Mədəniyyət

Azərbaycanda İlaxır çərşənbə qeyd olunur - İNANCLAR

Azərbaycanda İlaxır çərşənbə qeyd olunur - İNANCLAR
14Mart 202309:35

Xalq ədət-ənənəsinə görə, Novruz bayramından öncə sürən Boz ay ərzində su, od, yel və torpaq çərşənbələri qeyd edilir. Xalq mövhumatına əsasən, birinci çərşənbə günü su və su mənbələri təzələnir və hərəkətə gəlir, ikinci çərşənbədə çatılan od yeni həyatın, baharın və istiliyin gəlişini simvolizə edir, üçüncü çərşənbədə isti və təravətli külək bütün canlılara, hər yerə nüfuz edərək yatmışlara təsir göstərir.

Dördüncü çərşənbədə torpaq oyanır, otlar cücərir, ağaclar tumurcuqlayır ki, bu da baharın gəlməsindən xəbər verir.

Azlist.az xəbər verir ki, bu gün sonuncu - torpaq çərşənbəsidir.  

Sonuncu, həm də «ilaxır çərşənbə»də bağ-bostan, dirrik yerləri əkinə hazırlanır. Evlərdə süfrəyə yaşıllıq nişanəsi, təbiətin canlanmasının rəmzi olan səməni qoyulur.

Axır çərşənbədə yaşından və cinsindən asılı olmayaraq hamı tonqalın üstündən tullanmalıdır, özü də yeddi dəfə, ya bir tonqalın üstündən yeddi dəfə və ya yeddi tonqalın hərəsinin üstündən bir dəfə. Tullanarkən bu sözlər deyilir: «Sarılığım sənə, qırmızılığın mənə», ya da «Ağırlığım odda yansın». Tonqal heç vaxt su ilə söndürülməməlidir. Tonqal özü sönəndən sonra cavan oğlan və qızlar həmin tonqalın külünü yığıb, evdən kənar bir yerə, çölə atırlar. Bu o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtçiliyi atılan küllə birlikdə ailədən uzaqlaşdırılır.

Xalq axır çərşənbəni xüsusi təntənə ilə qeyd edir. İnanca görə axır çərşənbə «Novruz»la üst-üstə düşərsə, ilin daha uğurlu keçəcəyi gözlənilir. Bu çərşənbədə bayram süfrəsi açılır, şirniyyat bişirilir, məcməyi və ya sinilərdə xonça hazırlanır. Bayram xonçasının ortasına səməni qoyulur, ətrafı isə boyanmış yumurta, qoz, fındıq, badam və şirniyyatlarla bəzədilir. Həmin gecə «qulaq falı»na çıxırlar.

Deyilənə görə, ilin axır çərşənbə gecəsini öz evində qeyd etməlisən. Əks halda, Novruzu yeddi il dalbadal başqa yerdə qarşılayacaqsan.  
 
İlaxır çərşənbədə bütün günü davam edən mərasim axşam şənlikləri ilə daha da gurlaşır. Axşam qulaq falları qurulur. Subaylar qonşu evlərin qapısının arxasında gizlənərək ilk eşitdikləri sözə uyğun təzə ildə onları gözləyən hadisələri öncədən bilməyə çalışırlar. Bu səbəbdəndir ki, axırıncı çərşənbə axşamı yalnız yaxşı sözlər danışılması adət hesab olunur.

Son çərşənbə axşamı ən çox görülən işlərdən biri də müxtəlif fallardır. Bu fallara adətən gənc qızlar baxdırırlar.