İslam dünyasının mədəniyyət paytaxtı - ŞUŞA
Azərbaycan Respublikasının Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilib.
Bu qərar 2023-cü il sentyabrın 25-də Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında qəbul edilib.
Dohada verilən qərar İslam mədəniyyətinin zənginliklərini dolğun təzahür etdirən Şuşaya xüsusi ehtiramın ifadəsidir.
Azərbaycan hökumətu 2022-ci ili ölkədə “Şuşa ili” elan etmişdi. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) isə Şuşanı 2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı elan etmişdi.
Bu il isə Şuşa İslam dünyasının mədəniyyət paytaxtıdır. Bununla əlaqədar
2024-cü il ərzində üçün Şuşada bir sıra beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi nəzərdə tutulur.
Məsələn, İslam Dünyasının Mədəniyyət Forumu, İslam ölkələri rəssamlarının və fotoqraflarının sərgisi, İslam dünyasının aparıcı media nümayəndələrinin Şuşaya səfəri, burada kütləvi idman tədbirlərinin, beynəlxalq konfransların keçirilməsi və s.
Bəs dünyaya səs salan Şuşa necə bir yerdir?
Şuşa Azərbaycanın Qarabağ bölgəsində qədim bir qala-şəhərdir. Bu şəhər uzun illər boyu Azərbaycanın Qarabağ xanlığının paytaxtı olub. Tarixi mənbələrə görə, Şuşa qalası 1750-ci ildə Qarabağ xanı Pənahəli xanın göstərişi ilə hündür, sıldırım dağlar üstündə inşa olunub. Qala-şəhərin tikintisi 7 ilə başa gəlib. Şəhər hər tərəfdən sıldırım qayalarla əhatə olunub.
Bu tarixi şəhər bir müddət Pənahəli xanın şərəfinə “Pənahabad”, sonradan isə “Şuşa qalası” və “Şuşa” adlandırılıb.
Füsunkar təbiətə malik olan Şuşa şəhəri dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşir. Şuşa təmiz havasına, saf və mineral bulaqlarına görə müalicəvi əhəmiyyətli kurort şəhər hesab olunur. Bu baxımdan Şuşa nəinki Azərbaycanda, onun hüdudlarından kənarda da istirahət guşəsi kimi məşhurlaşıb.
Şuşa dağlarında xüsusi gözəlliyi ilə seçilən nadir “Xarı bülbül” gülü bitir.
Şuşanın “mədəniyyət beşiyi” adlandırılması təsadüfi deyil. Bu şəhər həmişə şairlər, musiqiçilər, xanəndələr, xəttatlar, nəqqaşlar, memarlar, müəllimlər, həkimlər məskəni olub.
Şuşa bir vaxtlar “Kiçik Paris”, “Qafqazın sənət məbədi” və “Şərqin konservatoriyası” adlandırılıb. Bu şəhər dünya miqyasında tanınmış bir sıra görkəmli mədəniyyət və elm xadimlərinin vətənidir.
Şuşa həm də məscidlər şəhərdidir.
Təəssüf ki, Şuşa şəhəri 28 il Ermənistan Respublikasının işğalı altında qalıb. Belə ki, Ermənistan ordusu 1992-ci il mayın 8-də Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərini ələ keçirib. Nəticədə 289 kvadratkilometr əraziyə malik, 1 şəhər və 30 kənddən ibarət olan Şuşa rayonu Ermənistan silahlı qüvvələrinin işğalına məruz qalıb. 24 min nəfər azərbaycanlı əhali isə doğma torpaqlarından didərgin düşüb. Şuşa işğal edilərkən 195 nəfər azərbaycanlı şəhid olub, 165 nəfər yaralanıb, 58 nəfər isə itkin düşüb.
Ermənistanın təcavüzü nəticəsində Şuşanın 25 məktəbi, 31 kitabxanası, 17 klubu, 8 mədəniyyət evi, 4 kolleci, 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatrı, 5 mədəniyyət və istirahət parkı, 2 sanatoriya və turist bazası, 2 mehmanxanası, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şuşa Televiziyası, Şərq musiqi alətləri fabriki, Dövlət Rəsm Qalereyası, Uşaq sağlamlıq məktəbi talan edilib, yandırılıb və dağıdılıb.
Şuşanı 28 il əsarətdə saxlayan erməni işğalçıları onun simasını dəyişməyə cəhd göstəriblər.
Şuşa azərbaycanlıar üçün qeyrət simvolu idi. Təsadüfi deyil ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyev müstəsna əhəmiyyətə malik olan şəhər haqqında demişdi: “Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur”.
Şuşa təkcə Azərbaycan üçün deyil, işğalçı Ermənistan üçün də strateji əhəmiyyət daşıyırdı.
Lakin Azərbaycan dövləti Şuşanın əbədi olaraq işğal altında qalması ilə barışa bilməzdi.
Nəhayət 2020-ci il noyabrın 8-də Azərbaycan Ordusu – xüsusi təyinatlılar əlbəyaxa döyüşlə Şuşanın işğaldan azad etdi.
Şuşa döyüşü dünyanın hərb tarixində unikal əməliyyat kimi düşüb. Bu qələbə Azərbaycanın döyüş brendinə çevrilib.
Hazırda Şuşada quruculuq-abadlıq işləri həyata keçirilir, şəhər yenidən qurulur. Artıq azərbaycanlı sakinlərin də doğma şəhərə qayıdışına başlanılıb. Yaxın illərdə Şuşa cənnəti xatırladacaq bir məkana çevriləcək.
Şuşa həm də Azərbaycan Respublikasının tarix-memarlıq qoruğudur.
Şuşa şəhəri həmişə Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən, o cümlədən İslam sivilizasiyasının simvollarından biri olub. Şuşanın yaxın illərdə İslam ölkələrindən olan turistlər üçün ən sevimli məkan olacağı heç kimdə şübhə doğurmur.
Qeyd: Yazı “Əqli Mülkiyyətçilərə Kömək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə hazırlanıb.
Mərakeş mətbuatında çıxan yazımız
Misir mətbuatında çıxan yazımız
Misir mətbuatında çıxan yazımız
Misir mətbuatında çıxan yazımız
Misir mətbuatında çıxan yazımız