“Böyük dayaq”ın Yastı Salmanı - O, Xalq artisti adını niyə ala bilmədi?..
“Böyük dayaq” filminə baxanlar Yastı Salman obrazını da mütləq xatırlamalıdırlar. Əksi mümkün deyil... Yastı Salman rolu onun böyük kinoda debütü idi. Ancaq bu obrazı elə məharətlə oynadı ki... həmişəlik yaddaşlara köçdü... Söhbət görkəmli opera ifaçısı və aktyor Firudin Mehdiyevdən gedir. O, həm opera, həm də kino tarixində bu gün də xatırlanmasına səbəb olacaq böyük işlər görüb...
1962-ci ildə rejissor Həbib İsmayılov Xalq yazıçısı Mirzə İbrahimovun ssenarisi əsasında çəkdiyi "Böyük dayaq" filmində əsas rollardan birini Firudin Mehdiyevə tapşırmaqda səhv etməmişdi... Bəlkə də başqa aktyor Yastı Salman obrazını bu cür ustalıqla ifa edə bilməzdi...
Yastı Salman bugünkü bəzi məmurların tipi idi: üzdə gülüb arxada dövlət əmlakını talan edən, düz işləyənlərin ayağının altını qazan, namuslu insanlara torba tikən, özgə arvadına tamah salan...
“Yaddan çıxmış sənətkarlar” layihəsində bu dəfə Yastı Salmanın məhşurlaşdırdığı Firudin Mehdiyevdən bəhs edirik...
Yəqin razılaşarsınız, 50 ildən çoxdur ki izlədiyimiz "Böyük dayaq"ı Azərbaycan kinematoqrafiyasının şedevrlərindən biri saya bilərik... Sovet dövründə çəkilməsinə baxmayaraq filmin bir çox özəllikləri var və hər dəfə ona baxanda nələrsə kəşf edirsən...
"Böyük dayaq"da Ələsgər Ələkbərov (Rüstəm kişi), Tamilla Rüstəmova (Maya), Həsən Məmmədov (Qaraş), Leyla Rzayeva (Səkinə), Zemfira Əliyeva (Pərşan), Nəsibə Zeynalova (Telli), Məmmədrza Şeyxzamanov (Şərəfoğlu), Hacımurad Yegizarov (Şirzad) kimi aktyorlarla birgə çəkilən Firudin Mehdeyevin adı şübhəsiz ki, milli kino tariximizdə əbədi qalacaq.
Firudin Mehdi oğlu Mehdiyev 1927-ci il dekabrın 31-də Quba qəzasının Xızı kəndində doğulub.
Həyat onu hələ erkən yaşlarda sınağa çəkmişdi. 1941-ci ildə 14 yaşı olanda İkinci Dünya Müharibəsi çoxdan başlamışdı. Yeniyetmə Firudin elə bu yaşda Bakıdakı leytenant Şmidt adına maşınqayırma zavodunda fəhlə işləməyə məcbur idi. Çünki o ağır dövrdə cavanlar hamısı səfərbər edilərək, “Böyük Vətən Müharibəsi” adlandırılan savaşa aparılmış, arxa cəbhədə qalan qocalar, qadınlar və yeniyetmələr isə zavod-fabrikdə, kolxoz-sovxozda işə cəlb edilmişdilər.
Müharibə getməsinə baxmayaraq, o çətin qanlı-qadalı illərdə əksər iri müəssisələr kimi, leytenant Şmidt adına maşınqayırma zavodunda da dram dərnəyi fəaliyyət göstərirdi.
Firudin Mehdiyev də aktyor kimi ilk addımlarını bu özfəaliyyət dərnəyində atıb.
O zaman dərnəyə görkəmli aktyor Ağadadaş Qurbanov rəhbərlik edirmiş.
Bir gün Ağadadaş Qurbanov yeniyetmə fəhlələrə müraciət edir ki, Mirmehdi Seyidzadənin “Qızıl quş” tamaşasını hazırlayırlar, amma müşkülə düşüblər: “Bizə təcili olaraq Bəbir xan rolunu oynamağa bir uşaq lazımdır, istəyirəm yoxlayım, aranızda kimin həvəsi, bacarığı varsa bu işə qoşaq”.
Bu müraciət balaca Firudinin diqqətindən qaçmır və o, tamaşada oynamağa can atır. Yeniyetmə ilə yüngülvari tanışlıqdan, ilk yoxlanışdan sonra Ağadadş Qurbanov onu tərddüdsüz tamaşada oynayanların sırasına əlavə edir.
Zabitlər evindəki uğurla başa çatan tamaşadan sonra isə Ağadadaş Qurbanov ciddi-cəhdlə Firudin Mehdiyev və daha bir neçə yeniyetmənin Teatr texnikumuna qəbul olunması təşəbbüsünü qaldırır, istəyinin gerçəkləşməsinə də nail olur.
Beləcə, Firudin Mehdiyevin böyük sənətə aparan yolu açılır.
Bununla da Firudin Mehdiyev həm Teatr texnikumunda oxuyur, həm də Milli Dram Teatrında köməkçi heyətdə ara-sıra çıxış etməyə başlayır.
Firudin Mehdiyevin yaradıcılığını araşdırmış Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov onun həyat tarixçəsindən qısa ştrixlər danışıb:
“1944-cü ilin bir günündə cavan rejissor Şəmsi Bədəlbəyli Milli Dram Teatrında gəlir. Onun xahişi ilə bütün cavanları toplayırlar. Şəmsi müəllim qayıdır ki, “Musiqili Komediya Teatrını təşkil etmək istəyirik. Mənə səsi olan, oxumağı bacaran aktyorlar lazımdır”.
Firudin Mehdiyevi, Lütfi Məmmədbəyovu, Məlik Dadaşovu, onun qardaşı Salmanı, Arif Babayevi, Müxlis Cənizadəni və bir çox başqa cavanları Musiqili Komediya Teatrına dəvət edir.
Firudin Mehdiyevsə onların arasında ən fəalı idi. O qədər fəal ki, hətta aparıcı rolları da öyrənməyə başlamışdı.
Şəmsi Bədəlbəylinin də xəbəri vardı ki, bu gənc bütün baş rolları əzbər bilir. Ona görə də 1945-ci ildə bir ara Lütfəli Abdullayev xəstələnəndə Firudinə "Sabah tamaşada sən oynayacaqsan", - deyir...
Tamaşa müvəffəqiyyətlə keçir və bu debütdən sonra Lütfəli Abdullayev gündüz tamaşalarında özü çıxmır, rollarını ifa etməyi buraxır Firudinin öhdəsinə.
Hər tamaşa isə bir az da təcrübələnmək, bir az da püxtələşmək üçün yeni fürsət idi. Çünki onunla eyni səhnəni bölüşənlərin neçəsi tanınmış aktyorlar, müğınnilər idi, hər birindən hər tamaşada nəsə öyrənmək girəvəsi vardı”.
Rafael Hüseynovun sözlərinə görə, həmin ərəfədə Firudin Mehdiyevin yolunun səmti bir qədər dəyişir:
“İncəsənət işləri idarəsində rəhbər vəzifə tutan, Mircəfər Bağırovla yaxın olduğundan sözünün dalı da, qabağı da kəsən İbrahim Zeynalov (sonraların məşhur sənətkar qardaşlar Teymur və Tofiq Mirzəyelərin atası) günlərin birində, yaxşı tanıdığı, əslən qubalı olduğunu bildiyi Firudini çağırır ki, “Qubada dram teatrı açılır, sən gərək orada işləyəsən”.
Firudin yalvarır ki, “axı mən burada işləmək istəyirəm, olarmı getməyim Qubaya?”.
Cavab sərt olur: “Mütləq getməlisən! Getməsən səninçün yaxşı olmayacaq. Sabaha qədər fikirləş”.
Firudin gəlib evdə anasıyla məsləhətləşir.
“Ay oğul, çox da müharibə qurtarıb, görmürsən tuthatutdur. Səni də göndərərlər Sibirə, başıma haranın daşını salaram onda! Necə deyirlər, o cür də hərəkət elə”, - anası oğluna deyir.
Nə biləydi ki, könülsüz qəbul etdiyi bu təklif, işləməyə candərdi razılıq verdiyi Quba teatrı onun taleyini dəyişəcək, məhz ata-baba yurdunda onun gələcəyin müğənnisi və opera aktyoru olmasının aqibəti müəyyənləşəcək.
Quba teatrında Fikrət Əmirovun “Gözün aydın”ı tamaşaya qoyulmalıymış. Mərkəzi Komitənin zəhmli Birinci katibinin xüsusi nəzarəti və nəvazişi altında olan Quba teatrına cavan bəstəkarın özünü də ezam edirlər ki, tamaşanın hazırlıqlarında bilavasitə işitirak etsin, lazımi köməklərini göstərsin.
Fikrət Əmirov biləndə ki, Firudinin musiqi təhsili yoxdur, təəccüblənir: “Sənin həm gözəl səsin, həm də incə musiqi duyumun var, Teatr texnikumu təhsili azdır, sən gərək yaxşı musiqi savadı alasan”, - deyir.
Başlanğıc üçün Fikrət Əmirov Firudinə özünün “Gülüm” romansını öyrədir ki, işdi-şayəd sabah onu hardasa, kimlərəsə təqdim etmək istəyəndə ehtiyatında yalnız xalq mahnıları deyil, sanballı bəstəkar əsəri də olsun”.
“Gözün aydın”ın Quba teatrında premyerasından sonra Fikrət Əmirov Firudin Mehdiyevi Üzeyir Hacıbəylinin yanına aparır. Orada gənc Firudin “Gülüm” romansını oxuyur.
Üzeyir bəy qəbuluna gətirilmiş cavan oğlanın bircə ağız oxumasını eşidən kimi onun qabında nə olduğunu görüb dərhal qərar verir və musiqi məktəbinə düzəldir. Sonra da Konservatoriyada özünün hazırlıq qrupuna götürür.
Beləcə, vokal imkanları və geniş diapazonlu səsi kəşf edilən Firudin Mehdiyevin timsalında Azərbaycan sabahın daha bir parlaq sənətkarını qazanır.
Tenor səsə sahib olan Firudin Mehdiyev Konservatoriyada ölməz Bülbülün sinfini bitirir və 1957-ci ildən Opera və Balet Teatrında çalışmağa başlayır.
Rafael Hüseynov:
“Fikrət Əmirov, Süleyman Ələsgərov, Şəmsi Bədəlbəyli Firudindəki istedadı görüncə ona yol açmışdılar, arxa durmuşdular, şərait yaratmışdılar.
Birinci dəfə ifasını dinləyəndə Qara Qarayev onu bağrına basmışdı, Bülbülün əlini sıxmışdı ki, “afərin, yaxşı tələbə yetişdirmisən. Operamızın gözəl səsə, mükəmməl biliyə malik belə gənc ifaçılara çox ehtiyacı var”.
Həbib İsmayılov, Kamil Rüstəmbəyov kimi usta rejissorlar ilk təmasdanca onun milli kinomuz üçün tapıntı olduğunu hiss etmişdilər”.
F.Mehdiyev 1977-ci ilin 10 yanvar tarixində “Əməkdar artist” fəxri adına layiq görülüb. O, bu adı 50 yaşı tamam olanda aldı. Bu zaman artıq 30 illik peşəkar sənət yolu vardı.
1997-ci ildə Opera və Balet Teatrında sənətkarın 70 illik yubileyi keçirilirmiş. Böyük izdihamla keçən mərasimdə Firudin Mehdiyevi “Əməkdar artist” kimi təqdim edəndə bir çoxları təəccüblənmişdi ki, bu boyda sənətkar niyə hələ də “Xalq artisti” deyil?
Haqlı idilər... Firudin Mehdiyev Konservatoriyada dərs demişdi, Azərbaycan musiqisində iz qoyacaq, xalq artisti, əməkdar artist olacaq tələbələr yetişdirmişdi. Bu tələbələr sırasında Mobil Əhmədov, Yaşar Səfərov, Adil Məlikov, Anatollu Qəniyev, Lütfiyar İmanov, Elmira Rəhimova, Oqtay Ağayev və digərlərinin adını çəkmək olar...
5 operetta, 9 oratoriya, operalar, vokal simfonik poemalar, simfoniyalar, mahnı və romanslar bəstələmişdi. Böyük bir sislilə librettolar müəllifi idi.
80-ci illərin sonlarındakı qarmaqarışıq dövrdə də ona “Xalq artisti” fəxri vermək unuduldu. Halbuki, haqq edirdi...
Özünəməxsus ifa tərzinə, səs tembrinə malik olan F.Mehdiyev Opera və Balet Teatrının solisti kimi müxtəlif obrazlar canlandırıb. Leylinin atası ("Leyli və Məcnun"), Həmzə bəy ("Koroğlu"), Babakişi ("Sevil"), Xan ("Gəlin qayası"), Əziz ("Söyüdlər ağlamaz"), Rəşid bəy ("Xanəndənin taleyi"), Van Qoqun qardaşı ("Van Qoq"), Spalanitsani ("Hofmanın nağılları”), Radames ("Aida"), Kanio ("Məzhəkəçilər"), Birinci əsir ("İnsanın taleyi") obrazlarını məharətlə yaradıb.
Təsadüfi deyil ki, bəzi sənətkarlar onu “Opera sənətinin mogikanı” da adlandırıblar...
F.Mehdiyev bir çox filmlərdə də yer alıb. Yazının əvvəlində qeyd etdiyimiz kimi, "Böyük dayaq”da Yastı Salman obrazı ilə yaddaşlara həkk olub. Məhz bu obrazın sayəsində o, xarakterik rollar ustası kimi tanınıb.
Təəssüf ki, “Böyük dayaq”dakı uğurundan sonra Firudin Mehdiyev davamlı olaraq filmlərə çəkilməyib. Onun 60-80-ci illərdəki kino yaradıcılığı “Arşın mal alan” (1965) və “Sevil” (film-opera, 1970) filmlərində əsas qəhrəmanların ariyalarını kadrarxasında səsləndirməsi ilə bitir.
Yeri gəlmişkən, 1965-ci ildə ekranlaşdırılan "Arşın mal alan" filminin əsas uğurlarından biri də burada musiqilərin çox gözəl səslənməsidir. Operetta janrındakı filmdə Həsən Məmmədov, Leyla Şıxlınskaya, Hacımurad Yegizarov, Lütfəli Abdullayev, Səfura İbrahimova kimi sənətkarlar olsa da, filmin uğur qazanmasında mahnıları ifa edən Firudin Mehdiyev, Rauf Atakişiyev, Sona Mehdiyeva, Şəfiqə Qasımova kimi müğənnilərin də xidmətləri danılmazdır.
Çox-çox sonralar 1990-cı ildə rejissor Əbdül Mahmudov “Gecə qatarında qətl” filmini çəkərkən Firudin Mehdiyevi əsas rollardan birinə - əhvalatların əsas həlledici siması olan Şef – mafiya başçısı roluna dəvət edib.
Vaqif Mustafayevin 1997-ci ildə ekranlaşdırdığı “Hər şey yaxşılığa doğru” filmində isə sənətkar Qara eynəkli qoca rolunu canlandırıb.
Firudin Mehdiyevin filmlərə niyə az çəkildiyi onun opera səhnəsinə çox bağlı olması ilə əsaslandırılır.
O, ömrünün sonlarına yaxın Bakı Bələdiyyə Teatrında da çalışıb.
Görkəmli sənətkar F.Mehdiyev 1 fevral 2006-cı ildə (78 yaşında) vəfat edib.
Qəlbi həmişə sənət eşqi ilə vuran, sakit təbiətli, xarizmatik Firudin Mehdiyev həm də ailəcanlı bir insan olub. Onun övladları - oğlu Ramiq Mehdiyev və qızı Aidə Abutalıbova da ataları kimi sənət yolunu seçiblər.
Qızı Aidə Abutalıbovanın atası ilə bağlı xatirələrindən:
“Firudin müəllimin qızı, belə dahi sənətkarın yadigarı olduğum üçün fəxr edirəm. Mən atamı çox müşayiət etmişəm, özüm pianoçuyam. Bu sahəni seçməyimdə atamın rolu olub. Onun da dəstəyi ilə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişəm. Atamla birlikdə konsertlərə getmişik və onun romanslarını ifa etmişəm. Hər zaman atamla birlikdə olduğum üçün onunla bağlı xatirələrim də həddindən artıq çoxdur. Bunları daim mənim yaddaşımın bir guşəsindədir”.
Oğlu Ramid Mehdiyev:
“Atamın istedadı demək olar ki, hamımıza keçib. Amma biz bunu inkişaf etdirməmişik. Bəlkə də gələcəkdə nəticəsi, nəvələri atamın yolunu davam etdirəcək. Mən musiqi istedadımın olmasına baxmayaraq, kinorejissorluq və rəssamlıqla məşğul olmuşam. Teatr tamaşaçıları üçün musiqi proyektlərim də olub.
Atam ən əsası çox gözəl insan idi. Hər kəsdə istedad ola bilər, amma atamı çoxundan fərqləndirən onun insani keyfiyyətləri, xeyirxahlığı idi”…
Ə.Qafarlı