Proje

Asiya ilə Avropanı birləşdirən tarixi Xudafərin KÖRPÜSÜ

Asiya ilə Avropanı birləşdirən tarixi Xudafərin KÖRPÜSÜ
9İyun 202421:26

Azərbaycan Respublikasının Qarabağ bölgəsi özünəməxsus tarixi abidələrə malikdir. Belə abidələrdən biri də Qarabağın cənubunda yerləşən Cəbrayıl rayonu ərazisindəki Xudafərin körpüləridir. 

Təxminən XI-XII əsrdə tikildiyi güman olunan bu körpülər Azərbaycan tarixi memarlığının bir incisi sayılır. 8-9 əsr keçməsinə baxmayaraq, bu körpülər hələ də öz əzəmətini qoruyub saxlamaqdadır.

Hər iki körpü tarixi Azərbaycan ərazisinin şimal hissəsi ilə cənub hissəsini ayıran Araz çayı üzərində inşa edilib. Körpülərdən biri 15, digəri 11 aşırımdan ibarətdir. Onları bir-birindən 750 mertlik məsafə ayırır.

Bu abidələrdə Azərbaycan milli memarlığında geniş yayılmış qarışıq hörgü üsulundan məharətlə istifadə olunub: onlar daş və bişmiş kərpicdən tikilib, yaxşı yonulmuş iri daş lövhələrlə üzlənib.Dayaqları təbii özüllər - qayalar üzərində ucaldıldığından Xudafərin körpüləri tarixin tufanlarına uzun müddət tab gətirə bilib. 

15 aşırımlı körpünün uzunluğu 200 metr, eni 4,5 metr, çay səviyyəsindən hündürlüyü 10 metrdir. 

11 aşırımlı körpünün uzunluğu 130 metr, eni 6 metr, çay səviyyəsindən hündürlüyü 12 metrdir.

Xudafərin körpüləri Azərbaycanın orta əsrlər dövrü inşaatçılıq-mühəndislik sənətinin ən gözəl nümunələrindən hesab edilir.

Körpülər ecazkar görünüşləri ilə Azərbaycan inşaatçılarının yüksək sənətkarlığından xəbər verir. 

Azərbaycanın memarlıq sənətinin bu əzəmətli abidələri haqqında dünyanın bir çox alimləri də qiymətli fikirlər söyləyiblər.

Orta əsrlər İran tarixçisi Həmdullah Qəzvini öz məlumatlarında körpülərin adını "Xuda-Afərin" kimi yazır ki, bu da "Allah tərəfindən yaradılmış", "Allaha mərhəba" mənalarını verir.

Bu körpüləri inşa etdirən şəxslərin adı barədə tarixi mənbələrdə dəqiq yazılı məlumat yoxdur. Onların üzərində inşaat kitabələri qalmadığından dəqiq tikilmə tarixini aydınlaşdırmaq mümkün deyil. 
Bununla belə, tarixçilər 15 aşırımlı körpünün 1027-ci ildə Azərbaycan hökmdarı Fəzl ibn Məhəmməd tərəfindən inşa etdirildiyini güman edirlər.

Xudafərin körpüləri həm də tarixi Azərbaycanı birləşdirən simvolik abidə hesab olunur.
Məsələ burasındadır ki, 1828-ci il fevralın 10-da İran və Rusiya imperiyaları arasında bağlanan “Türkmənçay” müqaviləsi ilə Azərbaycanın ərazisi Araz çayı sərhəd olmaqla şimala və cənuba bölünüb. Şimal hissə Rusiya imperiyasının işğalında, cənub hissə isə İranın tabeliyində qalıb.
1991-ci ilin oktyabrında şimali Azərbaycan müstəqilliyini bərpa edib və Azərbaycan Respublikası adlandırılıb. Azərbaycanın cənubu hazırda da İran İslam Respublikasının tabeliyindədir.

Qədim dövrlərdə Xudafərin körpüsü Hindistandan başlayıb Azərbaycan ərazisindən keçməklə Yaxın və Orta Şərq ölkələrinə, eləcə də Avropaya gedən tarixi İpək yolunun üzərində yerləşib.
Bu baxımdan Xudafərin körpüləri həm də Asiyanı Avropaya birləşdirirdi.

Xudafərin körpüləri həm də tarix boyu qanlı savaşlara şahidlik edib: orta əsrlərin feodal müharibələrinə, İran şahlarının Azərbaycana yürüşünə, Rusiya-İran müharibələrinə, sovet rejimi repressiyalarına və s.
Tarixi qaynaqlarda Xudafərin körpülərinin böyük hərbi-strateji əhəmiyyət daşıdığı da qeyd olunub. Bu körpülər böyük qoşun birləşmələrinin qısa bir zamanda Araz çayını keçməsi üçün çox əlverişli rol oynayıb.

Məlumatlara görə, 1930-cu illərədək nisbətən salamat qalmış 11 aşırımlı körpü ilə o taya-bu taya gedib-gəlmək olurmuş.
Ancaq həmin illərdə körpülərin sahil tağları İran və Rusiya rəhbərliyinin birgə qərarı ilə dağıdılıb. Məqsəd Şimali və Cənubi Azərbaycan arasında mədəni əlaqələri kəsmək olub. Həmin vaxtdan yerli əhali körpüyə ikinci bir ad – “Sınıq körpü” adını verib.

Təəssüf ki, 1993-cü ildə Qarabağ bölgəsinin digər əraziləri kimi, Cəbrayıl rayonu da qonşu Ermənistan dövləti tərəfindən işğal olunanda, Xudafərin körpüləri də əsarət alında düşüb. 2020-ci ilin oktyabrına kimi Ermənistanın işğalı altında qalan Xudafərin körpüləri dağıntılara məruz qalıb.
Nəhayət 27 ildən sonra - 2020-ci ilin oktyabrın 18-də Azərbaycan Ordusu Cəbrayıl rayonunu işğaldan azad edərək, Xudafərin körpüləri üzərində ölkənin üçrəngli bayrağını ucaldıb.

Azərbaycan hökuməti hesab edir ki, Xudafərin körpüləri bütün meyarlarına görə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməyə layiq olan abidələrdir.

Xudafərin körpüləri indiki tarixi durumda Azərbaycan xalqının həm də ən müqəddəs abidələridir.  İstisna olunmur ki, bu abidə yaxın gələcəkdə xarici turistlərin ziyarət edəcəyi məkana çevriləcək.
 
Qeyd: Yazı “Əqli Mülkiyyətçilərə Kömək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə hazırlanıb.

Mərakeş mətbuatında çıxan yazımız
Misir mətbuatında çıxan yazımız
Mərakeş mətbuatında çıxan yazımız