Mədəniyyət

Bakının məşhur qonaqları“Yoldaş Saaxov”un HEKAYƏSİ

Bakının məşhur qonaqları: “Yoldaş Saaxov”un HEKAYƏSİ
27Sentyabr 202215:13

Azərbaycan özünün qonaqpərvərliyi ilə məşhurdur. Ölkəmizə gələn əcnəbilər xalqımızın qonaqpərvərliyindən ürəkdolusu danışır, süfrəmizin zənginliyindən söz açır, Azərbaycan təbiətinin gəzməli-görməli yerlərinə valeh olduqlarını gizlətmirlər. Məhz bu səbəblərdən Azərbaycan xalqı qonaqpərvərliyi ilə dünyaya səs salmış millət kimi tanınır. 

Ötən illər ərzində çox məşhurlar Bakıda qonaq olublar. Həmin məşhurların qısa və ya uzunmüddətlik səfərləri belə, Bakının və insanlarımızın keçmişində silinməz izlər qoyub. 

Modern.az saytı məşhurların Bakı səfərləri haqqında silsilə məqalələri davam etdirir.

“Bakının məşhur qonaqları” layihəsində müxtəlif illərdə paytaxtımızda olmuş dünya şöhrətli simaların səfərindən, onların təəssüratlarından söz açılır, o səfərlərin şahidilərinin xatirələriı təqdim edilir. Bakıya kimlər gəlməyib?..


Budəfəki yazımızda görkəmli Sovet və Rusiya aktyoru, teatr və kinoda təkrarolunmaz rollar ifa etmiş Vladimir Etuşun Azərbaycan səfərinə toxunacağıq.


Uzunmüddətli karyerası boyunca o, bir çox filmlərdə müxtəlif obrazlar yaratmışdı.

Lakin çox güman ki, azərbaycanlı tamaşaçılar arasında Vladimir Etuş Leonid Qaydayın məşhur "Qafqaz əsiri” filmindəki "yoldaş Saaxov" rolu ilə yadda qalacaq.


Etuş kim idi?
 

Görkəmli teatr və kino aktyoru, pedaqoq, Rusiyanın xalq artisti (1971), SSRİ-nin xalq artisti (1984) Vladimir Abramoviç Etuş 6 may 1922-ci ildə Moskvada yəhudi ailəsində anadan olub. Lakin sənəddə onun doğum tarixi rəsmi olaraq 1923-cü il kimi yazılıb. O zaman valideynləri övladlarının hərbi xidmətə gec getməsi üçün onun dğum tarixini 1 il “ləngidiblər”.

Atası Abram Savelyeviç inşaatçı, anası Raisa Konstantinovna isə fotoatelyedə kassir işləyib.

Vladimir orta məktəbdə yaxşı oxuyub. Lakin 15 yaşında ikən atasının repressiya olunmasından sonra məktəbdə müəllimlərin və direktorun ona qarşı münasibəti dəyişir. Bu hadisə ona çox pis təsir etsə də, Vladimir dərslərindən geri qalmamağa çalışırdı.

Məktəbdə teatr dərnəyinə yazılan yeniyetmə oğlan rejissor olmaq qərarına gəlmişdi. Amma məktəbi bitirəndən sonra ali məktəbə qəbul oluna bilmədi. Vladimir Vaxtanqov adına Teatrda rejissor köməkçisi olaraq işə düzəldi, sonra Şukin adına Teatr Məktəbinə qəbul olundu. I kursu bitirəndə Böyük Vətən Müharibəsi başladı.

Alman dilini yaxşı bilən Vladimiri Stavropola tərcüməçilik məktəbinə göndərirlər. Bir müddət sonra da cəbhəyə tərcüməçi olaraq yola salınır.

Böyük Vətən Müharibəsi illərində Vladimir Etuş cəbhədə zabit kimi döyüşüb. 1943-cü ildə Ukraynanın Jovtneve kəndində ağır yaralanır.

Xəstəxanadan çıxandan sonra 2-ci qrup əlil statusu alır və ordudan tərxis edilir.

Nəhayət 1945-ci ildə V.Etuş Şukin adına Teatr Məktəbini bitirir və Yevgeni Vaxtanqov adına Moskva Teatrında çalışmağa başlayır. Getdikcə burada əsas aktyorlardan birinə çevrilir.
 

Etuşun azərbaycanlı qəhrəmanları...

Aktyor kino fəaliyyətinə 1953-cü ildə Mixail Rommun "Admiral Uşakov" tarixi filmində çəkilməklə başlayıb.

Böyük sənətkarı Azərbaycanla bağlayan tellər vardı. O, dünyaca məhşur müğənni Müslüm Maqomayevlə isti münasibətlərə malik idi, dostlaşmışdılar. Maraqlıdır ki, Vladimir Etuşun kinematoqrafiyadakı ilk rollarından biri azərbaycanlı neftçi obrazı olub. 1960-cı ildə çəkilmiş "Yay məzuniyyətləri zamanı" adlı həmin filmdə Vladimir Etuş Bakıdan sibirə gələn təcrübəli istehsalat işçisi, elmlər namizədi Səməd Məmmədovun obrazını canlandırmışdı.

1980-ci ildə isə Etuş rejissor Rasim İsmayılovun ekranlaşdırdığı “Anın quruluşu” bədii televiziya filmində də çəkilib – orada “qoca Bayramov” obrazını yaradıb.

Vladimir Etuş kəskin xarakterli və komik rolların mahir ifaçısı olub. Geniş tamaşaçı kütləsi onu daha çox məşhur rejissor Leonid Qaydayın "Qafqaz əsiri və ya Şurikin yeni macəraları", "12 stul", "İvan Vasilyeviç peşəsini dəyişir" kimi komediyalarından tanıyıb.

1945-ci ildən etibarən Vladimir Etuş fəal surətdə Şukin adına teatr məktəbində müəllimliklə də məşğul olub. 1976-cı ildən oranın professoru idi. 1987-ci ildə isə Şukin adına teatr məktəbinin direktoru təyin edilmişdi. Etuş 2009-2011-ci illərdə Rusiyada Mərkəzi aktyor evinin direktoru da olub.

V.Etuş 30-dan çox filmdə çəkilib. Rejissor Leonid Qaydayın “Qafqaz əsiri”, “İvan Vasilyeviç peşəsini dəyişir” kinokomediyalarında yaratdığı obrazlar ona böyük şöhrət qazandırmışdı. Keçmiş SSRİ məkanında yaşlı və orta nəsil onun “Qafqaz əsiri və ya Şurikin başqa macəraları” komediyasında yaratdığı Saaxov obrazını hər zaman xüsusi təbəssümlə xatırlayacaq.

10 ən yaxşı sovet filmindən birində “yoldaş Saaxov”

Rejissor Leonid Qaydayın “Qafqaz əsiri” filmi bu günə kimi 10 ən yaxşı sovet filmindən biri hesab olunur. 1967-ci ilin aprelin 3-də Moskvanın 53 kinoteatrında eyni anda "Qafqaz əsiri"nin nümayişi keçirilib. Həmin ilin sonuna qədər bu filmi 76,5 milyon insan seyr edib. Film SSRİ tarixində kassa yığımına görə 4-cü yeri tutub.


Yeri gəlmişkən, “Qafqaz əsiri”  filminin maraqlı tarixçəsi var. Deyilənə görə, L.Qaydayın bu komediyasının o zamanların senzurasından keçməyəcəyi gözlənilirmiş. Belə ki, Rusiya Dövlət Kinosunun o zamankı sədri Aleksey Romanov filmin ilk qapalı nümayişindən sonra belə deyib: "Bu antisovet ekran işi yalnız mənim meyitimin üzərindən keçib kinoteatrlara gedə bilər". O, hətta filmdə cərəyan edən hadisələri, sovet adamının ələ salınmasını “siyasi xuliqanlıq” adlandırıb.

Filmdəki “Təcrübəli” (Morqunov), “Kütbeyin” (Nikulin) və “Qorxaq” (Vitsin) obrazlarının gülməli davranışları, raykomxozun müdiri Saaxovun ələ salınması Rusiya Dövlət Kinosunun sədrini özündən çıxarıbmış.

Hikkəli Romanovun israrı ilə filmin taleyi bazar ertəsi Rusiya Dovlət Kinosunun iclasında rəsmən həll olunmalıymış. Yəni “Qafqaz əsiri” arxivə gömülməliymiş. Bunu bilən Leonid Qaydayın bəzi tanışları da ondan yan gəzməyə başlayıblarmış.

Lakin heç kəsin gözlədiyi bir hadisə baş verir və “Qafqaz əsiri”nin ekranlara çıxmasına yol açılır.

Belə ki, cümə günü axşam Dövlət Kinosunun binasında yalnız növbətçi qalan zaman SSRİ-nin o vaxtkı rəhbəri Leonid İliç Brejnevin köməkçisi ora zəng vurur.

Köməkçisi növbətçidən Brejnevin bazar günü bağda baxması üçün "nəsə təzə bir şey" göndərməsini istəyir. Gecə nöbəsindən əvvəl istirahət etmiş növbətçi baş verənlərdən xəbərsiz olduğuna görə, ictimaiyyətin hələ görmədiyi “Qafqaz əsiri” komediyasını götürüb Brejnevin bağına göndərir.

Filmə baxarkən gözləri yaşarancaya qədər gülən Leonid Brejnev “Qafqaz əsiri” bitəndən dərhal sonra Rusiya Dovlət Kinosunun sədri Romanova zəng edərək, onu gözəl iş münasibətilə təbrik edir.

Ertəsi gün Romanov gülərüzlə filmin yaradıcı heyətinə “çox sağ ol” deyir və “Qafqaz əsiri”nin ən yüksək icarə kateqoriyasına layiq görüldüyünü bildirir.


Ssenariyə görə, bu filmdə Vladimir Etuşun qəhrəmanı Oxoxov soyadı daşımalı imiş. Lakin o zamanlar filmin çəkildiyi Qafqaz bölgəsində - Kabarda-Balkariya muxtar respublikasının Nazirlər Kabinetinin sədri Aslanbi Axoxov adlı şəxs olduğuna görə, obrazın adını dəyişərək Saaxova çeviriblər.

Beləliklə də bəxtsiz bəy, Ninaya aşiq olan raykomxozun müdiri Saaxov olub.
 

Böyük aktyorun Bakı səfərləri
 

Vladimir Etuş bir neçə dəfə Bakıda olmuşdu. O, 2011-ci il sentyabrın 25-də Bakıya Heydər Əliyev Sarayının dəvəti ilə gəlmişdi. O, zaman sarayda Etuşun baş rolda oynadığı “Neapol ehtirasları” tamaşası göstərilmişdi

Vladimir Etuşun Bakı haqda xatirələri:

"Mən məmuniyyətlə İçərişəhəri gəzmişəm. Orada çox yaxşı vəziyyətdə keçmişdən salamat qalmış memarlıq abidələri var və onlara tamaşa etməkdən zövq alırdım. 2011-ci ilin sentyabrında Hava limanından şəhərin mərkəzinə qədər gələndə gördüm ki, Bakı əsl meqapolisə çevrilib. Bakının qədim arxitekturası ilə müasir çoxmərtəbəli binaları bir ansambl təşkil edir. Əvvəlcə hətta düşündüm ki, məni səhvən Amerikaya gətiriblər, Azərbaycana yox.
Bakıda o qədər hörmət və səmimiyyət gördüm ki...”.

Yorğunluğa baxmayaraq, iki saat sürən həmin tamaşadan sonra Etuş kulisdə pərəstişkarlarına avtoqraf paylamış, onlarla şəkil çəkdirmiş və çoxlu zarafat etmişdi.

2013-cü ilin 12 iyununda isə Vladimir Etuş yenidən Bakıya gəlmişdi. O zaman Azərbaycana 4-cü həyat yoldaşı ilə gələn aktyora Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında yubiley gecəsi keçirilmişdi.

Həmin gecə Etuş səhnədə görünəndə bütün zal ayağa qalxmış və böyük sənətkarı alqışlarla salamlamışdı.

“Səmimi qəbula görə çox sağ olun. Mən Bakıda dəfələrlə olmuşam. Bakı gözəlliyi və harmoniyası ilə məni heyran edib” - böyük aktyor yaradıcılıq gecəsində azərbaycanlı tamaşaçıların sürəkli alqışları qarşısında belə demişdi.

Azərbaycanlılarla bağlı xatirələr...

Vladimir Etuş xatirələrinin birində qeyd edir ki, “Qafqaz əsiri” filminin bütün SSRİ-də nümayişindən sonra tanışlarından biri ona məsləhət görüb ki, “Qafqaza getmə, getsən səni öldürəcəklər":

“Əlbəttə öldürüləcəyimə inanmamışdım, amma hər ehtimala qarşı Qafqaza da getmədim ki, nə isə xoşagəlməzlik yaşana bilər. Halbuki, sən demə tam əksinəymiş, məni Qafqazda hamı sevirmiş...
Belə oldu ki, "Qafqaz əsiri" filmi uğur qazanandan sonra yolum bir dəfə təsadüfən Çeremuşkinski bazarına düşdü. Orada əsasən qafqazlılar, xüsusən də azərbaycanlılar ticarətlə məşğul idilər. Bazara girəndə baxdım ki, ticarətçilər kiçik bir qrup yaradıb məni əhatəyə aldılar. Və mən özümü müdafiə etməyə hazırlaşdım ki, indi dava düşəcək və döyməyə çalışacaqlar. Qrupdan bir nəfər mənə yaxınlaşıb dedi: "Bura bax, sən bir də nə vaxt belə yaxşı rollar oynayacaqsan?”. Sən demə onlar mənə pərəstiş edirmişlər.
Sonra onlar az qala məni əllərinin üstündə daşıyacaqdılar. Məni əhatəyə alan hər kəs qonaq etmək üçün yarışa girmişdi. Amma mən belə başa düşdüm ki, azərbaycanlılar elə bilirdi ki, “yoldaş Saaxov” ermənidir, ermənilər isə düşünürdü ki, “Saaxov” azərbaycanlıdır. Gürcülər də Saaxovu gürcü kimi qəbul etmirdilər. Hamı üçün bu xoş idi. Xüsusulə mənim üçün!".

Müsahibələrinin birində Etuş deyib ki, azərbaycanlılar “yoldaş Saaxov” obrazının yaradılmasında ona "kömək edib".

Aktyorun sözlərinə görə, müharibə vaxtı Gürcüstandan Dağıstana qədər bütün Qafqazı gəzib, yerli koloriti kifayət qədər öyrənib, ona görə də Saaxov rolunu asanlıqla oynayıb:

"Bəxtim gətirdi ki, mən "Qafqaz əsiri” filmində oynadım. Böyük Vətən Müharibəsi zamanında mənim Qafqazda formalaşmış hərbi hissədə xidmət keçməyim köməyimə çatdı. Həmin hərbi hissədə çoxlu  azərbaycanlı və gürcü əsgərlər vardı. Onların rusca danışıq ləhcələrini, bəzi şirin ifadələrini mənimsəmişdim ki, bu da filmdə mənə kömək oldu”.

Böyük Vətən Müharibəsi illərində Vladimir Etuş cəbhədə zabit rütbəsində vuruşub. Etuş Kabarda-Balkariya və Osetiya dağlarında döyüşüb, Rostov-Don şəhəri və Ukraynanın faşistlərdən azad olunmasında iştirak edib, göstərdiyi qəhrəmanlığa görə orden və medallara layiq görülüb.


Bakılı qadınla evlilik

Yeri gəlmişkən, Vladimir Etuş bakılı qadınla evli idi. Həmin qadın Bakıda anadan olub, sonra Moskvaya köçüb.

“Onun ata-anası, qohumları Bakıda yaşayırdılar və biz onlara qonaq gedirdik. Qız Qalası, İçərişəhər, Hökumət Evi yaxşı yadımdadır. Bakıda dostluq etdiyim insanlar haqqında xoş xatirələr qalıb. Bakıda həmişə bizi çox mehribanlıqla qəbul edirdilər", - deyə Vladimir Etuş bildirib.

97 illik həyatında Vladimir Etuş 4 dəfə evli olub. Onun 1-ci evlilyi 1945-ci ildə gerçəkləşib.
Aktyor artilleriya general-leytenantı Konstantin Muşkovun qızı, teatr və kino aktrisası Ninel Muşkova ilə evlənib. Ninelin adını Vladimir Leninin şərəfinə qoymuşdular. Belə ki, valideynləri Lenin adını tərsinə çevirib Ninel etməklə qızlarına vermişdilər. Gəncliyində Ninel öz adından utandığına görə, Vladimirlə ilk dəfə tanış olanda özünü ona Yeva kimi təqdim etmişdi.
Onların evliliyi uzun sürmədi və uşaqları olmadan ayrıldılar.

Vladimir Etuş 2-ci dəfə aktrisa Yelena İzmayılova ilə evləndi. 1945-1950-ci illəri əhatə edən bu evlilikdən də onların övladı dünyaya gəlməyib.

Görkəmli aktyorun 3-cü xanımı Nina Kraynova isə onun həyatında xüsusi rol oynayıb. Belə ki, məhz Nina Vladimir Etuşu ilk dəfə ata edib. Bu həmin Ninadır ki, 1927-ci ildə Bakıda anadan olub. O, ingilis dili müəlliməsi idi. Məhz sevdiyi kişininin xatirinə - Vladimir Etuşa görə Nina Kraynova Bakıdan Moskvaya köçmüşdü.

1955-ci ilin 20 sentyabrında onların qızı Raisa dünyaya gəlib.

Vladimir Etuş məhz Nina Kraynovanı həyatının əsas qadını adlandırıb. Yeri gəlmişkən, aktyorun qızı Raisa 1994-cü ildə amerikalı neft biznesmeninə ərə gedərək, Vaşinqtona köçüb. Teatr və kino aktrisası olan Raisanın 1996-cı ildə bir oğlu doğulub. Ona babasının şərəfinə Vladimir adı veriblər. Kiçik Vladimir də hazırda ABŞ-da yaşayır.

Vladimir Etuşla bakılı Nina Kraynovanın evliliyi 48 il sürüb. 2000-ci ildə Nina Kraynova xərçəng xəstəliyindən vəfat edib.

4-cü evlilik və ölüm... 

Bu hadisədən 2 il sonra Vladimir Etuş 4-cü dəfə ailə qurub. Bu dəfə o, pərəstişkarı olan bir xanımla – Yelena Qorbunova ilə evlənib. Vladimirdən düz 42 yaş balaca olan Yelena da ingilis dili müəlliməsidir. Evləndikdən bir müddət sonra Yelena Qorbunova Vladimir Etuşun şəxsi köməkçisi kimi fəaliyyət göstərib.

Deyirlər ki, məhz bu nikah aktyorun əvvəlki evliliyindən olan qızı Raisanın etirazı ilə qarşılanıb. O, atasının 4-cü evliliyini həzm edə bilmirmiş... Yelena Qorbunova Vladimir Etuşun qızı ilə bir müddət ədavətdə olub. Onların münasibətini aktyorun nəvəsi - kiçik Vladimir yoluna qoymağa nail olub.

Vladimir Etuşun ölümünə bu yaxınlarda şahidlik etdik. 9 mart 2019-cu il… bütün dünya üzrə səhnədə olan ən yaşlı aktyor 97 yaşında vəfat etdi... O, ötən il özünün 96-cı ad gününü teatrda qeyd etmişdi.. 97 yaşı tamam etməyə isə əcəl imkan vermədi...

 

Ə.Qafarlı