Qarabağ muğamları və xanəndələri
Azərbaycanın Qarabağ bölgəsi təkcə mühüm tarixi-coğrafi ərazi deyil, həm də zəngin mədəniyyət, incəsənət, ədəbiyyat, musiqi mərkəzi olaraq unikal bir yerdir. Qarabağ tarixən Azərbaycan mədəniyyəti və incəsənətinin formalaşmasında xüsusi rol oynayıb.
Zəngin mədəni irsə malik olan Qarabağ muğam diyarı kimi də məşhurlaşıb.
Bəs muğam nədir?
Muğam professional musiqi janrı kimi Azərbaycan milli mədəniyyətinin bünövrəsini təşkil edir.
Qədim dövrlərdə yaranmış muğamlar şeirin musiqinin müşayiətilə ifa olunmasıdır. Muğamlar əsrlər boyu formalaşıb təkmilləşərək bizim dövrə qədər gəlib çatmışdır. Muğam yalnız musiqi janrı kimi deyil, həm də bir təfəkkür tərzidir.
Muğam zəngin fəlsəfi və ədəbi zəmində təşəkkül tapan bir musiqidir. Deyirlər ki, muğam insan qəlbinə zənginlik verir, onu ən saf, ən səmimi duyğular üstündə kökləyir.
Muğam oxuyanları Azərbaycanda xanəndə adlandırırlar. Milli alətlərdə xanəndənin ifasını müşayiət edən dəstənin tərkibi adətən üçlükdən - tar, kamança və dəf çalandan ibarət olur.
Muğam ifaçısı elə bil qədim sehrkarlıq ayininin nəsillərdən-nəsillərə ötürücüsüdür. Bu zaman o, insanlara əbədi həqiqətlər haqqında düşünmək və mənəvi rahatlıq tapmaq imkanı yaradır.
Azərbaycan muğamını müasir dövrümüzədək çatdıran, onu nəsildən-nəslə ötürən, yaşadan yüksək səviyyəli peşəkar xanəndələr olub. Muğam ifaçıları bu sənətin ənənələrini sədaqətlə qoruyaraq, sonrakı nəsillərə ötürməklə yanaşı, həm də onları inkişaf etdirib, yeni melodiyalarla zənginləşdiriblər.
Mütəxəssislərin rəyinə görə, Azərbaycan muğamı Şərq İntibahı dğvründə özünün çiçəklənmə dövrünü yaşayıb. Sonrakı dövrlər bu sənətin məzmununu əsla dəyişdirə bilməyib.
Muğamlarda işlədilən qəzəllərin ecazkarlığını anlayıb duymaq qabiliyyəti xanəndələrdə hələ uşaq yaşlarında ikən formalaşır.
Azərbaycanın ən gözəl guşəsi olan Qarabağda muğam məktəbinin özünəməxsus ifaçılıq ənənələri olub.
Qarabağı haqlı olaraq Azərbaycanın konservatoriyası adlandırırlar. Bu bölgə muğam sənətinə böyük sənətkarlar bəxş edib. Burada yaşayıb-yaratmış xanəndələrin, çalğıçıların Azərbaycan musiqisinin zənginləşməsində əvəzsiz xidmətləri olub.
Qarabağın Şuşa şəhəri isə Azərbaycanın musiqi tarixində xüsusilə mühüm yer tutur. Vaxtilə məşhur xanəndələri dinləmək və ya ifaçılıq dərsi almaq üçün Şuşaya müxtəlif yerlərdən musiqi həvəskarlarının axını olub. Təsadüfi deyil ki, muğam tədris edən ilk musiqi məktəbləri XIX əsrdə məhz Şuşada yaranıb.
Mədəniyyət beşiyi olan bu şəhərin ab-havası məşhur fransız yazıçı Aleksandr Dümanın “Qafqaz səfəri” əsərində də öz əksini tapıb.
Qarabağ muğam məktəbinin məşhur korifeyləri çoxdur. Onlara misal olaraq Cabbar Qaryağdıoğlu, Keçəçi oğlu Məhəmməd, İslam Abdullayev, Məşədi Məhəmməd Fərzəliyev, Məcid Behbudov, Bülbül, Xan Şuşinski, Zülfü Adıgözəlov, Seyid Şuşinski, Əbülfət Əliyev, Mütəllim Mütəllimov, Yaqub Məmmədov, İslam Rzayev, Arif Babayev, Qədir Rüstəmov, Süleyman Abdullayev kimi sənətkarların adını çəkmək olar.
Onların hər birinin muğam sənətinin, milli ifaçılıq tarixinin inkişafında mühüm xidmətləri olub.
Qarabağ muğam məktəbinin özünəməxsus ifaçılıq xüsusiyyətləri mövcuddur. Qarabağ xanəndələri muğamın oxuma üsullarına dərindən bələd olmağı vacib şərt hesab ediblər. İlk növbədə, xanəndədən geniş diapazonlu qüvvətli səs, həm pəsdən, həm də zildən eyni bacarıqla oxumaq qabiliyyəti tələb olunub. Xanəndələrin ustalığı təkcə onun ifaçılıq tərzi və təfəkkürü ilə bağlı deyil. Həmçinin, təkraredilməz oxu üslubu, zəngulələr, uzun nəfəslər, improvizə bacarığı da vacib şərtləndəndir.
Qarabağın ən məşhur muğamlarından biri “Qarabağ şikəstəsi” adlanır. “Qarabağ şikəstəsi” Qarabağ muğam məktəbinin həm də rəmzinə çevrilib.
Vaxtilə Şuşa şəhəri muğam məclisləri ilə şöhrətlənmişdi. Bu məclislər yeni istedadların üzə çıxmasına təkan vermiş və muğam sənətinin dünyada tanıdılmasına şərait yaratmışdır. Buna misal olaraq 1989-ci ildən Şuşada keçirilən “Xarı bülbül” beynəlxalq festivalını göstərmək olar. “Xarı bülbül” bu yerlərdə bitən nadir çiçəyin adıdır.
1990-cı illərdə Qarabağ müharibəsinin başlaması və Şuşanın Ermənistan tərəfindən işğalı səbəbindən 29 il festivalın keçirilməsi mümkün olmayıb.
2021-ci ildən etibarən işğaldan azad edilmiş Şuşada “Xarı bülbül" festivalı bərpa olunub. 2024-cü ildə “Xarıbülbül” festivalında Azərbaycanla yanaşı, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, İran, Qazaxıstan, Qətər, Qvineya, Mərakeş, Özbəkistan və Türkiyə də təmsil olunub.
Hazırda Azərbaycanda muğam sənəti ölkənin birinci xanımı Mehriban Əliyevanın himayəsilə yeni inkişaf mərhələsini yaşayır. Onun gərgin zəhməti sayəsində muğam sənəti 2003-cü ildə YUNESKO tərəfindən Bəşəriyyətin Şifahi və Qeyri-Maddi İrsinin Şah Əsərləri siyahısına daxil edilib.
Qeyd: Yazı “Əqli Mülkiyyətçilərə Kömək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə hazırlanıb.
Mərakeş mətbuatında çıxan yazımız
Misir mətbuatında çıxan yazımız
Misir mətbuatında çıxan yazımız
Mərakeş mətbuatında çıxan yazımız
Misir mətbuatında çıxan yazımız