Proje

Azərbaycanın milli sərvəti - Qarabağ atları

Azərbaycanın milli sərvəti - Qarabağ atları
18İyun 202412:30

Azərbaycanın işğaldan azad edilmiş Qarabağ bölgəsi təkcə mədəniyyəti, incəsənəti və təbiəti ilə deyil, həm də atları ilə dünyaya səs salıb. Qarabağ atları Asiya və Qafqazda ən qədim at cinsi hesab edilir. Vaxtilə bu atların nəsli tükənmək təhlükəsi ilə üzləşəndə - 1948-ci ildə Qarabağ bölgəsindəki Ağdam rayonunda “Atçılıq zavodu” yaradılıb. Məhz bu zavod sayəsində Qarabağ atlarının nəslini qorumaq mümkün olub, onları yenidən artırıblar. 

1993-cü ildə Ermənistan silahlı qüvvələri Ağdam rayonunu işğal edərkən Qarabağ atlarını ələ keçirmək üçün çox çalışıblar, amma buna nail ola bilməyiblər. Ağdam Atçılıq Zavodunun rəhbərliyi vaxtında tədbir görərək, Qarabağ atlarını döyüş bölgəsindən çıхara bilib.

Mütəxəssislər deyirlər ki, Qarabağ atları dünyada tanınan at növlərindən bir çox xüsusiyyətlərilə fərqlənir. Qarabağ atları həm soyuq, həm də isti iqlimə tez uyğunlaşır. Dağ-minik at cinsi olan Qarabağ atlarının 4 növü var. Onlar yüksək sürəti ilə seçilir. Qarabağ atı ortaboylu və çevikdir, möhkəm bədən quruluşuna malikdir. Onların xarici görkəmlərində diqqəti cəlb edən digər xüsusiyyətlər bunlardır: başları kiçik, burun pərləri enli, gözləri bir qədər böyük olur, möhkəm əzələli bədən quruluşuna malikdir. Qarabağ atlarının döş qəfəsi enli, ayaqları isə nazik olur.

Qarabağ atını digər atlardan fərqləndirən həm də onun gözəlliyidir. Belə ki, onların yalı və quyruğu tünd şabalıdı rəngdə, özü isə parıldayan narıncı-qızılı rəngdədir. Tüklərində sanki qığılcım dənələri parlayır.

Qarabağ atları dözümlüdür və yemə qarşı tələbkar deyil. Eyni zamanda, itaətkar və sahibinə sadiqdir, uzaq məsafələrdə yorulmayan xüsusiyyətə malikdir.

Müxtəlif məşhur at cinslərinin formalaşmasında Qarabağ atlarından çox istifadə olunub. Mütəxəssislər Qarabağ atını yüksək keyfiyyət göstəricilərinə görə təmiz qanlı ərəb atları ilə bərabər tuturlar.

Qarabağ atının xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, bu atlar ən sürətli yürüş zamanı birdən - birə dayana bilir, minik zamanı az tərləyir.

Qarabağ atları dəfələrlə müxtəlif beynəlxalq sərgilərdə iştirak edib və yüksək yerlər tutublar. Hələ 1867-ci ildə “Xan” ləqəbli Qarabağ atı Fransada keçirilən sərgidə gümüş mükafat alıb. O zaman bu atı görən fransız qadınlar onun rənginə valeh olub və öz saçlarını da parıltılı narıncı-qızılı rəngdə boyamağa başlayıblar.

1956-cı ildə Böyük Britaniyaya səfər edən keçmiş Sovet İttifaqının rəhbəri Nikita Xruşşov kraliça II Elizabetə “Zaman” adlı Qarabağ atı hədiyyə edib. "Zaman” ləqəbli Qarabağ atı London qəsrinə gəlmiş ilk Azərbaycan atı kimi tarixə düşüb. Həmin at sonradan İngiltərə, Fransa və Almaniyada damazlıq at kimi istifadə olunub.
1980-ci illərdə Moskva auksionu vasitəsilə Qarabağ atlarının bir çox xarici dövlətlərə, o cümlədən Almaniya, Hollandiya, İsveçrə, İtaliya, Fransa və digər ölkələrə satılması bu cinsin yayılmasında mühüm rol oynayıb.


Böyük Britaniyanın mərhum kraliçası II Elizabetin Qarabag atlarına xüsusi sevgisi vardı. Təsadüfi deyil ki, kraliça Qarabağ atlarına belə bir qiymət verib: “Əgər bütün dünyanın atları bir üzükdürsə, Qarabag atları bu üzüyün qaşıdır”.
Son illərə kimi kraliçanın ən özəl mərasimlərində Qarabağ atlarının şousu nümayiş etdirilirdi.
Sonuncu dəfə 2022-ci ilin may ayında Britaniyadakı Vindzor sarayında mərhum kraliçaya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından “Şöhrət” adlı Qarabağ atı hədiyyə olunmuşdu.

Qarabağ atlarının şan-şöhrətinin özünə qaytarılması, Azərbaycanda atçılığın inkişafının təmin edilməsi Azərbaycan Prezidenti İlham Əliyevin də diqqət mərkəzində olub. Məhz Prezidentin sərəncamı ilə 2018-ci ildə Qarabağ Atçılıq Kompleksi adlı müəssisə tikilərək istifadəyə verilib. Açılışda Prezident İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyeva da iştirak edib. Hazırda bu kompleksdə 300-ə yaxın at sax­lanılır. 

2024-cü ilin mayında Böyük Britaniyada təşkil edilən ənənəvi “Vindzor Kral Atçılıq Şousu”nda Azərbaycan Respublikasını 20 Qarabağ atından ibarət süvarilər dəstəsi təmsil edib. Qarabağ atlarının şousunu Böyük Britaniya Kralı III Çarlz və ailə üzvlərilə yanaşı, 100 mindən artıq tamaşaçı izləyib. Qarabağ atlarının möhtəşəm çıxışı tamaşaçılarda böyük maraq doğurub.

Qarabağ atları Azərbaycanın milli sərvəti hesab olunur. Yaxın illərdə bu atların xaricə - Almaniya, Fransa və Böyük Britaniya kimi Qərbi Avropa ölkələrinə ixrac edilməsi planlaşdırılır.


Qeyd:
 Yazı “Əqli Mülkiyyətçilərə Kömək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə hazırlanıb.

Mərakeş mətbuatında çıxan yazımız
Mərakeş mətbuatında çıxan yazımız
Misir mətbuatında çıxan yazımız
Misir mətbuatında çıxan yazımız