Proje

Qarabağın Bülbülü

Qarabağın Bülbülü
14İyul 202413:13

Onun əsl ad-soyadı Murtuza Məmmmədovdur. Amma xalq arasında Bülbül adı ilə tanınıb, məşhurlaşıb.

Bülbül ləqəbi ona qeyri-adi dərəcədə məlahətli səsinə görə xalq tərəfindən verilib.

Görkəmli opera müğənnisi Murtuza Məmmədov (Bülbül) Azərbaycanın Qarabağ bölgəsində doğulub boya-başa çatmış ən məşhur sənətkarlar sırasına daxildir.

Bülbül 1897-ci ildə Qarabağın tacı sayılan Şuşa şəhərində anadan olub.

Əzəmətli dağların qoynunda yerləşən bu füsunkar şəhər Azərbaycan musiqi mədəniyyətinin əvəzsiz dahilərini yetişdirib. Bülbül də həmin fitri istedad sahibi olanlardan biri idi.

Onun cazibədar quş cəhcəhini xatırladan ecazkar səsini ilk dəfə məhz Şuşada eşidib valeh olanlar balaca Murtuzanı “Bülbül” deyə çağırmışdılar. Bu istedad ona gözəl səsə malik olan atası Məşədi Rzadan keçmişdi. Murtuza artıq 10 yaşından bir çox xalq mahnılarını və muğamları ustalıqla ifa edir, Quran ayələrini səsləndirirdi.

Onun səhnə fəaliyyəti 1916-cı ildən başlayıb. Bülbül artıq gənc ikən kamil və savadlı xanəndə kimi bütün Qafqaz bölgəsində məşhurlaşmışdı. Yeniliyə olan hədsiz maraq və meyil onu heç vaxt bir çərçivədə qalmağa qoymayıb. Bülbülün zəngin yaradıcılıq yolundan aydın olur ki, əldə olunmuş nailiyyətlərlə kifayətlənmək ona qətiyyən xas deyildi. O, heç bir işin ağırlığından qorxmayıb, geri çəkilməyib.

Bülbülün opera müğənnisi kimi fəaliyyəti 1920-ci ilin sonunda Bakıya, Azərbaycan Dövlət Opera Teatrına dəvət olunması ilə daha da genişlənib.

Bülbül 23 yaşında Azərbaycan Dövlət Konservatoriyasının tələbəsi olub. Onun ən böyük arzusu opera sənətinin beşiyi İtaliyaya getmək idi. Nəhayət, 1927-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirən Bülbül təhsilini davam etdirmək üçün 4 il müddətinə İtaliyanın Milan şəhərinə göndərilib. 

O, Milanda nüfuzlu pedaqoqlar – Cüzeppe Anselmi, Delli Ponti və Rafaello Qranidən dərs alıb. Burada o, böyük səhnədəki qüdrətli opera ifaçılarına canlı surətdə qulaq asıb, onların ustad dərslərində, məşqlərində iştirak edib.

Bülbül İtaliyada musiqi təhsili alanda hamı onun səsinə heyran qalmışdı. O, Avropanın müxtəlif səsyazma, habelə konsert fəaliyyəti ilə məşğul olan şirkətlərindən çoxlu təkliflər alsa da, böyük arzularını gerçəkləşdirmək üçün Vətənə qayıtmağı üstün tutdu.

1931-ci ildə Milan Konservatoriyasını bitirən Bülbül Azərbaycana qayıdaraq Dövlət Konservatoriyasında dərs deməyə başlayıb. Avropada mükəmməl vokal təhsili alıb gəlmiş Bülbül həm də konsertlər verir, opera tamaşalarında çıxış edirdi.

Bülbülün yaradıcılığında Azərbaycan xalq dastanı əsasında yazılmış “Şahsənəm” operası xüsusi yer tutur. O, bu operada baş qəhrəman Qərib rolunda çıxış edib.

Bülbül “Koroğlu” operasının, “Sənsiz” və “Sevgili canan” qəzəl-romanslarının ən mükəmməl, bənzərsiz ifaçısı sayılır. O, dahi bəstəkar Üzeyir Hacıbəylinin “Əsli və Kərəm” operasında Kərəm rolunun mahir ifaçısıdır.

Azərbaycan musiqisində opera və vokal janrlarının inkişafında Bülbül fenomeninin rolu danılmazdır.

Çoxşaxəli fəaliyyəti ilə Azərbaycanın musiqi mədəniyyəti tarixində silinməz izlər qoyan Bülbül sonralar Azərbaycan Dövlət Konservatoriyasının professoru olub. O, Azərbaycan milli ifa sənətini rus və Avropa oxu tərzi ilə birləşdirərək yeni vokal məktəbi yaradıb. Bu məktəb nəinki Azərbaycanda, keçmiş SSRİ məkanında, həmçinin Yaxın və Orta Şərq ölkələrində də vokal sənətinə mühüm təsir göstərib.

Bülbül həm də peşəkar musiqi folkloru tədqiqatçısı idi. Onun Konservatoriyada yaratdığı Elmi-tədqiqat musiqi kabineti Azərbaycan xalq musiqisinin toplanması, nota salınması, nəşri və təbliğındə müstəsna işlər görüb.

Dahi sənətkar bir çox mükafatlara, o cümlədən İtaliyanın "Haribaldi" ordeninə layiq görülüb.

Bülbülün mənalı ömür yolu hər zaman böyük əhəmiyyətə malik hadisələrlə zəngin olub. Onun Azərbaycan Ali Sovetinin deputatı kimi fəaliyyəti də həyat və yaradıcılığının mühüm hissəsini təşkil edir.

Lakin şübhəsiz ki, Bülbül xalqın yaddaşında, qəlbində ilk növbədə dahi müğənni kimi yaşayacaq. Qətiyyətlə demək olar ki, hər gələn yeni nəsil bu nadir səsin cazibəsindən, qüdrətindən yaşayıb-yaratmaq üçün böyük mənəvi güc alacaq.

Bülbül 1961-ci ildı Bakı şəhərində vəfat edib, Fəxri Xiyabanda dəfn edilib.

İndi bu nəhəng istedad sahibinin irsi, bənzərsiz ifa tərzi səs yazılarından, nadir kino lentlərindən, elmi araşdırmalardan, xatirələrdən öyrənilir.

Milli musiqi təfəkküründə, səs yaddaşında əbədi iz qoymuş Bülbül təkrarolunmaz bir xanəndə kimi Azərbaycan musiqi tarixində öz layiqli yerini dünya durduqca qoruyub saxlayacaqdır.

Müğənninin doğulduğu Şuşa şəhərində onun tuncdan hazırlanmış büstü qoyulub. Bakıda Bülbülün xatirə ev-muzeyi fəaliyyət göstərir. 

Qeyd: Yazı “Əqli Mülkiyyətçilərə Kömək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə hazırlanıb.

Mərakeş mətbuatında çıxan yazımız
Misir mətbuatında çıxan yazımız
Misir mətbuatında çıxan yazımız
Misir mətbuatında çıxan yazımız