Şuşanın müalicəvi suları - Möcüzəli Turşsu bulağı
Azərbaycanın Qarabağ bölgəsindəki füsunkar təbiətə malik olan Şuşa şəhəri dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşir. Şuşa təmiz havasına, saf və mineral bulaqlarına görə müalicəvi əhəmiyyətli kurort şəhər hesab olunur. Bu baxımdan Şuşa şəhəri nəinki Azərbaycanda, həm də xaricdə istirahət guşəsi kimi tanınıb.
Şuşa ayna kimi saf və şəffaf, dadlı və təmiz, buz kimi soyuq sulu bulaqları ilə də məşhurdur. İsa bulağı, Daşaltı bulağı, Soyuqbulaq, Şorbulaq, Əjdaha bulağı, Turşsu bulağı, Dəmir bulaq, Şırlan, Qotursu bunlara missal ola bilər.
İsa bulağı Şuşanın baş bulağı, klassik ziyarət yeri, ən məşhur, ən çox sevilən, ən gözəl və səfalı istirahət guşələrindən biridir. Bulaq XIX əsrin ikinci yarısında onu düzəldən biçinçinin adı ilə adlandırılıb. İsa bulağı dəniz səviyyəsindən 1600 metr yüksəklikdə qalın, sərin və yaşıl meşələrin əhatəsində yerləşir. Qoca palıd və vələs ağaclarının altında çağlayan bu bulağın dumduru, şirin və xeyirli suyu var.
İsa bulağı mövcud olduğu gündən bəri onlarca tarixi hadisəyə şahidlik edib, yüz minlərlə qonaq qarşılayıb yola salıb. El arasında deyirlər ki, “İsa bulağında olmayan Şuşada da olmayıb”.
İsa bulağına şairlər şeir yazıb, bəstəkarlar mahnı bəstələyib, rəssamlar öz əsərlərində tərənnüm edib, turistlər ziyarətinə gəlib. Bu bulağın başında xüsusən yay aylarında poeziya və musiqi məclisləri qurulub.
Şırlan mineral suyu Şuşa şəhərindən 18 kilometr qərbdə Sarıbaba dağının ətəyində çıxan üç bulağın ümumi adıdır. Bu su karbonadlıdır. Temperaturunun aşağı olması və tərkibində maqneziumlu komponentlərin çoxluğu ilə seçilir. Şırlan suyundan əsasən, mədə-bağırsaq, qan azlığı, maddələr mübadiləsinin pozulması və s. xəstəliklərin müalicəsində istifadə olunur.
Dəmir bulağın suyu qazlıdır. Bu suda dəmir qarışığı olduğundan “Dəmir su” adlanır. Qan azlığına və dəri xəstəliyinə tutulanlara bu su ilə edilən müalicə gözəl nəticələr verir.
Qotur bulağı sal bir qayanı yararaq 4 metr hündürlükdən əlvan çınqıllığın içinə tökülür, gümüş cığır kimi qıvrıla-qıvrıla axıb gedir. Yay aylarında bulağın suyundan içməyə gələnlər yaxınlığındakı bağın tut ağacları altında xalçaları salır, məxmər döşəkçələr, ipək yastıqlar, mütəkkələr düzüb istirahət edirlər.
İlin bütün fəsillərində soyuq və duru olan bulağın suyunun müalicəvi əhəmiyyəti var. Tərkibi minerallarla zəngin olan Qotur bulağın suyu bədəndəki qoturu, dəmrovu, ləkələri müxtəlif yaraları sağaldır, duzlaşmanı aradan qaldırır. Qotur xəstəliyinin dərmanı olduğuna görə ona bu ad verilib.
Mineral su mənbəyi olan Turşsu Şuşa şəhərindən 17 kilometr cənub-qərbdə, Zarıslı çayının dərəsində dəniz səviyyəsindən 1700 metr hündürlükdə çıxır. Suyu faydalı mikroelementlərlə, əsasən, karbon qazı, hidrogen-karbonad, maqnezium, natruim, kalsiumla zəngindir. Minerallaşma dərəcəsi 2,4 qr/l, temperaturu 5-10 dərəcə C-dir. Suyu içilir, vanna edilir, mədə-bağırsaq, öd kisəsi yuyulur və s.
Turşu bulağının suyu ilə ürək-damar, qan azlığı, qaraciyər, öd yolları, öd kisəsi və böyrək xəstəliklərindən əziyyət çəkənlər müalicə oluna bilirlər.
Təbii dərman, əvəzsiz mineral su olan şəfalı Turşsu, eyni zamanda bir çox başqa xəstəlikləri də müalicə edir. Orqanizmdə maddələr mübadiləsi pozulmalarını nizama salır, daxili orqanların xəstəliklərinə qarşı profilaktik təsir göstərir.
Turşsu bulağı həm də möcüzəvi axını ilə fərqlənir. Belə ki, bulağın suyu fasilələrlə - təxminən 1 saatdan bir axır və dayanır.
Turşsu bulağının ərazisi uzun illər Şuşa sakinlərinin və şəhərin qonaqlarının istirahət etdikləri sevimli məkanlardan biri olub. Yay aylarında buraya çoxlu adamlar gələr, yaxınlıqdakı yamaclarda çadırlar qurar, dincələr, bulağın suyundan istifadə etməklə sağlamlıqlarını möhkəmləndirərlər.
Təəssüf ki, Şuşa şəhəri 28 il Ermənistan Respublikasının işğalı altında qalıb. Belə ki, Ermənistan ordusu 1992-ci il mayın 8-də Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərini ələ keçirib.
Şuşanı 28 il əsarətdə saxlayan erməni işğalçıları onun bulaqlarını da məhv etməyə çalışıblar.
Nəhayət 2020-ci il noyabrın 8-də Azərbaycan Ordusu Şuşanın işğaldan azad etdi. Nəticədə Şuşadakı müalicəvi sular, mineral bulaqlar da azadlığa qovuşdu.
Hazırda Şuşada quruculuq-abadlıq işləri həyata keçirilir, şəhər yenidən qurulur. Tezliklə Şuşa cənnəti xatırladacaq bir məkana çevriləcək. Şuşanın yaxın illərdə turistlər üçün ən sevimli məkan olacağı şübhə doğurmur.
Qeyd: Yazı “Əqli Mülkiyyətçilərə Kömək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə hazırlanıb.
Mərakeş mətbuatında çıxan yazımız
Misir mətbuatında çıxan yazımız
Mərakeş mətbuatında çıxan yazımız