Proje

Prezident Ermənistanı sülhə çağırır - Rəsmi İrəvan isə...

Prezident Ermənistanı sülhə çağırır - Rəsmi İrəvan isə...
1Avqust 202316:20

Azərbaycan Prezidenti İlham Əliyev bu günlərdə ölkənin Şuşa şəhərində keçirilən Qlobal Media Forumundan qonşu Ermənistana növbəti dəfə sülh mesajları ünvanlayıb. O, iki ölkə arasındakı münaqişəyə nəhayət son qoymağa çağırıb.

Azərbaycanla Ermənistan arasında 2020-ci ilin payızında baş vermiş 44 günlük maharibədən sonra 3 ilə yaxın vaxt ötüb, amma Ermənistan sülh müqaviləsi imzalamaq istəmir. Həmin müharibə nəticəsində Ermənistanın 30 il boyunca işğalda saxladığı Azərbaycan torpaqlarının böyük hissəsi azad edilib. Amma Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsi hələ də erməni separatçıların nəzarətində qalıb. Bölgədə atəşkəs rejiminin qorunması üçün Rusiya sülhməramlı kontingenti müvəqqəti olaraq Azərbaycan həmin ərazisində yerləşdirilib. Ermənistan separatçıların nəzarətində olan ərazidə - Xankəndi şəhəri də daxil olmaqla Qarabağın dağlıq hissəsində qanunsuz silahlı dəstələr saxlamaqdadır.

Azərbaycan tərəfinin sülh mesajlarına və xəbərdarlıqlarına baxmayaraq, 2020-ci ildəki müharibəni uduzan Ermənistan hələ ki danışıqlar prosesini uzadır, silahlı dəstələrini bölgədən çıxarmaq istəmir.

Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, İkinci Qarabağ müharibəsinin nəticələrinə baxmayaraq, bu gün Ermənistanda müəyyən insanlar var ki,  məğlubiyyətin əvəzini çıxmaq hisslərilə yaşayır və onlar bunu gizlətmirlər.

İlham Əliyevin sözlərinə görə, hazırda üç beynəlxalq tərəf Ermənistan-Azərbaycan danışıqlarına dəstək olur - ABŞ, Rusiya və Avropa İttifaqı.

“Azərbaycan üç istiqamət üzrə tam səmimiyyətlə danışıqlar prosesinə qatılıb. Lakin indiyədək bir nəticə yoxdur”, - deyən prezident Ermənistanı səmimi davranmağa çağırıb.

İlham Əliyev bildirib ki, Ermənistan artıq Qarabağın Azərbaycan ərazisi olduğunu sözdə qəbul edib. Ancaq rəsmi İrəvan bunu kağız üzərində də təsdiqləməldir.

“Biz tələb etdik ki, onlar Qarabağı Azərbaycanın hissəsi kimi tanıdıqlarını qeyd etsinlər. Onlar Azərbaycanın ərazi bütövlüyünü 86,6 min kvadratkilometr ərazidə tanıdılar. Bu əraziyə Qarabağ və Ermənistan ərazisində olan səkkiz Azərbaycan anklavı da daxildir. Bu, əslində, mühüm bəyanatdır. İndi yeganə məsələ, bunu kağız üzərinə köçürmək və imzalamaqdır. Əgər Ermənistan bununla razılaşsa və Azərbaycana qarşı hər hansı ərazi iddialarından imtina etsə, sülh sazişinin ilin sonunadək imzalanması mümkündür”.

Azərbaycan Prezidenti deyib ki, Ermənistan sülhdən imtina etsə, bu, bölgə üçün heç də yaxşı ssenari deyil, sabitlik və təhlükəsizlik pozulacaq.

İlham Əliyev deyib ki, rəsmi Bakı Qarabağ bölgəsində yaşayan erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiyası, hüquq və təhlükəsizliyinin Konstitusiya çərçivəsində təminatı üçün öz mövqeyini dəfələrlə bəyan edib.

“Biz artıq rəsmən bəyan etmişik ki, onların hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyası əsasında lazımınca qorunacaq”.

Prezident deyib ki, Ermənistan sülh müqaviləsini imzalasa, bu, həqiqətən mühüm geosiyasi amilə çevrilə bilər, uzunmüddətli qarşıdurmaya son qoyar, Qafqazda real sülh yaradar, bütün kommunikasiyaları açar.

Qeyd: Yazı “Əqli Mülkiyyətçilərə Kömək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi layihə çərçivəsində Yaxın Şərq mətbuatı üçün hazırlanıb.

Misir mətbuatında çıxan yazımız
Mavritaniya mətbuatında çıxan yazımız
Mərakeş mətbuatında çıxan yazımız