Proje

Qarabağın dünyaya açılan HAVA QAPISI

Qarabağın dünyaya açılan HAVA QAPISI
19İyul 202413:19

Azərbaycan 30 ildən sonra Ermənistanın işğalından azad etdiyi Qarabağ bölgəsində  genişmiqyaslı tikinti-quruculuq işləri aparır.
Mütəxəssislər deyirlər ki, Qarabağ zonası Azərbaycanda turizmin inkişafına yeni töhfələr verəcək. Bunu nəzərə alan Azərbaycan Prezidenti İlham Əliyevin gələcək hədəflərindən biri məhz Qarabağda turizmin inkişa­fında nail olmaqdır.

Elə bu məqsədlə də bölgədə yerləşən Şuşa, Zəngilan, Xocavənd, Laçın, Kəlbəcər, Ağdərə  rayonlarında, Xankəndi şəhərində turizm imkanlarının yaradılması üçün otellərin, sanatoriyaların, istirahət mərkəzlərinin təməli atılır, avtomobil və dəmir yolları, tunellər çəkilir, körpülər qurulur, su elektrik stansiyaları tikilir, kütləvi yaşıllaşdırma işləri həyata keçirilir, xidmət sahələri yaradılır, digər infrastruktur layihələri icra edilir.

Füzuli rayonunda Beynəlxalq Hava Limanının istifadəyə verilməsi belə layihələrdən biridir. Bu hava limanı cəmi 9 ay ərzində inşa olunub. Prezident İlham Əliyev hələ 2021-ci il yanvarın 14-də həmin aeropotun təməlini qoyanda demişdi ki, bu hava limanının əsas məqsədlərindən biri xarici qonaqların Şuşa şəhərinə rahat gəlişini təmin etməkdir. Çünki bu hava limanından Şuşaya olan məsafə o qədər də uzaq deyil.

Füzuli Beynəlxalq Hava Limanı Qarabağın dünyaya açılan hava qapısı adlandırılır.

Hava limanının 2021-ci il oktyabrın 26-da keçirilən açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak ediblər. Rəcəb Tayyib Ərdoğanın təyyarəsi Türkiyədən birbaşa Füzuliyə uçub. Beləliklə, Türkiyə Prezidenti Füzuli Beynəlxalq Hava Limanına eniş edən ilk dövlət başçısı olub.

Ən müasir səviyyədə inşa olunmuş Füzuli Beynəlxalq Hava Limanı istənilən tip təyyarəni qəbul etmək imkanlarına malikdir. Uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 60 metrdir. Hava limanının müasir infrastrukturla təchiz olunan terminalı saatda ən azı 200 sərnişinin buraxılışına imkan verir. Burada görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib. Hava limanının ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb. Burada avtomatlaşdırılmış sistemlərlə təchiz olunan Hava Hərəkətini İdarəetmə qülləsi tikilib. Hava limanında baqaj konveyerləri, qeydiyyat sistemi, VIP zallar, mağazalar, restoranlar və digər zəruri məntəqələr yaradılıb. Burada sərnişinlərin rahatlığı üçün bütün meyarlar diqqət mərkəzində saxlanılıb.

Bu hava limanına Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) tərəfindən latın əlifbasının üç hərfindən ibarət FZL kodu verilib. Bu fərdi kod hava limanının yerləşdiyi şəhərin adı - Füzuli ilə bağlıdır. Hava limanlarının IATA kodları sərnişin daşımaları üçün böyük əhəmiyyət kəsb edir, bu kodlar aviaşirkətlər, aviabilet satışı üzrə agentliklər tərəfindən istifadə olunur.

İqtisadçı ekspertlərin fikrincə, Füzuli Beynəlxalq Hava Limanı yaxın illərdə Qarabağın turizm potensialının inkişafına böyük töhfə verəcək.

Füzuli hava limanı işğaldan azad edilmiş Qarabağ ərazisinə xarici turistlərin cəlb olunması üçün olduqca faydalıdır və yeni imkanlar yaradacaq. Çünki hazırda Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə gəlmək istəyən xarici turistlərin sayı kifayət qədər çoxdur. Həmin turistlərin Azərbaycanın işğaldan azad olunan ərazilərinə daha sərfəli və qısa yolla, praktik olaraq birbaşa səfər edə bilmələri üçün Füzuli hava limanı yaxşı əlverişli imkan yaradır.

Füzuli Beynəlxalq hava Limanından Şuşaya Zəfər yolu uzanır. Həmçinin Füzuli, Ağdam, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarına gedən qonaqlar da hava limanından istifadə edə bilərlər.

Qarabağ bölgəsi özünəməxsus tarixi, dini, maddi-mədəniyyət abidələri, zəngin turizm potensialı olan ərazidir və buranın yaxın illərdə xarici turistlər üçün cəlbedici olacağı şübhə doğurmur.

Qarabağ bölgəsində tikilib istifadəyə verilən daha bir aeroport Zəngilan Beynəlxalq Hava Limanıdır. Zəngilan rayonunda tikilən hava limanı 2022-ci il oktyabrın 20-də istifadəyə verilib. Bu hava limanı da bütün növ təyyarələri qəbul edə bilir. Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas obyektlərdəndir.

Hazırda Laçın rayonunda da aeroport tikilir. Onun da açılışı 2025-ci ildə olacaq.

Mütəxəssislərin fikrincə, hər üç hava limanı yaxın gələcəkdə Qarabağ bölgəsində turizmin inkişafına böyük təkan verəcək. Çünki həmin aeroportların istifadəyə verilməsilə Qarabağa gediş-gəliş turustlər üçün daha rahat və əlçatan olacaq. Təbii ki, turizmin inkişafında müstəsna rol oynayan amillər hava limanları, nəqliyyat yolları və rahat gediş-gəlişdir. 

Qarabağda yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizinin yaradılması Azərbaycanın qlobal bazarlara çıxış imkanlarını da artıracaq.

Qeyd: Yazı “Əqli Mülkiyyətçilərə Kömək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə hazırlanıb.

Mərakeş mətbuatında çıxan yazımız
Misir mətbuatında çıxan yazımız
Misir mətbuatında çıxan yazımız
Misir mətbuatında çıxan yazımız
Mərakeş mətbuatında çıxan yazımız
Misir mətbuatında çıxan yazımız