Proje

Dünyanı heyrətləndirən Qarabağ XALÇALARI

Dünyanı heyrətləndirən Qarabağ XALÇALARI
28May 202418:30

Azərbaycanın işğaldan azad edilmiş Qarabağ bölgəsi sənət və mədəniyyət mərkəzi kimi şöhrət tapıb. Zəngin mədəni irsə malik olan bu bölgə nəfis xalçaları ilə bütün dünyada tanınır.
Qarabağda toxuculuq sənətinin izləri çox qədim dövrlərə gedib çıxır. Arxeoloji tədqiqatlara görə, Qarabağda xalçaçılıq sənəti hələ ilk tunc dövründə meydana gəlib.
Bu xalçalarda istifadə olunan yun yerli qoyun cinslərindən alınıb. Yerli əhali yunu qırxıb, ondan xalça ipləri hazırlayıb və boyayıb. Müxtəlif rənglərin alınmasında soğan, fındıq, alma qabığı, qoz ağacının yarpağından, digər bitkilərdən istifadə edilib. 
Qarabağda ən yaxşı xalçalar zərif və möhkəm toxunmuş, səthi səliqəli qırxılmış, solmayan rəngləri və ipi yundan olan xalçalar hesab olunur.

Qarabağın Şuşa, Cəbrayıl, Ağdam və Füzuli rayonları xalça istehsalında həmişə əsas yerləri tutub. Vaxtilə Qarabağdakı hər ailədə ayda bir xalça toxunurdu. Xalçaçılıq alətlərinin səsi gəlməyən ev bədbəxt ev hesab olunurdu. Xalça kəsilən gün isə ailə bayram edirdi.

Xalça həmişə Qarabağ bölgəsində var-dövlət göstəricilərindən biri hesab olunub. Təsadüfi deyil ki, keçmişdə oğul evləndirməyə hazırlaşan ailələr gəlinin toxuculuq qabiliyyəti ilə xüsusi maraqlanardılar. Keçmiş adətə görə, Qarabağda ailə quran qızların cehizlik xalçaları arasında öz əlinin işi də olmalı idi. Bu baxımdan Qarabağın kənd qızlarının xalça sənətinə bağlılığı, zəhmətsevərliyi, qabiliyyəti dillər əzbəri idi.

Qarabağ xalçalarının 33 kompozisiyası var. Bu xalçaların parlaq rəng palitrası olduqca zəngindir. Bu palitra Qarabağ təbiətinin bütün rənglərinin ən zərif çalarlarını özündə əks etdirir.
Qarabağ xalçaları xovlu və xovsuz olaraq iki qrupa bölünür.

Qarabağ xalçaları orijinal naxış elementləri və maraqlı təsvirləri ilə daim diqqət çəkib.

Sirlərlə dolu Qarabağ xalçalarının daha bir unikallığı odur ki, onlar öz sahibləri haqqında məlumat verə bilir. Belə ki, bu xalçaları toxuyan insanlar onun üzərindəki elementlər və işarələr vasitəsi ilə müəyyən informasiyaları kodlaşdırıblar.

İstehsal texnikasına, naxış və çeşnilərinin müxtəlifliyinə, rəng əlvanlığına, yüksək bədii tərtibatına görə Qarabağ xalçaları hələ orta əsrlərdən geniş şöhrət qazanmışdı.
 
IX-XVI əsrlərdə yaşamış bir çox ərəb tarixçilərinə aid mənbələrdə də Qarabağ xalçalarının gözəlliyi və keyfiyyətindən, onların Yaxın Şərq ölkələrində yayılmasından bəhs edilib.

Məsələn, X əsr ərəb müəllifi əl-Müqəddəsi öz əsərində Qarabağdakı bazardan bəhs edərkən  xəbər verir ki, orada satılan xalçaların misli-bərabəri yoxdur.

Qarabağ xalçaları yüksək estetik dəyərə malik sənətkarlıq nümunəsi kimi vaxtilə Avropa rəssamlarının da diqqətini özünə cəlb edib. Onlar öz əsərlərində Qarabağ xalçalarının təsvirindən istifadə ediblər.

Vaxtilə Qarabağ xalçaları Paris, Vyana, Berlin, Sankt-Peterburq, Moskva incəsənət sərgilərinin yaraşığı olub.

Təəssüf ki, Qarabağ xalçaları tarixin müxtəlif dövlərdində erməni təcavüzünə məruz qalıb. Azərbaycanın torpaqlarına göz dikən ermənilər Qarabağ xalçalarını da özünküləşdirmək istəyiblər. Halbuki, ermənilər Cənubi Qafqaza  köçürülməzdən əvvəl Qarabağ xalçaları artıq bütün dünyada məşhurlaşmışdı. 1992-ci ildə Qarabağ bölgəsini işğal edən Ermənistan oradakı bütün xalçaçılıq müəssisələrini və muzeyləri dağıdıb. Ermənilər Qarabağ rayonlarından qarət etdikləri xalçaları dünyanın müxtəlif yerlərində həm satışa çıxarıblar, həm də muzeylərə “erməni xalçası” adı ilə təqdim ediblər. Bu gün ermənilərin dünyanın müxtəlif yerlərində öz sənət nümunələri kimi təqdim etdikləri xalçalar əslində Azərbaycandan qarət etdikləri xalçalardır.

Hazırda Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Rusiya və digər ölkələrdəki muzeylərdə Qarabağ xalçaları da mühafizə olunur.
Londondakı "Victoriya və Albert" muzeyində saxlanılan XVII əsrə aid Qarabağ xalçası şübhəsiz ki, ora gələn ziyarətçilərin diqqətini cəlb edən eksponatlar sırasına daxildir.
Bunu Rusiyanın Sankt-Peterburq şəhərindəki məşhur Ermitaj muzeyində saxlanılan 2500 il əvvəl hazırlanmış Qarabağ xalçası haqda da qeyd etmək olar.

Bu gün Azərbaycan Milli Xalça Muzeyində 900-dək qiymətli Qarabağ xalçası qorunur. Həmin xalçalar Azərbaycana gələn xarici turistlərin də böyük marağına səbəb olur. 

Bir sözlə, Qarabağ xalçaları Azərbaycan incəsənətini dünya muzeylərində, müxtəlif sənətşünaslıq sərgilərində şöhrətləndirir.

Neçə-neçə əsrlərə bələdçilik edən Qarabağ xalçaları bu gün dünya mədəni irs siyahısına daxil olan Azərbaycan xalçalarının bir qoludur. Bu sənəti yaradanlar isə Qarabağın əzəli və əbədi sakinləri - azərbaycanlılardır.

Qeyd: Yazı “Əqli Mülkiyyətçilərə Kömək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə hazırlanıb.

Mərakeş mətbuatında çıxan yazımız
Misir mətbuatında çıxan yazımız
Misir mətbuatında çıxan yazımız
Misir mətbuatında çıxan yazımız
Misir mətbuatındaçıxan yazımız
Oman mətbuatında çıxan yazımız