Ermənistan iki azərbaycanlı əsgəri əsir saxlayır
30 ildən çoxdur ki, Azərbaycanla hərbi münaqişə aparan qonşu Ermənistan Respublikası əsir götürdüyü iki azərbaycanlı əsgəri qaytarmaq istəmir.
Azərbaycan ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Aqşin Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Axundov 2023-cü ilin aprel ayında sərhəd zonasındakı dumanlı hava şəraiti səbəbindən yolu azaraq qonşu Ermənistan ərazisinə keçiblər. Daha sonra onlar Ermənistan hərbçiləri tərəfindən əsir götürülüblər.
Əsir götürülərkən azərbaycanlı əsgərlərdən birinə - Hüseyn Axundova fiziki zor tətbiq edilib, ona ağır işgəncələr verilib. Azərbaycanlı əsgərə işgəncələrin verilməsi və onunla qəddar rəftar edilməsinə dair foto və video materiallar bilərəkdən Ermənistana məxsus bəzi kütləvi informasiya vasitələri və sosial mediada da yayılıb.
Azərbaycan tərəfi əsir götürülən hərbçinin müxtəlif işgəncələrə və pis rəftara məruz qalmasını beynəlxalq hüququn normalarına zidd hərəkət adlandırıb. Qeyd edilib ki, bu fakt Ermənistanın Azərbaycana qarşı etnik nifrət zəminində düşmənçilik siyasəti apardığını bir daha təsdiq edir.
Azərbaycan tərəfinin dəfələrlə müraciət etməsinə baxmayaraq, Ermənistan hakimiyyəti hərbi qulluqçuları geri qaytarmayıb. Əksinə, Ermənistanda həmin hərbçilərə qondarma məhkəmə qurulub, onlara saxta cinayət işi açılıb. Azərbaycanlı əsgərlər “Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda” ittiham olunublar.
Nəticədə Hüseyn Axundov 20 il, Aqşin Bəbirov isə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Azərbaycanın əsir, itkin və girovlarla bağlı Dövlət Komissiyası əsgər Hüseyn Axundova qarşı ağır işgəncələrin verilməsini 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarının kobud şəkildə pozulması faktı kimi qiymətləndirib. Dövlət Komissiyası qarşı tərəfin insanlığa sığmayan bu cür amansızlığını qətiyyətlə pisləyib və əsir düşmüş şəxslərlə beynəlxalq humanitar hüquq normalarına uyğun davranılmasını tələb edir.
Əsirlərə işgəncələrin verilməsi Azərbaycan Prezidenti İlham Əliyevi də hiddətləndirib. O, hərbçiləri tezliklə qaytarmağı tələb edib.
Prezident deyib ki, İkinci Qarabağ müharibəsi (2020-ci ildə baş vermiş 44 günlük müharibə) başa çatandan sonra Ermənistanla Azərbaycan nümayəndələri belə bir razılığa gəliblər: əgər kimsə yolu azsa, maksimum iki günə o adamlar qaytarılmalıdır.
“Biz buna əməl etmişik. Azərbaycan tərəfinə azıb keçənləri maksimum iki gün saxlayıb, sorğu-suala tutub qaytarmışıq, mülki vətəndaşları da, hərbçiləri də. Amma Ermənistan nə etdi?! Onlar birincisi, yolu azmış hərbçilərimizi vəhşicəsinə döyüblər, qandallayıblar, ləyaqətini alçaldıblar, döyülmə anlarını videoya çəkiblər. Daha sonra həbs ediblər və artıq məhkum ediblər. Bu, harada görünüb?”, - Azərbaycan Prezidenti deyib.
Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko da azərbaycanlı əsirlərlə bağlı davranışı pisləyib: “Mən saxlanılmış azərbaycanlı əsgərə qarşı zorakı münasibətin əks olunduğu videonu gördüm. Doğrudan da acınacaqlıdır. Bütün əsirlərə beynəlxalq humanitar hüquqa uyğun davranılması vacibdir”.
Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili Səbinə Əliyeva Ermənistan tərəfindən əsir götürülmüş və qanunsuz olaraq azadlıqdan məhrum edilmiş hərbi qulluqçuların dərhal azad olunması ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib. O, hərbçilərin tezliklə azad edilməsi üçün təsirli addımların atılmasına çağırıb.
Hərbi əsirlərin anaları isə onların azad olunmasına kömək göstərilməsi üçün Beynəlxalq Qırmızı Xaç Komitəsindən dəstək istəyib.
Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, Ermənistandandan fəqli olaraq Azərbaycan tərəfi erməni girovları, xüsusilə də yolu azaraq sərhədi keçmiş 10-dan artıq hərbçini heç bir qeyd-şərt irəli sürmədən dərhal geri qaytarııb.
İyulun 15-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş olub. Bu görüşdə liderlər ehtiyatsızlıqdan qarşı tərəfə keçən əsgərlərin azad olunması məsələsini müzakirə ediblər.
Azərbaycan tərəfi hesab edir ki, günahsız hərbi qulluqçuların qanunsuz həbsi və işgəncələrə məruz qalması hazırda iki ölkə arasında davam edən sülh danışıqlarını pozmaq məqsədi daşıyır.
Qeyd: Yazı “Əqli Mülkiyyətçilərə Kömək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi layihə çərçivəsində Yaxın Şərq mətbuatı üçün hazırlanıb.
Mərakeş mətbuatında çıxan yazımız
İraq mətbuatında çıxan yazımız