Mədəniyyət

Elçin Əfəndiyev VƏFAT ETDİ

Elçin Əfəndiyev VƏFAT ETDİ
3Avqust 202513:30

Görkəmli yazıçı, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Xalq yazıçısı (1998), “İstiqlal” ordenli (2003), dövlət və ictimai xadim Elçin İlyas oğlu Əfəndiyev 2025-ci il avqustun 3-də, ömrünün 82-ci ilində vəfat edib.

Azlist.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

Elçin Əfəndiyev 1943-cü il mayın 13-də Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1960–1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində ali təhsil alıb, 1965–1969-cu illərdə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasında oxuyub.

Əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda elmi əməkdaş kimi başlayan Elçin Əfəndiyev 1969–1975-ci illərdə orada işləyib. O, 1975–1987-ci illərdə Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin katibi, 1987–1993-cü illərdə isə Xaricdə yaşayan həmvətənlərlə Mədəni Əlaqələr Cəmiyyəti – “Vətən” Cəmiyyəti rəyasət heyətinin sədri olub.

Elçin Əfəndiyev 1993–2018-ci illərdə Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində çalışıb.

O, yaradıcılığa ötən əsrin 60-cı illərində başlayıb və Azərbaycan ədəbiyyatında xüsusi yer tutan “60-cılar” ədəbi nəslinin ən aparıcı nümayəndələrindən biri olub. Yazıçı milli ədəbiyyata yeni ab-hava, yeni dəyərlər və bədii ifadə vasitələri gətirmiş, ədəbi mühitin inkişafında müstəsna rol oynamışdır. 

Onun nəsr əsərləri, hekayə və povestləri onlarla xarici ölkədə tərcümə edilərək nəşr olunmuş, Azərbaycan ədəbiyyatının beynəlxalq səviyyədə təbliğində mühüm rol oynamışdır. Elçin Əfəndiyev milli ədəbiyyatımızı xaricdə layiqincə təmsil edən ən tanınmış simalardan biri olmuşdur. 

"Elçin Əfəndiyevin zəngin yaradıcılığında romanlar, povestlər, pyeslər və elmi-tənqidi əsərlər xüsusi yer tutur. Onun "Ölüm hökmü", “Mahmud və Məryəm”, “Ağ dəvə”, “Baş”, “Bayraqdarlar” kimi əsərləri Azərbaycan ədəbiyyatının qızıl fonduna daxil olub. Dramaturgiya sahəsində də məhsuldar fəaliyyəti ilə fərqlənən yazıçının səhnə əsərləri həm ölkə, həm də xarici teatrların repertuarında geniş yer alıb. 

Elçin Əfəndiyevin xidmətləri həmişə yüksək qiymətləndirilib. O, Azərbaycan Respublikasının ali dövlət mükafatları – “İstiqlal” (2003), “Şərəf” (2013), “Şöhrət” (2018) ordenləri və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” (2023) ilə təltif edilib.