Proje

Ermənistan Azərbaycana qarşı təxribat aparır

Ermənistan Azərbaycana qarşı təxribat aparır
5Avqust 202323:55

Ermənistan son günlər qonşu Azərbaycana qarşı yeni təxribatlara əl atmaqla regionda vəziyyəti gərginləşdirməyə çalışır. Rəsmi İrəvan bu məqsədlə Azərbaycanın Qarabağ bölgəsində məskunlaşan erməni separatçılarından da istifadə edir. Qarabağın dağlıq hissəsi hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altındadır.

İki ölkə arasında 2020-ci ildə baş vermiş 44 günlük maharibə bitəndən sonra Azərbaycan sülh təşəbbüsü ilə çıxış edən tərəf olub. Rəsmi Bakı dövlətlərin suveren bərabərliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə uyğun şəkildə Ermənistanla münasibətləri normallaşdırmaq istəyir.

Azərbaycan artıq 3 ildir ki, Ermənistanla sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və regional kommunikasiyaların açılması istiqamətində danışıqlar aparır.
Lakin beynəlxalq vasitəçilərin iştirakı ilə aparılan danışıqlar mütəmadi olaraq rəsmi İrəvan tərəfindən pozulur. Ermənistan Azərbaycanın erməni əsilli sakinləri yaşayan bölgəsində - Qarabağda təxribatlar törədir.

Azərbaycan Respublikası Ermənistanın təxribatlarının qarşısını almaq məqsədilə sərhəddə Laçın postunu yaradandan sonra qonşu dövlət daha da aqressivləşib. Ermənistan xeyli vaxtdır beynəlxalaq ictimaiyyəti Qarabağda – erməni əsilli Azərbaycan vətəndaşlarının yaşadığı ərazidə “gərgin humanitar vəziyyət”in yarandığına inandırmaq istəyir.

Rəsmi İrəvan bir neçə gündür ki, Azərbaycanla sərhəddə “humanitar yük” adı altında 19 maşından ibarət karvan gətirib. Ermənstan bu karvanı Azərbaycan ərazisinə - Qarabağa sürmək istəyir. Bakı ilə razılaşdırılmayan bu addım Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qəsd, Laçın sərhəd-keçid məntəqəsinə qarşı növbəti təxribatdır.

Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, Ermənistan tərəfinin sülh danışıqlarının getdiyi hazırkı vəziyyətdə belə bir addım atması bu ölkənin təcavüzkar siyasətdən əl çəkmədiyini bir daha təsdiqləyir. 

Bu təxribat göstərir ki, Ermənistanın “bölgədə gərgin humanitar vəziyyət” iddiaları manipulyasiya və qeyri-qanuni fəaliyyətləri davam etdirməkdir.

Rəsmi İrəvan öz təxribatların Avropa İttifaqının Ermənistandakı missiyasını və bəzi diplomatik korpusları da alət edib.

Ermənistan israrla tələb edir ki, Azərbaycan Laçın yolunu açmalı və oradan Qarabağa yüklər daşınmalıdır. Azərbaycan tərəfi isə bəyan edib ki, Qarabağdakı erməni sakinlərə Laçın yolundan tibbi məqsədlər üçün istifadəyə şərait yaradıb. Bununla yanaşı, Qarabağdakı ermənilərin digər ehtiyacları və yüklərin daşınması üçün Ağdam-Xankəndi yolundan istifadə təklif edilib. Amma Ermənistan və Qarabağdakı separatçılar Ağdam-Xankəndi yolundan istifadə ilə razılaşmaq istəmirlər.

Qeyd etmək lazımdır ki, Laçın yolu Azərbaycanın suveren ərazisinin tərkib hissəsidir və onun girişində sərhəd-keçid məntəqəsinin qurulması beynəlxalq normalara tam uyğundur.
Ermənistan özünün avtomobil karvanını Azərbaycanın Laçın sərhəd-keçid məntəqəsinin önündə  cəmləməklə dünyaya göstərmək istəyir ki, guya Azərbaycan Respublikası “humanitar yüklər”i Qarabağa buraxmaq istəmir. Ermənistan rəhbərliyi düşünür ki, yüklər günlərlə sərhəddə ilişib qalsa, böyük dövlətlərin, beynəlxalq təşkilatların Azərbaycana təzyiqi artacaq. Əslində məqsəd Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə təcavüz etmək, heç bir sərhəd və gömrük nəzarəti olmadan Qarabağdakı separatçılara silah-sursat çıtdırmaqdır. Bundan başqa, rəsmi İrəvan Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasının qarşısını almaq niyyəti də güdür.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev özünün Tvitter hesabında bildirib ki, Brüsseldə razılaşdırıldığı kimi, Ağdam-Xankəndi yolu bütün növ yüklərin daşınması üçün tam hazırdır. Amma Qarabağdakı yerli sakinləri girov kimi istismar edən separatçıların Ağdam-Xankəndi yolunu bağlaması Azərbaycana qarşı növbəti şantajdır.

Hikmət Hacıyev deyib ki, Ermənistan Azərbaycana qarşı ərazi iddialarına son qoymalı, silahlı qüvvələrini Azərbaycanın Qarabağ bölgəsindən çıxarmalı və orada yaradılan qanunsuz marionet rejimini maliyyələşdirməyi dayandırmalıdır.  

“Başqa yol yoxdur! Oyun bitdi!", - H.Hacıyev deyib.

Qeyd: Yazı “Əqli Mülkiyyətçilərə Kömək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi layihə çərçivəsində Yaxın Şərq mətbuatı üçün hazırlanıb.

Mərakeş mətbuatında çıxan yazımız
İraq mətbuatında çıxan yazımız
Misir mətbuatında çıxan yazımız