Proje

Müsəlman Şərqində opera sənətinin banisi - Üzeyir Hacıbəyli

Müsəlman Şərqində opera sənətinin banisi - Üzeyir Hacıbəyli
8İyul 202413:10

Qarabağ Azərbaycanın mühüm tarixi-coğrafi bölgələrindən biri olmaqla yanaşı, həm də milli incəsənətin təşəkkül tapdığı regiondur. Azərbaycan mədəniyyətinin formalaşmasında Qarabağın görkəmli şəxslərinin rolu əvəzsizdir. 
Belə şəxsiyyətlərdən biri dünya şöhrətli bəstəkar, görkəmli musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəylidir. O, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi kimi mədəniyyət tarixində xüsusi yer tutur. Üzeyir Hacıbəylinin yaratdığı musiqi əsərləri Azərbaycan xalqının canına, qanına elə sirayət edib ki, onun bədii mədəniyyətinin ayrılmaz hissəsinə çevrilib.

O, 1885-ci il sentyabrın 18-də Qarabağın Ağcabədi kəndidə dünyaya göz açıb. Uşaqlığı “Qafqazın konservatoriyası” adlandırılan Şuşa şəhərində keçib. Üzeyirin bəyin valideynləri onu musiqi və poeziyaya məhəbbət ruhunda tərbiyə ediblər.

Şuşanın zəngin ifaçılıq ənənələri və mühiti də Üzeyir Hacıbəylinin mənəvi tərbiyəsinə, musiqi istedadının inkişafına böyük təsir göstərib.

Üzeyir Hacıbəyli hələ kiçik yaşlarından xalq mahnılarını, muğamları avazla oxuyur, tarda çalırdı.

Gənc Üzeyir Tbilisidə təhsil alarkən dünya mədəniyyəti ilə tanış olmuş, rus və Qərbi Avropa klassiklərinin dahi əsərlərini mənimsəmişdi. Təhsilini bitirəndən sonra sonra o, əvvəlcə Qarabağda, ardınca Bakıda müəllim işləyib.

O sonralara təhsilini Moskvada, Sankt-Peterburqda davam etdirib.

Üzeyir Hacıbəylinin ilk musiqi əsəri unikal “Leyli və Məcnun” operasıdır. Bu opera ilk dəfə 1908-ci ildə Bakıdakı teatrda tamaşaya qoyulub. Nəticədə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin təməli atılıb. Bir əsrdən artıqdır ki, “Leyli və Məcnun” səhnələrdən düşmür. Onun bir sıra Şərq xalqlarının müasir professional musiqi mədəniyyətinin yaranmasında da mühüm rolu olub.

Bəstəkar “Leyli və Məcnun”dan sonra 1909-1915-ci illərdə bir-birinin ardınca “Şeyx Sənan”, “Rüstəm və Söhrab”, “Şah Abbas və Xurşud banu”, “Əsli və Kərəm”, “Harun və Leyla” muğam operalarını yazıb. O, "Leyli və Məcnun"dakı üslub xüsusiyyətlərini və estetik sənət prinsiplərini sonrakı operalarında da davam etdirib.

Şərqdə ilk operettanın yaranması da Üzeyir bəyin adı ilə bağlıdır. “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyaları bəstəkarı məşhurlaşdıran operettalardır.   

Onun "Arşın mal alan" musiqili komediyası ingilis, alman, çin, ərəb, fars, polyak, ukrayna, belorus, gürcü və s. dillərə tərcümə edilib.

Üzeyir bəy yaradıcılığının zirvəsi “Koroğlu” operası sayılır. Müəllif bu əsərində klassik opera qaydaları əsasında bitkin ariyalar, kütləvi xor səhnələri yaradıb. 

O, 300-dən çox xalq mahnısını toplayıb nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor üçün əsərlər yazıb. Şərqdə ilk respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin, indi isə müstəqil Azərbaycanın dövlət himninin musiqisi də Üzeyir Hacıbəyliyə məxsusdur.  

Üzeyir Hacıbəyli Azərbaycan Elmlər Akademiyasının İncəsənət İnstitutuna, Azərbaycan Dövlət Konservatoriyasına, Bəstəkarlar İttifaqına rəhbərlik edib. İlk xalq çalğı alətləri orkestrini, Azərbaycan Dövlət Xorunu o yaradıb.

Üzeyir Hacıbəyli deyirdi ki, “musiqini elə yazmaq lazımdır ki, onu bütün xalq başa düşsün”. 

Üzeyir bəy nadir şəxsiyyətlərdən biridir ki, həm bəstəkar olub, həm də publisist. Onun “Ordan-burdan” başlığı altında dərc olunan felyetonları öz dövrü üçün çox dəyərli idi. O, həm də jurnalist kimi fəaliyyət göstərib.

Üzeyir Hacıbəyli böyük musiqişunas alim idi. O, musiqiyə dair çoxlu məqalələr yazmış, tədqiqatlar aparmışdır.

Dahi bəstəkar dövrünün ən yüksək mükafatlarına və fəxri adlarına, o cümlədən Xalq artisti adına layiq görülüb. 

Üzeyir Hacıbəyli 1910-cu ildə Məleykə Terequlova ilə ailə həyatı qurub. Lakin onların övladı dünyaya gəlməyib.

1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulanda Üzeyir bəy təqiblərə məruz qalıb. Hətta bəstəkarı güllələmək istəyiblər. Təsadüf nəticəsində bu təhlükə sovuşub.

1948-ci ildə vəfat edən Üzeyir Hacıbəylinin dəfnində görünməmiş izdiham yaşanıb. Onun cənazəsi Qarabağdan olan görkəmli müğənni Bülbülün ifa etdiyi mahnının sədaları altında qaldırılıb və Bakıdakı Fəxri xiyabanda dəfn olunub.   

Onun haqqında “Üzeyir ömrü”, “Üzeyir Hacıbəyov”, “Əbədi iftixarımız” filmləri çəkilib. Dahi bəstəkarın doğum günü – 18 sentyabr 1995-ci ildən Azərbaycanın Milli Musiqi Günü kimi qeyd edilir. Hər il Azərbaycanda Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi festivalı keçirilir.

Üzeyir Hacıbəyli sözün həqiqi mənasında Azərbaycan musiqisinin tacıdır.

Qeyd: Yazı “Əqli Mülkiyyətçilərə Kömək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə hazırlanıb.

Mərakeş mətbuatında çıxan yazımız
Misir mətbuatında çıxan yazımız
Misir mətbuatında çıxan yazımız
Mərakeş mətbuatında çıxan yazımız
Misir mətbuatında çıxan yazımız