar tanınmış teatr tənqidçisi Cəfər Cəfərov yazacaq: "Ən çətin problem Xlestakov rolunun ifası ilə bağlı oldu. Mehdi Məmmədovun bu rol üçün yeganə namizədi Fateh Fətullayev idi. Vaxtilə bu məşhur komediyada yüksək sənət nümayiş etdirərək parlamış Hüseyn Ərəblinskidən və Mehdi Mərdanovdan sonra yeni Xlestakov yaratmaq gənc bir aktyor üçün heç də asan məsələ deyildi. Lakin Xlestakov Fateh Fətullayevin bəlkə də teatr sənətində ən yaxşı roluna çevrilə bildi".
Oçerkdə Fateh Fətullayevin öz müasirlərinin könüllərinin necə fəth etdiyindən, sənətə, ailəyə münasibətindən də söz açılır:
"Fateh Fətullayev bir insan kimi də sevilirdi. Həmişə əlindən yaxşılıq gəlirdi. Ciddi, zabitəli, səliqəli kişi idi. Deyirdi ki, aktyor yaxşı, səliqəli geyinməkdə gərək nümunə olsun, Ərəblinskiyə oxşasın.
Fateh Fətullayev gözəl ailəsi var idi. Həyat yoldaşı Şəfiqə xanım vaxtilə rəqqasə olub. Qızı Zemfira isə ingilis dili müəllimidir. İndi bu ailə Fatehlə bağlı xatirələr işığına bürünüb".
Qeyd edək ki, "Ögey ana" filmində Fatel Fətullayevin oynadığı Arif rolu aktyorun öz səsi ilə deyil, kadr arxasında qalan Azərbaycanın xalq artisti Əli Zeynalov tərəfindən səsləndirilib.
Fətullayevlər sülaləsi ilə bağlı araşdırmanın müəllifi, yazıçı Nurəddin Ədiloğlu bildirir ki, bu nəsil istedadı ilə Azərbaycana başucalığı gətirib.
Dörd qardaşdan üçü: Fateh Fətullayev, aktrisalar Sona Hacıyeva və Nəcibə Məlikova, Nüsrət Fətullayev, Nurəddin Fətullayev.
“Teatr səhnəsində elə tamaşalar olub, həmin tamaşaların bütün ağırlığını Fətullayevlər öz çiyinlərinə götürüblər. Məsələn, 1976-cı ilin yanvarında Seyfəddin Dağlının "Mənziliniz mübarək" komediyasının quruluşçu rəssamı Nüsrət Fətullayev və aparıcı rollardan birini oynayan Fateh Fətullayev (Elgün rolunda) idi. Təxminən, bir ay sonra, yəni fevral ayında Xalq şairi Səməd Vurğunun "İnsan" pyesində (mənzum faciəsində) əsas rollardan birini Fateh Fətullayev (Polkovnik Hans rolunda), birini Nüsrətin həyat yoldaşı Hökümə xanım, birini onların əziz övladı Vəfa Fətullayeva (həkim Dildar rolunda), birini isə bu ailənin bəstəkar övladı Nurəddin Fətullayevin oğlu Hafiz Fətullayev (alman zabiti rolunda) oynayıb. Belə faktlara isə həyatda çox nadir hallarda rast gəlmək mümkündür. Fətullayevlər sülaləsinin timsalında qeyd olunan bu nadir hadisəni yazıya almaq, oxucuya, teatr həvəskarlarına çatdırmaq ilk növbədə bizim - qələm sahiblərini mənəvi borcudur...”.
Fateh Fətullayev 1986-cü ilin 4 mayında Bakı şəhərində vəfat edib. Bu gün 77 yaşında işqlı dünyaya vida etmiş məşhur sənətkarın anım günüdür...
Ə.Qafarlı