Proje

Azıx mağarası - Dünyadakı ən qədim 4-cü yaşayış məskəni

Azıx mağarası - Dünyadakı ən qədim 4-cü yaşayış məskəni
15May 202413:20

Azərbaycan Respublikasının zəngin tarixə malik olan Qarabağ bölgəsində yüzlərlə arxeoloji abidə mövcuddur. Bunlardan ən məşhuru dünya əhəmiyyətli Azıx mağarasıdır. Alimlərin təxminlərinə görə, bu mağara hələ insan mövcud olmayanda, suxurların su ilə yuyulması nəticəsində yaranıb. Alimlər onu Qədim Daş dövrü abidəsi hesab edirlər.

Azıx mağarası Qarabağın ən mənzərəli və səfalı guşəsində, Xocavənd rayonunun Azıx kəndində, Quruçayın sol sahilində, dəniz səviyyəsindən 900 metr yüksəklikdə yerləşir.

Mağara 1960-cı ildə azərbaycanlı arxeoloq alim Məmmədəli Hüseynov tərəfindən kəşf edilib. 

Azıx mağarasının sahəsi 800 kvadrat km-dir. Mağarada bir-biri ilə dar keçidlərlə birləşən 6 salon var. 

Bu mağara dünyanın ən qədim insan məskənlərindən biri hesab olunur. Belə ki, 1968-ci ildə azərbaycanlı arxeoloq alim Məmmədəli Hüseynovun rəhbərlik etdiyi ekspedisiyanın Azıx mağarasında apardığı tədqiqatlar nəticəsində Neandertal tipə məxsus olan qədim insanın alt çənə sümüyü aşkar edilib. Tapıntı üzərində aparılan tədqiqatlardan sonra məlum olub ki, 18 yaşlı qadına məxsus olan bu çənə sümüyünün ən azı 350-400 min il yaşı var.


Alimlər çənə sümüyünün aid olduğu qədim insanı “Azıxantrop” (“Azıx adamı”) adlandırıblar.

“Azıx adamı”na məxsus sümüyün aşkarlanması Azərbaycanın ibtidai insanların formalaşdığı qədim ərazilərdən biri olduğunu sübut edir. Məhz bu nadir tapıntıya görə Azərbaycan ərazisi “Avropanın ən qədim sakinləri” xəritəsinə daxil edilib. Tapıntı yaşına görə dünyada 4-cü, Avropada isə 2-ci sırada dayanır. Daha əvvəlki dövrə aid olan bu növ arxeoloğı tapıntılar Tanzaniyada, Keniyada və Fransada aşkar edilib.

Azıx mağarasında həmçinin qədim insanlara məxsus müxtəlif alətlər və ocaq izləri də aşkar olunub. Daşdan hazırlanmış bu əmək alətləri Paleolit və Mezolit dövrünə aid edilir.

Mağarada qalınlığı 10-14 m olan 10 mədəni təbəqə olduğu bildirilir. Azıxda daşlaşmış heyvan və balıq sümüklərinin aşkar olunması mağaranın qədim sakinlərinin ovçuluq və balıqçılıqla da məşğul olduğunu göstərir.

Azıx mağarası həm də dünyada ibtidai dini inancların izlərinə rast gəlinən ən qədim abidədir. Burada ilkin dini ayinləri əks etdirən nadir işarələr tapılıb.

Arxeoloqların apardığı tədqiqatlar göstərib ki, Azıx mağarasında və onun ətrafındakı Quruçay dərəsində həyat 2 milyon il əvvəl başlamışdı. Yəni Azərbaycan ərazisində 2 milyon il əvvəl insan məskəni mövcud olub.

Azıx mağarası ibtidai insan cəmiyyətinin yaranması və inkişafı, onun maddi mədəniyyətilə bağlı məsələlərin tədqiqində nadir tarixi-arxeoloji mənbədir.

Azıx mağarası arxeoloji abidə kimi Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınıb. Burada tapılan maddi-mədəniyyət nümunələri kompleks halda Quruçay mədəniyyəti adlanır. 

Təəssüf ki, dünyanın ən qədim insanlarının yaşadığı Azıx mağarasının yerləşdiyi Azərbaycan torpağı 1993-cü ildə Ermənistan Respublikasının işğalına məruz qalıb. Ərazi işğal edildikdən sonra ermənilər Azıx mağarasında qanunsuz arxeoloji tədqiqatlar aparmaq üçün xarici ölkələrdən alimlər dəvət ediblər. Daha sonra burada Azərbaycandan icazəsiz arxeoloji qazıntı işləri aparıblar. Məqsəd mağaranın ermənilərin qədim tarixi ilə bağlı olduğunu göstərmək, Azərbaycan izlərini itirmək olub. Nəticədə mağaraya ciddi ziyan vurulub.

Bu azmış kimi, ermənilər işğal dövründə Azıx mağarasından silah-sursat anbarı kimi də istifadə ediblər.

Nəhayət 27 ildən sonra - 2020-ci ilin payızında Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal olunmuş torpaqları azad etdi.

44 gün davam edən müharibə nəticəsində Azıx mağarası da ermənilərin işğalından və vandalizmindən qurtardı. Beləliklə də uzun illər boyu Azıx mağarasında aparılan qanunsuz tədqiqatlara son qoyuldu.  

İndi qədim sivilizasiyanın beşiyi olan Azıx mağarası Azərbaycan alimlərinin ixtiyarındadır. 

Bakı Dövlət Universitetinin professoru, tarixçi alim İbrahim Zeynalov deyir ki, Azıx mağarası haqqında dünya elmi, arxeologiyası çox az məlumata malikdir. Ona görə də Azıx mağarasında yeni arxeoloji tədqiqatların aparılması çox vacibdir. Çünki yeni tədqiqat və araşdırmalar yeni faktların da ortaya çıxmasına səbəb olacaq.

2023-cü ildə UNESCO-nun Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən Dünya İrs Komitəsinin 45-ci sessiyasında Azərbaycanın Qarabağ bölgəsində yerləşən Azıx mağarası ilə bağlı məsələyə də baxılıb. Nəticədə mağara qədim sivilizasiya məskəni kimi UNESCO-nun İlkin Siyahısına (Tentative List) daxil edilib.

Qeyd: Yazı “Əqli Mülkiyyətçilərə Kömək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə hazırlanıb.

Mərakeş mətbuatında çıxan yazımız
Misir mətbuatında çıxan yazımız
Misir mətbuatında çıxan yazımız
Misir mətbuatında çıxan yazımız
Misir mətbuatında çıxan yazımız
Misir mətbuatında çıxan yazımız
Misir mətbuatında çıxan yazımız